Yol polisi avtobuslardan niyə qorxur? - RƏSMİ CAVAB

Yazarlar 15 Dekabr 2014 14:22 Oxunub 1742
Yol polisi avtobuslardan niyə qorxur? - RƏSMİ CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Avtobus sürücüləri arasında yol polisinin qohumu, tanışı, qardaşı var, amma qanun hər kəs üçün qanundur»

Azərbaycanda yol polisindən razı qalan az adam tapılar. Bu fikrin formalaşması isə öz-özünə baş verməyib. Halbuki, yol polisləri olmasa küçələrdə hərəkət etmək mümkünsüz olar. Amma biz diqqəti başqa bir məqama yönəldəcəyik. Hər gün ictimai nəqliyyatdan istifadə edənlər avtobus sürücülərinin özbaşınalığının şahidi olurlar. Bu haqda nə qədər yazılsa, nə qədər şikayətlər edilsə də, nəticə yoxdur. Biz hər gün kobud sürücülərin idarə etdiyi avtobuslara minmək məcburiyyətində qalırıq. Qırmızı işıqda keçən kim, əks hərəkət zolağına çıxan kim... Maraqlısı isə onların yol polisi tərəfindən saxlanmamağı, çox vaxt bu özbaşınalıqları elə yol polislərinin gözü önündə etmələridir. Görəsən buna səbəb nədir? Yol Polisləri doğrudanmı avtobuslardan qorxurlar? 

“Hər kəs düşünür ki, avtobus sürücüləri yol polisinin qohumu, tanışıdır deyə onlara göz yumulur. Avtobus sürücüləri bizim qohumlarımızdır, dostlarımızdır, yoxsa onlarla bizim qarşılıqlı müqaviləmizmi var?! Axı nəyə əsasən cəmiyyətdə belə bir fikir formalaşıb, onu başa düşə bilmirəm. Hamı bilsin ki, avtobus sürücüləri arasında yol polisinin qohumu, tanışı, qardaşı var, amma qanun hər kəs üçün qanundur. Yol polisi də insandır, bu ölkənin vətəndaşıdır, bizlərdən biridir, onlar başqa planetlərdən gəlməyib. Yol polisinin təhlükəsizliyin təmin edilməsində müstəsna xidmətləri var”. 

Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

 O, “yol polisi avtobus sürücülərinin yol-hərəkəti qaydalarını pozmasına göz yumur” fikrinə kəskin etirazını bildirərək deyib ki, yol polisinin qayda pozan avtobus sürücülərini saxlamamasının obyektiv və subyektiv səbəbləri var: “Ötən həftə sürücülərlə bağlı 2800-dən artıq inzibati protokol tərtib edilib. Gün ərzində Bakı şəhəri ərazisində quraşdırılmış kameralar vasitəsilə avtobus sürücülərinin məsuliyyətə cəlb edilməsi üçün fotomateriallar hazırlanır. Məlumat xidmətinin hazırladığı fotomateraial üzrə 55-60 avtobus sürücüsünün də kobud şəkildə yol-hərəkəti qaydasını pozması qeydə alınır. Sürücü qayda pozub keçirsə, bu o demək deyil ki, sonradan ona qarşı hər hansı tədbir görülmür”.

Şöbə rəisi 2014-cü il başlayandan bu günə qədər avtobus sürücülərinə qarşı tərtib edilən inzibati protokolla əlaqədar 20 və daha artıq cərimə balı topladığı üçün 18 nəfər avtobus sürücüsünün sürücülük hüququndan məhrum edildiyini də xüsusi vurğulayıb: “Eyni zamanda bu il ərzində, vətəndaşlar tərəfindən verilmiş şikayət ərizəsi əsasında hərəkət boyu qaydaları pozan 9 sürücü də aşkar edilib və onlara qarşı inzibati qaydada cərimə tətbiq olunub. Bildiyiniz kimi, bəzi avtomobillərdə kameralar var. Bunun nəticəsində 4 sürücü bizə idarə etdiyi avtomobillə çəkilən, avtobus sürücüsünün əks istiqamətdə yol zolağına çıxması barədə videomaterial göndərib. Həmin materialda sürücü, idarə etdiyi avtobusun nömrəsi və hansı marşrutda işləməsi də açıq-aşkar görünür. Həmin sürücülərə qarşı da inzibati protokol tətbiq edilib. Bu isə o deməkdir ki, sərnişindaşıma ilə məşğul olan sürücülərə göz yumula bilməz. Sadəcə cəmiyyətdə səhv fikir formalaşıb: “yol polisi kimisə saxlamırsa, deməli qohumudur”.

Sadaladığımız  göstəricilər onu deməyə əsas verir ki, istənilən vaxt yol polisi sərnişindaşımada nizam-intizam yaradılması ilə əlaqədar bu tədbirləri görüb və görəcək.

Sadəcə bir daha bütün sürücüləri nizam-intizama dəvət edirəm. Qeyd edirəm ki, “Yol hərəkəti haqqında” qanunun tələblərinin yerinə yetirilməsi ilk növbədə hər bir hərəkət iştirakçısının özünün təhlükəsizliyi, eyni zamanda yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəldilməsidir”.

Vaqif Əsədovun dediklərinin doğru olduğuna şübhə etmirik. Ancaq hər gün Bakı şəhərində avtobus sürücülərinin elə yol polislərinin qarşısında çıxardıqları oyunun da şahidi elə bizlərik. Əcəba, bu avtobuslardan yol polisləri niyə qorxurlar. Və polis onlardan qorxursa, vay sərnişinlərin, minik avtomobilləri sürənlərin halına...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Tale Salim 10 Noyabr 2014 22:55
Hörmətli admin məncə siz bu sualın cavabını bizdən daha yaxşı bilirsiz. Amma yene de yazmağı özümə borc bildim. Marşrut sahiblərinin gerçek kimliklərini araşdırsanız bu sualınıza cavab tapa bilərsiz. Hörmətlə, T.S.