Olimpiya Stadionunda təhlükəsizlik yüksək səviyyədə idi – FOTO

Yol polisi 23 Noyabr 2017 14:07 Oxunub 1309
Olimpiya Stadionunda təhlükəsizlik yüksək səviyyədə idi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu göz qabağındaydı

İdman tariximizə yazılacaq günlərdən biri olacaqdı dünən. Əslində Avropanın ən güclü futbol komandaları sırasında Çempionlar Liqasına düşməklə “Qarabağ” artıq tarix yazıb. Ölkəmizdə idmana göstərilən diqqət və qayğını komandamız bir daha nümayiş etdirdi. Rəqibin adı gələndə “Oyunun taleyi artıq həll olunub”, “Çelsi” qalibdir” deyənlər də yanıla bilərdilər. Çünki bu idmandır, hər an sürpriz gözləmək olar. 

“Çelsi” təhlükəsiz, azad bir ölkəyə gəlmişdi. Niyə belə yazdığımızı bir qədər sonra açıqlayacağıq. Havanın soyuq olması azarkeşlərin futbolu izləmək əzmini qırmamışdı, onlar futbolumuza, “Qarabağ”ımıza dəstək olmağa gəlmişdilər. Olimpiya meydanı insan selinə qərq olmuşdu. 

Daxili işlər orqanlarının və Təhlükəsizlik xidmətinin əməkdaşları həmişə olduğu kimi, bu dəfə də vəzifə başındaydılar. Stadiona giriş üçün azarkeşlərin yoxlanılmasından, öz yerlərini tutmalarına qədər hər şey onların nəzarətində idi. Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu göz qabağındaydı. Bunlar öz yerində, həm də onlar “Qarabağ”ımızın azarkeşiydilər. 

Rəqib komandanın tərəfdarlarının da təhlükəsizliyi xüsusi diqqət mərkəzindəydi. Hər hansı bir xoşagəlməz hadisənin, neqativ halın qarşısını almaq üçün öncədən bütün lazımi tədbirlər görülmüşdü. 

Yetmiş minə yaxın azarkeşi oyun bitəndən sonra gedəcəkləri ünvana istiqamətləndirməyi bir anlıq təsəvvür edin.  Bunun da öhdəsindən gəldik. Arasında körpə uşaqların belə olduğu izdihamı heç bir problem yaşamadan, tam təhlükəsiz şəraitdə, əvvəlcədən təyin olunmuş avtobuslar mənzil başına çatdırdılar. 

Bəli, görünən dağa bələdçi lazım deyil. Xüsusilə də sağlamlıq imkanları məhdud olanlara polis əməkdaşlarımızın xoş münasibət sərgiləməsi, stadionu daha rahat şəkildə tərk etmələri üçün yaradılan şəraiti insanlar razılıqla qarşıladılar.

Bir gün də beləcə tarixə qovuşdu, hər gün olduğu kimi, o gün də əməkdaşlarımızın çətin və məsuliyyətli xidmətindən gördüklərimizi, çəkdiklərimizi sizlərlə bölüşdük. Həm də əsassız olaraq polisdən gileylənənlərə mesaj ünvanladıq. 

Polis səni, məni bir sözlə, hər birimizi qorumaqla, Vətəninə, dövlətinə və xalqına qanıyla, canıyla xidmət edir. 

 

Hafiz Təmirov, Zeyni Hüseynov 

DİN Mətbuat Xidmətinin əməkdaşları

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh