Sınaqlar hələ qarşıdadır…

Yol polisi 20 Noyabr 2017 17:46 Oxunub 1357
Sınaqlar hələ qarşıdadır…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Serjant Nicat Hüseynov adını idman tariximizdə birincilər sırasına yazdırmaq üçün səylərini əsirgəmir

İdmanımızın dünyada tanınmasında daxili işlər orqanları əməkdaşlarının da xüsusi rolu var. Hər səhifəsi qələbələrlə dolu idman tariximizə nəzər salsaq bunu aydınca görərik. 

Dövlətin bayrağını qaldırmaq, himnini səsləndirmək hər kəsə nəsib olmur. O xoşbəxtlərdən olmaq üçün gərək gecəni-gündüzə qatasan, bütün gücünü və bacarığını səfərbər edəsən. Və ən əsası, sənə olan inamı doğruldasan…

DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşı, polis serjantı Nicat Hüseynov da adını idman tariximizdə birincilər sırasına yazdırmaq üçün səylərini əsirgəmir. Kiçik yaşlarından idmandadır və artıq bir neçə ildir ki, güc, çeviklik və düşüncə tələb edən Kempo idman növü ilə məşğul olur.  Uğurları da var…

Bu yaxınlarda Buxarestdə keçirilən Avropa çempionatı ilə bağlı redaksiyamıza dəvət etdik. Təəssüratlarını bizimlə bölüşdü: “Orada Avropanın ən güclü, titullu idmançıları iştirak edirdilər. Azərbaycandan gəldiyimi biləndə, düzü, hiss etdim ki, qanları qaraldı. Çünki onlar bizim idmançıların gücünə, qələbə uğrundakı əzminə bələd idilər. Birinci döyüşüm Macarıstan idmançısı ilə oldu. Onu məğlub etdim. İkinci döyüşdə fransalı ilə döyüşüm elə də vaxt aparmadı. Yarımfinalda yerli idmançı ilə üzbəüz gəlməyim həm tamaşaçıların, həm də onun məşqçilərini diqqət mərkəzində idi. İdmançılarından qələbə gözləyirdilər. Lakin qələbəni mən qazandım və sübut etdim ki, özünə güvənc hissi harda olursan-ol insanı qələbəyə doğru aparır. Yarımfinalda olduğu kimi finalda da rəqibim rumuniyalı idmançı oldu. Döyüş çox çətin keçdi və etiraf edim ki, rəqibim çox güclü idi. Mən gümüş medalın sahibi oldum. Gələcək qələbələr uğrunda mübarizə aparmaq üçün ölkə və DİN rəhbərliyinin yaratdığı şəraitdən bundan sonra daha yaxşı yararlanacaq və adımızı birincilər sırasına yazdıracağıq”…

Hələ 26 yaşı var. Hələ onu çox sınaqlar və uğurlar gözləyir. Yolu açıq, qələbələri bol olsun.

 

Hafiz Təmirov,

polis mayoru 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh