Təhlükəsizlik Xidmətinin sabiq rəisi: “Məni işdən çıxarmayıblar, özüm çıxmışam”

Gündəm 16 Noyabr 2017 15:08 Oxunub 1106
Təhlükəsizlik Xidmətinin sabiq rəisi: “Məni işdən çıxarmayıblar, özüm çıxmışam”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz Rüstəmovla ailəvi dostuq, bu gün də yaxşı münasibətlərimiz var"

“İşdə yol verdiyim nöqsanlara görə vəzifədən kənarlaşdırılmağım barədə xəbər həqiqəti əks etdirmir”. Avtosfer.az xəbər verir ki, bunu “Report”a Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin sabiq rəisi Eldəniz Əliyev deyib.

O, müqavilə müddəti bitəndən sonra öz istəyi ilə işdən ayrıldığını bildirib: “Məni işdən çıxarmayıblar, özüm çıxmışam”.

E.Əliyev barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində onunla bağlı materialların toplanması barədə yazılanların da düzgün olmadığını deyib: “Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmovla aramda mübahisə yaranmayıb. Əksinə, biz Rüstəmovla ailəvi dostuq, bu gün də yaxşı münasibətlərimiz var. Mən Şahdağ Polis Bölməsinin əməkdaşlarına yaxından köməklik göstərdiyim üçün Daxili İşlər Nazirliyi tərəfindən “Təşəkkürnamə” almış bir şəxsəm”.

“Report” Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmova da müraciət edib. Lakin o, bu mövzuda açıqlama vermək istəmədiyini bildirib.

*** 15 noyabr, saat 15:01

 

Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin rəisi Eldəniz Əliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

 

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, onun barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində Turizm Kompleksində istirahət edən turistlərdən çoxsaylı şikayətlər, habelə E.Əliyevin müəyyən arzuolunmaz dairələrlə əlaqəsi olması barədə məlumatlar toplanıb. Materiallar Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Bundan sonra müvafiq əmrlə E.Əliyev vəzifəsindən azad olunub. Qeyd edək ki, bundan əvvəl E.Əliyevlə Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmov arasında bir neçə dəfə mübahisə yaranıb. Buna səbəb E.Əliyevin istirahət kompleksində baş verən xırda cinayət və inzibati pozuntu xarakterli hadisələrin polisdən gizlətməsi olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh