Bir ömrün qazancı: inam və etibar... 

Yol polisi 29 Noyabr 2017 13:00 Oxunub 6455
Bir ömrün qazancı: inam və etibar... 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sakinlərlə polis arasında qırılmaz bir səmimiyyət, inam körpüsü var”

Vətənimizin mərd oğulları kimi o da torpaqlarımızın müdafiəsində iştirak edib, onu qorumaq üçün çətin bir yol keçib. Bu gün də alnına yazılan yazının xoşbəxtliyini yaşayır, bu gün də Vətənə, xalqa xidmətdədir, etibar olunanların sırasındadır...

O, illərin sınaqlarında bərkiyib, ömür yolu oddan-alovdan keçib. Oddan-alovdan yazmağım sizi xəyalən 1941-45-ci illər müharibəsinə aparmasın. Hələ cavandı, amma saçları özündən tez “qocalıb”. Elə həmişə diqqətimi çəkən də bu idi. Bilirdim ki, o saçlar hədər yerə ağarmayıb. Bir neçə dəfə “Gəlin, barənizdə yazı hazırlayaq, fikrinizi bölüşək” desəm də razı olmamışdı və “Əsas yazılası, işıqlandırılası xidmətimizdi” demişdi. 

Həmkarımın təvəzökarlığı da örnəkdi, gözəl bir nümunədi. Yeri gəlmişkən,  xidmətlərindən, etibar ediləni necə məsuliyyətlə qoruduqlarından dəfələrlə  yazmışam.  

Bu dəfə isə imkan tapıb dərdləşdik. Polis polkovnik-leytenantı Sahib Cəfərli 1967-ci il may ayının 29-da Şərurda doğulub. Səkkizinci sinifdən sonra təhsilini Bakıda davam etdirib. Orta məktəbi bitirdikdən sonra Balaxanıdakı mədənlərin birində çilingər köməkçisi işləyib. 1985-ci ildə hərbi xidmətə çağırılıb. 

Sonra nə oldu, öz dilindən eşitsək daha yaxşı olar: “İki aylıq hərbi təlimdən sonra məni Əfqanıstana apardılar. Bu barədə evdə kimsəyə söz demədim. Düzü, Əfqanıstan haqqında həmişə sirli bir məkan kimi danışırdılar. Ancaq bizə xilaskar bir ordunun əsgərləri olduğumuzu təlqin etmişdilər. “SSRİ Əfqanıstana qurtuluş üçün gedib, orda sovet səgərlərinə ehtiyac var” şüarları ilə tərbiyə olunmuşduq. Əfqanıstanın iqliminə, təbii şəraitə uyğunlaşmaq mənim kimi onlarla azərbaycanlıya elə də çətin olmadı. Rus dilini bilməyimiz köməyimizə çatdı, hətta yerli əhali ilə də ünsiyyət qura bildik. Heç yadımdan çıxmaz. 1987-ci ildə SSRİ-nin Əfqanıstandakı səfirliyinə hücüm olmuşdu. O zaman komandanlığın əmri ilə səfirliyin mühafizəsi mənim tağımıma həvalə olundu. Məsuliyyətli bir görəv bizə tapşırılmışdı. Çox yüksək peşəkarlıqla səfirliyin mühafizəsini təşkil etdik və buna görə mənə məzuniyyət verdilər. Elə həmin il Azərbaycanın xalq artisti, sevilən sənətkarımız Zeynəb Xanlarova Kabilə konsert verməyə gəlmişdi. Rəhbərlik yenə də məni çağırıb sənətkarımızın mühafizəsini təşkil etməyi tapşırdı. Yəni mənim mühafizə etməklə dostluğum uşaqlıqdan başlasa da hərbi xidmətdə bunu daha da təkmilləşdirdim. Nəyi necə qorumağın məsuliyyətini anladım”...

Əfqanıstan “uçurumu”ndan sağ-salamat qurtulduqdan sonra Vətənə dönüb və təhsilini davam etdirib. Qapılarını döyən poçtalyon bu dəfə ona məktub gətirməyib “Vətən sizləri çağırır” adlı möhürlü, ştamplı əmri gətirəndə o, artıq könüllülərin sırasında, Vətənin müdafiəsində idi.    

Hərbi xidmətdən sonra təhsilini  Memarlıq və İnşaat Universitetinin axşam şöbəsində davam etdirib və uşaqlıq arzusuna qovuşmaq üçün DİN Baş Mühafizə İdarəsinə müraciət edib. Əfqanıstanda xidməti, torpaqlarımız uğrundakı döyüşlərdə iştirakı, haqqında deyilənlər nəzərə alınıb və xidmətə qəbul olunub. Polis kiçik leytenantı kimi ilk xidmət yeri Bakı Neft Emalı Zavodu olub.  Cinayətkarlığın tüğyan etdiyi zamanda mühafizənin təşkili də çox çəin idi və o bu çətinliyin də öhdəsindən bacarıqla gəlib. Onu 1994-cü ildə Şamaxı Rayon Mühafizə Bölməsinə baş inspektor təyin ediblər. Təcrübəsi, insanlarla xoş ünsiyyəti burda da köməyinə çatıb. Beləcə, illər biri-birini əvəz edib. Xidmət yeri ailə vəziyyəti ilə əlqədar Nərimanov Rayon Mühafizə İdarəsinə dəyişdirilib. Bir müddət burda çalışıb. 2006-cı ildə yenidən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin, 2011-ci ildə isə Suraxanı Mühafizə Şöbəsinə bölük komandiri təyin olunub. 

O, biliyini, savadını artırmaq üçün 2006-2010-cu illərdə DİN-in Polis Akademiyasında da təhsil alıb. 

Sabunçu Rayon Mühafizə İdarəsində 2012-ci ildən  xidmət edir.  “Bu gün rayon sakinləri ilə polis, xüsusən də mühafizə polisi arasında qırılmaz bir səmimiyyət, inam körpüsü var”, - deyən həmkarımız fikrini belə əsaslandırır: “İndi elə bir dövrdə yaşayırıq ki, əmlakını, evini-eşiyini yaxınına, doğmana deyil, güvəncini, etibarını qazandığına etibar edirsən. Polisimiz vətəndaşın inamını və etibarını qazanıb, onun əmlakını göz bəbəyi kimi qoruyur. Mühafizəyə cəlb etdiyimiz obyektlərin, mənzillərin sahibləri ilə müqavilə bağlamadan öncə, ilk işimiz onu idarəmizlə, texnki imkanlarımızla, əməkdaşlarımızla tanışlıq olur. Yəni vətəndaş bilməlidir ki, onun əmlakını kim və necə qoruyacaq. Xidmətimiz həm də inam özərində qurulur. Xidmətə yeni qəbul olunmuş əməkdaşlara əmanətin etibarlı qorunmasını təşkil etmələri üçün tam məsuliyyət hissi ilə çalışmalarını aşılayırıq. Bu da öz növbəsində effektini verir, xidmətimizdə problem yaşamırıq. Hazırda 758 obyekt və mənzil tərəfimizdən qorunur.”...

İdarənin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli obyektlərin və mənzillərin mühafizəyə cəlb edilməsində Sabunçu RPİ əməkdaşlarının xidmətini, bu ilin müvafiq dövrü ərzində 50 obyekt və mənzilin məhz onların köməkliyi sayəsində mühafizə cəlb edilməsini də xüsusi vurğulayır.

Haqqında İdarənin rəisi, polis polkovniki Əşrəf Allahyarov belə dedi: “Polis polkovnik-leytenantı Sahib Cəfərli işini bilən, xidmətini düzgün quran, təcrübəli və etibarlı əməkdaşdır”. 

Həmkarımız iki övlad atasıdır. Oğlu Yasamal RPİ-də xidmət edir, polis leytenantdır. Qızı ötən il qəbul imtahanlarından 600-dən yuxarı bal toplayaraq Tibb Universitetinə qəbul olunub. 

Həmkarımızın ən böyük qazancı ona olan inamı doğrultması, bir də böyütdüyü, ərsəyə çatdırdığı övladlarıdır...

 

Hafiz Təmirov,

polis mayoru

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh