Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır? - Problemin həlli yolu - VİDEO

Yazarlar 17 Noyabr 2017 20:39 Oxunub 1532
Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır? - Problemin həlli yolu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hava qaralan kimi metro çıxışlarındakı biabırçı mənzərəyə nə vaxt son qoyulacaq?

Paytaxt Bakının bir çox hissələrində, hərəkətin intensiv olan yerlərində səhər və axşam saatlarında ciddi problemlər müşahidə edilir. Belə ki, problemlər daha çox metrostansiyaların ətrafında yaşanır. Big.az-ın araşdırmalarına görə, metronun "Koroğlu", "20 Yanvar", "Qara Qarayev", "Xalqlar dostluğu", "İnşaatçılar" stansiyaları ətrafında xaotik vəziyyət yaranır. Günün pik saatlarında taksilərin, digər nəqliyyat vasitələrinin və avtobusların nizamsız hərəkəti yollardakı vəziyyəti iflic edir. Belə ki, taksi sürücüləri qanunsuz olaraq avtobus dayanacaqlarını zəbt edir, avtobuslar isə məcburiyyətdən dayanacaqdan kənarda saxlamalı və sərnişin qəbul etməli olur. Belə olduğu halda isə sərnişinlər yüksək sürətli yol zolağına daxil olurlar. Avtobus sürücüləri problemin taksi sürücülərində, taksi sürücüləri avtobus sürücülərində olduğunu, sərnişinlər isə günahın polislərdə olduğunu iddia edirlər.

Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEO
Məsələ ilə bağlı nəqliyyat eksperti ilə əlaqə saxladıq. Problemin həli istiqamətində hansı addımların görülə biləcəyi ilə maraqlandıq. Big.az-a danışan ekspert Elməddin Muradlı problemin həllinin heç də mümkünsüz olmadığını və həlli yollarının görünən olduğunu bildirdi: "Belə bir problem təkcə "Koroğlu" metrostansiyası ətafında deyil, eləcə də "20 yanvar" metrostansiyası, "Qara Qarayev", "Xalqlar dostluğu", "İnşaatçılar" metrostansiyaları ətrafında da bu problem özünü qabarıq şəkildə göstərir. Taksi sürücülərinin, eləcə də bəzi avtobus sürücülərinin nizamsız hərəkəti, daha çox pul qazanmaq istəyi orada ciddi problemlər yaradır. Axşam hərəkətin intensiv zamanında taksi sürücüləri avtobus dayanacaqlarını zəbt edir, avtobuslar dayanacaqdan kənarda saxlamaq məcburiyyəti qarşısında qalırlar. Buna görə də sərnişinlər də toplu şəkildə deyil, dağınıq, səpələnmiş şəkildə yolun hərəkət hissəsinə daxil olurlar. Hamı avtobusa birinci minmək üçün nəqliyyat vasitəsinin arxasınca qaçır. Daşıyıcı şirkətlər də qanunları, qaydaları pozurlar, pərakəndəlik hökm sürür, özbaşına sürücülər hələ də avtobusları idarə edirlər. Belə problemlər kütləvi şəkildə olmasa da, hazırda bəzi yerlərdə var. Bir nəfərin qaydaları pozması zəncirvari olaraq hamının qayda pozmasına səbəb olur.
Hesab edirəm ki, burada heç kimə güzəşt edilməməlidir. Nə taksi sürücülərinə, nə də avtobus sürücülərinə, daşıyıcı şirkətlərə. Bəzən əsaslandırırlar ki, güya kütləvi cəzalandırmalar zamanı problem olur. Sonra deyirlər ki, polis nəfərlərinin sayı kifayət qədər deyil ki, hər dayanacağa təhkim edilsin. Amma bir məsələ var ki, Azərbaycan qanunvericiliyində artıq bununla bağlı məsələlər öz əksini tapıb. Avtobusların dayanacaqdan kənar saxlaması üçün 100 manat cərimə nəzərdə tutulur. Bunu elektron qaydada da tətbiq etmək olar. Belə ki, kameralar dayanacaqdan kənar saxlayan avtobusları müəyyən etmək qabiliyyətinə malikdir. Belə olduğu təqdirdə heç polisləri də dayanacaqlara təhkim etməyə ehtiyac qalmır. Yəni bu problem həlli olmayan problem deyil, bu və ya digər yollarla problemi həll etmək mümkündür".
Polislərin taksi sürücülərindən və daşıyıcı şirkətdən rüşvət alaraq onların qanunsuz əməllərinə göz yumduqları iddiasından danışan Elməddin Muradlı belə faktlar aşkarlandığı təqdirdə bunu mütləq şəkildə ictimailəşdirməyin tərəfdarı olduğunu bildirdi. Həmçinin o, belə hallar öz təsdiqini taparsa onların sərt cəzalandırıldığını qeyd etdi: "Əgər polislərin hər hansı bir şəxsdən rüşvətalma faktı varsa bunu dərhal ictimailəşdirmək və müvafiq təbir görmək lazımdır. Bunu gizlətmək elə özü də bir cinayət əməlidir. İndiyə qədər də elə bir hal olmayıb ki, hər hansısa bir rüşvətalma faktı olsun və o məsələyə obyektiv baxılmasın. Kim rüşvət alırsa o da dərhal cəzasını alır".
"Avtobus dayanacaqlarında qanunsuz olaraq maşın saxlayan sürücülər niyə cəzalandırılmır və sərt tədbirlər görülmür" sualını cavablandıran ekspert bunun heç də belə olmadığını, polisin onların belə hərəkətlərinə qaşı ciddi sipər olduğunu bildirdi: "Taksi sürücülərinə gəldikdə isə polis onlarla kifayət qədər mübarizə aparır, onların avtobus dayanacaqlarını zəbt etməmələri üçün müvafiq tədbirlər görür. Amma əfsuslar olsun ki, onlar məsuliyyətini dərk etmirlər. Mən elə taksi sürücüləri tanıyıram ki, gün ərzində bir neçə dəfə cərimə edilib və özünə gəlmir. Haradansa qovurlar, qaçıb digər bir yerdən yenə gəlir. Götürüb şikayət yaymışdı ki, yol patrul əməkdaşları mənimlə prinsip aparır. Daha dərk etmir ki, polis ona qanunla deyir ki, burada dayanmaq olmaz.
Bütün belə hallarla əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyinin üzərinə ciddi işlər düşür. Hətta onlar təklif də hazırlayıblar ki, taksillər üçün xüsusi dayanacaqlar yaradılsın və taksilər dayanacaqdan kənarda saxlamasınlar. Necə ki, avtobuslara dayanacaqdan kənarda saxlamaq qadağandır və cərimə tətbiq edilir, eləcə də taksilər üçün də eyni qayda tətbiq ediləcək. Bu qanun layihəsi də qüvvəyə minib, sadəcə olaraq qanunları bilmək və ona əməl etmək lazımdır. Bilib əməl etməklə yanaşı onu təbliğ də etmək lazımdır ki, bilməyənlər də bilsinlər, öyrənsinlər".
Yollardakı xaotik vəziyyət nədən qaynaqlanır, problemin həlli yolu varmı? - VİDEO

Məsələ ilə bağlı big.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemlərdən xəbərdar olduqlarını və həlli istiqamətində bütün gərəkən addımların atıldığını, sıxlığın qismən aradan qaldırılmasına nail olduqlarını bildirdi: "Metronun "Koroğlu" stansiyasının hava limanı istiqamətində olan çıxışı qarşısındakı günün pik saatlarında müşahidə edilən mənzərə BNA-nı da narahat edir. BNA həmin hissədə sərnişin avtobusları və taksi xidməti göstərən minik avtomobilləri üçün dayanacaq məntəqələri müəyyənləşdirib. Biz mütəmadi olaraq oradakı vəziyyətin normallaşdırılması istiqamətində müvafiq qurumlarla birgə iş aparırır. Müxtəlif vaxtlarda ərazidə maarifləndirici tədbirlər keçirilib. Sürücülərə dayanma durma qaydalarına əməl etmələri ilə bağlı avtobus dayanacaq məntəqəsinə aid hissədə parklanmanın qadağan olması ilə bağlı təlimatlar verilib. BNA metronun şəhər istiqamətində olan hissəsində Nəqliyyat Mübadilə Mərkəzi yaratmaqla həmin hissədə xaotik hərəkətin tam aradan qalxmasına nail olub. Bu günün pik saatlarında belə həmin hissədə tıxac, sıxlıq yaşanmır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh