Maşını maneədən qaçırmazdan əvvəl tormoz verin – İki dəhşətli qəzanın səbəbləri

Yazarlar 11 Noyabr 2017 13:52 Oxunub 2956
Maşını maneədən qaçırmazdan əvvəl tormoz verin – İki dəhşətli qəzanın səbəbləri
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürəti nə qədər azaltsanız, nəticəni o qədər yüngülləşdirmiş olacaqsınız

Son günlərdə baş verən və hər birində 2 nəfərin öldüyü 2 yol-nəqliyyat hadisəsinin səbəbləri təxminən eynidir və təəssüf ki, sürücülərimizin buraxdığı tipik səhvlərdəndir.

Bir hadisə dünən Buzovnada polisin xidməti avtomobili ilə törədilib, 2 əməkdaş dünyasını dəyişib, 1 nəfər ağır yaralıdır. Digər hadisə Gəncədə baş verib və avtomobildəki 2 gənc dünyasını dəyişib.

Hər iki hadisə cəmi 1 avtomobilin iştirakı ilə, özü də eyni mexanizmlə baş verib - avtomobillər yol kənarındakı maneəyə (Buzovnada divara, Gəncədə isə balaca hasara, daha sonra iri gövdəli ağaclara) çırpılıb. İlkin məlumatlarda deyilir ki, Buzovnadakı hadisə yola piyada çıxmasını görən sürücünün, Gəncədəki hadisə isə yola it çıxdığını görən sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Hadisələrin hər ikisində sürücülərimizin mütləq əksəriyyətinin yol verdiyi elementar bir səhv görünür. Sürücü maneəni görüb, ilk olaraq tormoz vermir, manevr etməyə çalışır. Bu zaman yüksək sürət və ona mütənasib mərkəzdənqaçma qüvvəsi avtomobilin yoldan çıxmasını qaçılmaz edir. Yoldan çıxan idarəolunmaz avtomobil isə yol kənarındakı maneəyə dəyir və belə ağır nəticələr olur.

Hörmətli sürüclər, yol hərəkəti qaydaları yolda maneə olduqda sizdən bir şeyi mütləq tələb edir: dərhal sürəti azaldın (tormoz verin), lazımdırsa, tam dayanın. Görürsünüzmü, qaydalar "avtomobili qaçırın", "maneənin yanından keçin" demir, çünki bu manevrlər şəraitə uyğun olaraq fərdi qiymətləndirmədən sonra tətbiq oluna bilər, özü də buna imkan varsa, bacarırsınızsa. Bu manevrlər sürücüdən daha böyük diqqət, daha yüksək peşəkarlıq tələb edir. Onları hər adam təhlükəsiz edə bilmir. Bunun üçün xüsusi təhlükəsiz sürmə təlimi keçmək lazımdır. Sürəti, həmin sürətdə idarə etdiyiniz avtomobilə təsir edən mərkəzdənqaçama qüvvəsini qiymətləndirmə bacarığı lazımdır. Hər bir halda, hətta yandan keçmə manevri mümkün olsa da, bunu da tormozlama ilə etmək lazımdır. Müasir avtomobillərdə olan "ABS" tormoz sistemi tormoz pedalını sona qədər sıxmaqla da manevr etməyə imkan verir. Sadəcə bunu məşq etmək, öyrənmək, bacarmaq lazımdır.

Gəncədəki hadisənin videosundan aydın görünür ki, mərhum sürücü heç tormoz vermir, sadəcə iti vurmamaq üçün manevr etməyə çalışır, amma təəssüf ki, alınmır...

Buzovnadakı hadisənin detalları məlum olmasa da, yəqin ki, orada da avtomobilin sükanı ilə manevr edilib.

Nəzərə alın ki, sükan daim əldədir və beyindən ələ verilən "sükanı firlat" siqnalı daha tez icra olunur, nəinki beyindən ayağa verilən "tormozu bas" siqnalı (bu halda ayaq qaz pedalından tormoz pedalına keçirilənədək olan müddət və tormoz mexanizminin tam işə düşmə müddəti itirilir). Ona görə də ilk olaraq tormoz verin, sürəti nə qədər azaltsanız, nəticəni o qədər yüngülləşdirmiş olacaqsınız.

Hər iki hadisəni tipik edən həm də odur ki, avtomobillər yandan da maneəyə dəyiblər. Yandan güclü zərbə isə daha ölümcül olur, çünki yanlar avtomobilin ən zəif yerləridir.

Daha bir tipik məqam sürətlə bağlıdır. Yəqin detallar istintaq nəticəsində aydınlaşdırılacaq, amma ilkin məlumatlardan da görünür ki, sürət şəraitə, xüsusən də günün qaranlıq (Gəncədə) və toranlıq (Buzovnada) vaxtına uyğun olmayıb. Sonuncu hadisə həm də yağışlı havada baş verib və yəqin ki, bu da öz təsirini göstərib.

Hər bir halda çox diqqətli olun, peşəkarlığınızı artırın. Yadda saxlayın ki, sadəcə "qaz pedalını basa bilirəm, sükanı da fırladıram" deyib, özünü peşəkar sürücü saymaq ölümlə zarafatdır.

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh