Heç bir cərimə bir ildən sonra ləğv olunmur – DYP-dən açıqlama

Yazarlar 18 Dekabr 2014 16:22 Oxunub 22722
Heç bir cərimə bir ildən sonra ləğv olunmur – DYP-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Ömrünün sonuna qədər cəriməni ödəməlidir»

 

Ərşad Hüseynov: «Piyadalardan fərqli olaraq sürücülər sürücülük hüququndan məhrum edilə bilərlər»

 

Hər gün yol hərəkəti qaydalarına riayət etmədiyi üçün nə qədər sürücü və piyada cərimələnirlər. Bu cərimələri ciddi qəbul edənlərlə yanaşı, laqeyd yanaşanlar da olur. Təyin olunan vaxtdan sonra isə ödənilməyən məbləğin üzərinə hər gün faiz gəlir. Bu da o deməkdir ki, məbləğ getdikcə böyüyür. Hətta «bir il ərzində cərimə ödənmirsə, silinib gedir» - deyə, düşünərək cəriməni ödəməyənlər var. Amma gəlin görək, bu yanaşma doğrudurmu? Cərimə 1 ildən sonra silinirmi?

Bu dəfə sürücü və piyadaların cəriməni ödəmədikləri halda nə ilə qarşılaşa biləcəyini öyrənməyə çalışdıq. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirdi ki, piyada qanunu qüvvəyə minmiş cəriməni bir ay ərzində ödəmirsə, üstünə iki ay müddətində hər gün cərimənin bir faizi müqabilində cərimə gəlir. Əgər cəriməni 3 ay gecikdirirsə, ona təyin olunan cərimə 60 faiz artır. Ondan sonra həmin cərimə barədə sanksiya məcburi icra oluna bilər. Məcburi icra nədir? Həmin cəriməni Ədliyyə Nazirliyinin tabeliyində olan quruma göndərirlər. Həmin qurumla da şəxsi axtarıb tapırlar. Bankda hesabı varsa, pulu ordan çəkirlər. Hesabı yoxdursa, iş yerinə məktub göndərib əmək haqqından, pensiyasından, tələbə təqaüdündən tuta bilərlər. Heç yerdə işləmirsə, maaş, pensiya almırsa, onda əmlakını siyahıya ala bilərlər. İcra haqqında qanunda bu məsələ detalları ilə əks olunub. Yol hərəkəti qaydalarına görə cərimələri izləyən orqan Dövlət Yol Polisidir. DYP icra məmurlarına məktub göndərir ki, bizim belə bir qərarımız var. Xahiş edirik, bunun məcburi icrasını təmin edin. Sonra DYP-nin göndərdiyi sənəd, qüvvəyə minmiş qərarın sürəti və məktubun əsasında qeyd etdiyim tədbirlər tətbiq oluna bilər. DYP bunları tətbiq edə bilməz. Çünki onun belə bir səlahiyyəti yoxdur. Ədliyyə Nazirliyinin tabeliyində bu tipli aktların icrası ilə məşğul olan qurum var». Ekspertin sözlərinə görə, piyadalardan fərqli olaraq sürücülər cəriməni ödəmədikdə bir illik sürücülük hüququnun məhdudlaşdırılması ilə üzləşməli olurlar: «Sürücülərin cəriməsinin üstünə əvvəlcə faiz gəlir. İki ay ərzində ödəmədikdə isə qərar çıxarılır ki, həmin avtomobli harada görsələr tutub cərimə meydançasına aparsınlar ki, cəriməni ödəsin. Yenə ödəməsə onu məhkəməyə çağırıb, qərar çıxarırlar və sürücülük vəsiqəsini 1 il müddətinə əlindən alırlar. Əgər cərimə yenə ödənilməsə, qərar icra məmurlarına göndərilir və cərimənin ödənilməsi ilə bağlı məcburi sanksiyalar icra oluna bilər».

Ə.Hüseynov deyir ki, cərimə o zaman olur, ki qərar var və o qüvvəyə minib: «Kimsə radara düşübsə, bu, cərimə deyil. Əgər sürücü radara düşübsə, iki ay ərzində qərar qəbul edilib, ona göndərilmirsə, artıq ləğv olunmalıdır. Sürücünün ünvanı bəllidirsə, qaçıb gizlənmirsə, xəstə deyilsə, xaricdə deyilsə, iki ay ərzində qərar ona göndərilmirsə, sonra artıq ləğv olunmalıdır. Hətta həmin sürücü xəstədirsə, xaricdədirsə, qaçıb gizlənərsə belə həmin radar bir il ərzində qərara çevrilməyibsə, ləğv olunmalıdır. Amma qərar varsa, həmin cərimə sürücü ölənə qədər qüvvədə olur».

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə bildirdi ki, hər hansı inzibati xəta ilə bağlı yazılı və ya elektron protokol tərtib olunubsa və şəxsin inzibati tənbeh edilməsi haqqında qərar qəbul edilibsə, bu cəriməni həmin şəxs ödəmək məcburiyyətindədir: “Müddətdən asılı olmayaraq cərimə həmin şəxs tərəfindən ödənilməlidir. Bir il və ya il yarımdan sonra cərimələnmə ilə bağlı məlumat göndərilə bilməz. İnzibati xəta haqqında protokol tərtib edilibsə və şəxsin inzibati təbeh edilməsi haqqında iki ay müddətində müvafiq qərar çıxarılmayıbsa, həmin protokola xitam verilir. Foto-video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə ilə həmin şəxsin qayda pozuntusu qeydə alınıbsa və sadəcə həmin şəxsə bir il ərzində həmin sənədin verilməsi mümkün olmayıbsa, o halda bir ildən sonra həmin inzibati xətanın dayandırılması barədə qərar verilir”.

K.Əliyev deyir ki, qanunvericilikdə cəriməni ödəməyən şəxsin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məsələ yoxdur: “Amma şəxs yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törədibsə və cərimə olunması haqqında qərar çıxıbsa, o ömrünün sonuna qədər cəriməni ödəməlidir.  Orada heç bir müddət nəzərdə tutulmayıb. Əgər şəxs cəriməni 3 ay müddətində ödəmirsə, məcburi icraya yönəldilir. Məhkəmə icraçıları tərəfindən də həmin şəxsin o cəriməni ödəməsi təmin olunur. Bu onun əmlakına yönəldilə bilər, yaxud da, digər formada həmin cərimənin ödənilməsi istiqamətində tədbir görülə bilər. Əgər qanunvericilikdə dəyişiklik olarsa, o zaman cərimə borcu olan şəxsin ölkədən buraxılmasının məhdudlaşdırılması məsələsinə də baxıla bilər”.

 

Aygün Asimqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zivər ibişova 15 Aprel 2018 16:59
Salam İBİŞOVA zivər həsənqulu qıznın adnda olan .minik maşnı 006 10 608 NÖMRƏLİ MAŞNI HƏPİSNİ YOXLAYASNIZ
ceferov cavad 6 Mart 2018 20:17
Suruculuk vesiqesinin nomresi ac 317508 . Bu gune qeder radarlarimi bilmek isterdim
ceferov cavad 6 Mart 2018 20:17
Suruculuk vesiqesinin nomresi ac 317508 . Bu gune qeder radarlarimi bilmek isterdim
ceferov cavad 6 Mart 2018 20:13
Suruculuk vesiqesinin nomresi ac 317508 . Bu gune qeder radarlarimi bilmek isterdim
Ceyhun 10 Noyabr 2014 22:55
Ceyhun bagırov 26.10.1989 ne qeder cerimem var