Nəqliyyat sektorunda daşınan sərnişinlərin sayı və yüklərin həcmi açıqlanıb

Gündəm 16 Noyabr 2017 15:11 Oxunub 859
Nəqliyyat sektorunda daşınan sərnişinlərin sayı və yüklərin həcmi açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Orta hesabla sutkada 345 vaqon yüklənib, 414 vaqon isə boşaldılıb

Cari ilin yanvar-oktyabr ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 185,9 mln. ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,7% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yüklərin 3,6%-i dəniz, 6,3%-i dəmir yolu, 0,1%-i hava, 63,9%-i avtomobil nəqliyyatı, 26,1%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,7% artaraq 140,8 mln. ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,9% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,5% təşkil edib.

2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1612,7 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,2% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,1%-i avtomobil nəqliyyatı, 11,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-oktyabr ayları ərzində 11,7 mln. ton yük, 2,0 mln. sərnişin daşınıb, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,1%, sərnişin daşınmasında isə 25,7% artım müşahidə olunub.

Orta hesabla sutkada 345 vaqon yüklənib, 414 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,1 min ton, qərb istiqaməti üzrə 5,1 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-oktyabr aylarında daşınmış yüklərin həcmi 6 684,3 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,1% artıb. Yüklərin 49,3%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 8 666,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 8 287,3 min tonunu və ya 95,6%-ni tranzit yüklər təşkil edib. Cari il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 194,6 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,1% azalaraq 14,9 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatına gəlincə, bu nəqliyyat sektorunda 118,9 mln. ton yük, 1 421,3 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2% və 1,7% artım qeydə alınıb. Sərnişinlərin 96,0%-i avtobus, 4,0%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,2%, sərnişin dövriyyəsi isə 1,8% artıb.

Bundan başqa, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,5% artaraq 187,3 mln. nəfər olub.

 

Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 2020,3 min və ya 18,2% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 7,6% artaraq 136,7 min tona çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh