Pərdə tünd olarsa sürücünün cəzası nə olacaq? AÇIQLAMA

Yazarlar 5 May 2014 11:13 Oxunub 9464
Pərdə tünd olarsa sürücünün cəzası nə olacaq? AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bitməyən pərdə söhbətinə bir neçə əlavə

Son gönlər avtomobillərdə pərdə-plyonka söhbəti həm mediada, həm də sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdır. Müzakirələrdən aydın olur ki, bu məsələdə xeyli anlaşılmazlıqlar var. Ona görə də həmin məsələyə münasibətimi bildirmək istədim. Öncə onu vurğulamaq istəyirəm ki, bu pərdə-plyonka söhbəti çox lazımsız söhbətdir və ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı problemlərin cərgəsində heç iyirminci yerə də layiq deyil. Amma təəssüf ki, bu, zaman-zaman ən geniş müzakirə mövzusuna çevrilir. Əvvəlcə qanunvericiliyin mövqeyinə baxaq. Bəri başdan deyim ki, bu mövqe bərbad vəziyyətdədir. Bərbadlığın ən üzdə olanı odur ki, «Yol hərəkəti haqqında» Qanuna 1 saylı Əlavənin VII bölməsinin 3-cü bəndinin hazırda qüvvədə olan mənası minik avtomobillərinin arxa yan şüşələrində istənilən pərdə və plyonkanın istənilən vaxt tətbiqi və istifadəsini birmənalı olaraq qadağan edir. Amma xatırlayırsınızsa, təxminən 1 il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyi rəsmən bəyan etdi ki, biz ölkə rəhbərliyi ilə razılaşdıraraq AZS 122-2004 standartına düzəliş etdik və belə qərara aldıq ki, yay mövsümü ilə bağlı 1 may tarixindən 15 noyabr tarixinədək minik avtomobillərinin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlərin tətbiqinə icazə verilsin. Paradoks da bax elə budur: Qanun tamam başqa bir şey təsbit edir, qanunvericiliyin iyerarxik sistemində 5-6 pillə sonra gələn normativ akt isə bunun tam əksini deyir. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 148-ci və 149-cu maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır. Bu məsələni normal həll etmək üçün əvvəlcə «Yol hərəkəti haqqında» Qanunun istinad etdiyimiz müddəası dəyişdirilməli idi. 

Başqa bir məqam. Adını çəkdiyimiz Komitənin təsdiq etdiyi dəyişikliyin hər hansı mənbədə kütləvi dərc olunduğu şəxsən mənə məlum deyil (belə bir mənbə barədə məlumatı olan varsa, zəhmət olmasa, bizi də məlumatlandırsın). Bu, həm Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VIII hissəsinin, həm də «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun xeyli normasının kobud surətdə pozulması deməkdir. Hətta Konstitusiyanın istinad etdiyim hissəsinin tələbinə əsasən, dərc edilməmiş normativ aktın tətbiqindən söhbət gedə bilməz. Yeri gəlmişkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətində bu problemin mütəmadi xarakter aldığını xüsusi qeyd etmək istəyirəm. Komitə müxtəlif məsələlərə dair təsdiqlədiyi standartları dərc etmir. Hətta fərdi qaydada onları əldə etmək üçün müraciət edənlərə bu standartları kifayət qədər sanballı məbləğ (xidmət haqqı adı ilə) qarşılığında təklif edirlər. Bu da Konstitusiyanın və istinad etdiyim Konstitusiya Qanununun kobud şəkildə pozulmasıdır. 

Pərdə-plyonka söhbətindəki anlaşılmazlıqların əsas səbəbi elə bizim milli standartdır. Məlumat üçün bildirim ki, dünyanın əksər ölkələrində həm bu məsələ, həm də avtomobillər və yol hərəkətinə aid digər məsələlər barədə beynəlxalq standartlar var. Bu beynəlxalq standartları dünyanın ən yaxşı mütəxəssislərinin iştirakı ilə BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) işləyib hazırlamışdır. Dünya dövlətləri isə sadəcə öz qanunvericiliyi ilə bu standartlara milli (ölkədaxili) status vermişdir. Belə standartlardan biri BMT AİK-in 43 saylı qaydalarıdır. 43 saylı qaydalar avtomobillərin yalnız ∏  görünüş sahəsinə aid şüşələrinin, yəni alın şüşəsinin və sürücünün sağındakı və solundakı yan şüşələrin (minik avtomobilinin qabaq qapılarının şüşələrinin) şəffaflığının minimal həddini müəyyən edir. 43 saylı qaydalarda sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan heç bir şüşənin şəffaflığı normalaşdırılmır (bir şərtlə ki, arxanı göstərən yan güzgülər olsun; yan güzgülərin olmamasının özü avtomobilin istismarını yolverilməz edir). Qaydaların müəlliflərinin məntiqi də çox sadə və aydındır: axı, məsələn, yük avtomobilində sürücünün kürəyindən arxada şüşələr ümumiyyətlə yoxdur. Dünyanın əksər dövlətləri (o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan və s.) bu qaydaları tətbiq etdiyindən həmin ölkələrdə minik avtomobillərinin arxa yan şüşələrinə pərdə və ya plyonka çəkilməsi, başqa üsullarla bu şüşələrin hətta 100% tündləşdirilməsi heç bir problem deyil. Şəxsən mən hesab edirəm ki, biz də BMT AİK-in 43 saylı qaydalarını tətbiq edərək plyonka-pərdə söhbətinə son nöqtəni qoymalı, pərdə-plyonka həvəskarlarını birdəfəlik xoşbəxt etməliyik. 

 

Amma hələ ki, belə deyil. Bizim AZS 122-2004 standartının 3.2.4-cü bəndi alın şüşə üçün minimum 75%, sürücünün sağında və solundakı yan şüşələr üçün minimum 70%, arxa yan şüşələr üçün isə minimum 60% işıqburaxma dərəcəsi müəyyən edir. Bu zaman istənilən üsulla, o cümlədən rəngli şüşələrin tətbiqi ilə həmin şəffaflıq dərəcəsindən aşağı olmaqla şüşələrin tündləşdirilməsi qəti qadağandır. Hətta bir detalı xüsusi vurğulamaq istəyirəm. Hazırkı texnologiyalar sürücünün istəyi ilə avtomatik tündləşdirilən şüşələrin, yaxud xameleon şüşələrin istehsalına imkan verir. Qanunvericiliyimiz bu tipli şüşələrin tətbiqini qadağan etmir, yalnız şəffaflıq dərəcəsindən asılı olmayaraq güzgü-şüşələrin tətbiqini qadağan edir. Amma avtomatik tündləşdirilən, yaxud xameleon şüşələrin şəffaflığı onların ən tünd olduğu halda ölçülərək standarta uyğun olub-olmadığı yoxlanılacaq. 

Beləliklə, AZS 122-2004  standartına edilmiş və rəsmi mətnini dərc edilməmiş dəyişiklik 1 may-15 noyabr aralığında arxa yan şüşələrdə yalnız sənaye üsulu ilə hazırlanan jalüzlərin tətbiqinə icazə verir. Yuxarıda qeyd etdiyim qanunvericilik problemlərinə baxmayaraq bu müddəa bu gün qüvvədədir. 

Bəs jalüz, özü də sənaye üsulu ilə hazırlanmış jalüz nə deməkdir? 

Rəsmi mətnini dərc edilməsə də, hesab edək AZS 122-2004  standartında məhz belə də yazılmışdır: «sənaye üsulu ilə hazırlanmış jalüz». Hamıya məlumdur ki, hüquq normalarında müəyyənlik və aydınlıq olmalı, normalar imkan daxilində lakonik olmalıdır. Normalar tətbiq edilərkən bütövlükdə normaya və ya onun ayrı-ayrı müddəalarına təfsir verilməlidir. Təfsir zamanı ümumi məntiqin qanunauyğunluqlarından, hüququn prinsip və ideyalarından, formalaşmış təcrübədən, elmi mühazirələrdən və s. istifadə olunmalıdır. Belə yanaşaraq göstərdiyimiz ifadəni təfsir etsək, aydın olur ki, jalüz pərdənin bir növüdür. Hətta pərdənin digər növlərindən jalüzün nə ilə fərqləndiyini müəyyən etmək elə də asan deyil. Digər tərəfdən söhbət avtomobilin arxa yan şüşələrinə hansısa örtüyün çəkilməsi yolu ilə onun salonunu günəş şüalarından qorumaqdan gedir. Belə olan halda qanunvericilikdə həmin örtük qismində yalnız «jalüz» ifadəsinin işlədilməsi uğursuz sayılmalıdır və bu ifadə sözün bir qədər geniş mənasında «pərdə» ifadəsinin tam sinonimi kimi təfsir edilməlidir. Qısası, söhbət avtomobilin pəncərəsinə asılaraq (bərkidilərək, taxılaraq, qoyularaq, çəkilərək, vurularaq) günəş şüasının qarşısını kəsən və sezon bitdikdən sonra yığışdırıla (açıla, sökülə, çıxarıla, görünməz edilə) bilən örtükdən gedir. Bu örtüyün «jalüz», «pərdə», «gərdək», «tül» və başqa bu kimi ifadələrlə adlandırılmasının heç bir fərqi yoxdur. Bu örtüyün hamar səthli, qırışlı, tam tünd və ya yarımşəffaf (torlu, deşikli) olması da önəmli deyil.

Təfsir edilməli ikinci ifadə isə «sənaye üsulu ilə hazırlanmış» ifadəsidir. Bu ifadəni onun antoniminin köməyi ilə təfsir etmək lazımdır. Yəni sənaye üsulu ilə hazırlanmamış, başqa sözlə, məxsusi olaraq avtomobilin pəncərəsində istifadə olunmaq təyinatına malik olmayan kustar üsulla hazırlanmış örtükdən (məsələn, kiminsə öz köynəyinin bir parçasını cıraraq pəncərədən asması) istifadə oluna bilməz. 

Beləliklə, bu ifadələri birgə təfsir etdikdə aydın olur ki, ölkəmizdə 1 may-15 noyabr aralığında məxsusi olaraq avtomobillərin pəncərəsində tətbiq olunmaq üçün sənaye üsulu ilə hazırlanan müxtəlif növ pərdələrdən və jalüzlərdən minik avtomobillərinin arxa yan pəncərələrində istifadə olunması tamamilə qanunidir. Bu zaman pərdə və ya jalüzün hansı materialdan olmasının, nə dərəcədə tünd olmasının, pəncərəyə hansı üsulla qoyulmasının, hansı növ mexanizm vasitəsilə açılıb-bağlanmasının, səthinin qırışlı və ya hamar olmasının heç bir əhəmiyyəti yoxdur. Amma bu pəncərələrin şüşələrinin plyonka vasitəsilə 60%-dən az işıqburaxma dərəcəsinədək tündləşdirilməsi qəti qadağandır.  

Bununla belə, pərdə-plyonka həvəskarlarının diqqətinə bir məqamı da çatdırmaq istəyirəm.  Tədqiqatlar göstərir ki,  sürücü üçün görünməni təmin edən hər hansı şüşənin istənilən üsulla və istənilən dərəcədə tündləşdirilməsi son dərəcə təhlükəlidir. Nəzərə alın ki, bəzən elə yol şəraitinə rast gəlinir ki, hətta 100% şəffaf şüşələr olsa da, sürücü ətrafı görməkdə çətinlik çəkir (məsələn, kəskin kontrastlı işıqlanma şəraitində: parlaq günəş altından qaranlıq tunelə daxil olduqda, açıq sahədən sıx meşəlik sahəyə daxil olduqda və s.). Belə vəziyyətlərdən heç kəs sığortalanmayıb və heç kəs onu hansı təhlükənin harada gözlədiyini qabaqcadan bilmək qabiliyyətinə malik deyilr. İkincisi, insanın görmə funksiyası üçün belə bir qanunauyğunluq xarakterikdir: hər hansı bir obyekt (o cümlədən yolda real təhlükə doğura bilən istənilən maneə) nə qədər yaxşı görünərsə, onun müxtəlif parametrləri (xüsusən ona qədər məsafə, onun ölçüləri) insanın beynində daha aydın əks olunur. Obyektin görünməsi pisləşdikcə insan beyni avtomatik olaraq ona qədər məsafəni reallıqda olduğundan daha böyük təsəvvür edir («Yaxşı görünürsə, yaxındadır; pis görünürsə, uzaqdadır» prinsipi). Müxtəlif maneələrin düzgün qavranılmaması ilə bağlı belə effekt sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində daha təhlükəli xarakter alır. Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsi təkcə gündüz vaxtı, yaxşı işıqlanmış hava şəraitində istifadə edilmir. Deməli, nəqliyyat vasitəsində sürücünün görməsini təmin edən şüşələrin istənilən üsulla və istənilən dərəcədə tündləşdirilməsi özünü şüurlu olaraq təhlükəli vəziyyətə salmaqdan başqa bir şey deyil.

Yeri gəlmişkən, tünd şüşəli günəş eynəkləri ilə də çox diqqətli olmaq lazımdır. Gecə vaxtı, hətta toranlıqda və tutqun havada belə eynəkləri mütləq çıxarmaq lazımdır. Həmin şəraitlərdə tünd eynəklə avtomobil sürmək intihara cəhd kimi bir şeydir. 

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Royal 10 Noyabr 2014 22:55
taxin qarmoska gorum nece taxirsiz 150azndir cermiseni kustar usuldu o