Şad xəbər; sürücülər 700 manatlıq cərimədən yaxa qurtardılar

Yeniliklər 18 Dekabr 2014 09:36 Oxunub 5928
Şad xəbər; sürücülər 700 manatlıq cərimədən yaxa qurtardılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanuna edilən son dəyişiklikdən sonra yalnız yükdaşıma qaydalarının pozulmasına görə 40 manat cərimə tətbiq olunacaq

Milli Məclisin bugünkü iclasında «Yol hərəkəti haqqında» qanuna edilən dəyişikliklərdən biri ağırçəkili və iriqabaritli nəqliyyat vasitəsinin anlayışı ilə bağlıdır. Avtosfer.az-ın məlumatına görə, bu terminlərə normativ anlayış verilməsi təcrübədə yaranan bir sıra problemləri aradan qaldırmağa yönəlib. Bu tipli problemlərdən ən ciddisi İnzibati Xətalar Məcəlləsinin 163-1-ci maddəsinin tətbiqi ilə bağlıdır. Məlumdur ki, həmin maddə Məcəlləyə 13 dekabr 2011-ci ildə əlavə edilib. Onu əlavə etməkdə məqsəd yolları dağıdan ağır yük avtomobillərinə qarşı mübarizə idi. Lakin 163-1-ci maddə adında və mətnində dəqiq göstərildiyi kimi yalnız iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin sürücüləri, sahibləri və onlardan istifadə edərək yük daşıyan təşkilatlar barəsində tətbiq edilə bilərdi. Özü də bu maddənin sanksiyası kifayət qədər sərtdir. Sürücü üçün ilk dəfə 600-700 manat, il ərzində təkrar törədildikdə isə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılmaqla 1000 manatdan 1200 manatadək miqdarda cərimə nəzərdə tutulur. Hüquqi şəxslər bu xətanı törətdikdə isə onları 4000-6000 manat cərimə gözləyir.

«Yol hərəkəti haqqında» qanunda ağırçəkili və iriqabaritli nəqliyyat vasitəsinin anlayışının olmaması İXM-in 163-1-ci maddəsinin təcrübədə tətbiqini xeyli çətinləşdirirdi. Lakin bugünkü dəyişikliklə həmin terminlərə verilmiş anlayış bu maddənin tətbiq edilə biləcəyi nəqliyyat vasitələrinin dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Bundan sonra İXM-in 163-1-ci maddəsi yalnız o yük avtomobilləri barəsində tətbiq edilə biləcək ki, onların çəki və qabarit parametrləri ümumi istifadədə olan yollar üçün nəzərdə tutulduğundan böyük olsun. Belə avtomobillər isə çox azdır və onların yollarda hərəkətinə xüsusi icazə əsasında yol verilir. Ümumiyyətlə, nəqliyyat vasitələrinin ümumi istifadə olan yollarda hərəkətinə icazə verilən maksimal çəki və qabarit parametrləri Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 saylı Qərarında nəzərdə tutulub. Həmin Qərarda göstəriləndən yuxarı göstəriciləri olan nəqliyyat vasitələrinin çəki və qabarit parametrlərinin pozulmaqla yüklənməsi İXM-in 163-1-ci maddəsi üzrlə məsuliyyətə səbəb olacaq.

Beləliklə, bugünkü dəyişiklikdən sonra ümumi istifadədə olan yollarda hərəkətinə ümumi qaydada yol verilən yük avtomobillərinin yük normaları pozulmuş olsa da, onların sürücüləri və sahibləri İXM-in 163-1-ci maddəsi üzrə deyil, sadəcə yükdaşıma qaydalarını pozmaya görə İXM-in 151.1-ci maddəsi üzrə məsuliyyətə cəlb olunaraq 40 manat cərimə olunacaqlar. Bu o deməkdir ki, “KamAZ”, “ZiL”, əksər modellərdən olan “MAN”, “Ford”, “Mersedes”, “Chaqman” kimi yük avtomobillərinin sürücüləri və sahibləri İXM-in 163-1-ci maddəsi üzrə məsuliyyətə cəlb olunmaqdan canlarını qurtarmış oldular. Onlar yük normalarını pozsalar da, bu maddə üzrə cərimələnə bilməzlər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh