Sabiq deputatın düşdüyü qəza ilə bağlı maraqlı təhlil - FOTO

Yazarlar 19 Dekabr 2014 15:44 Oxunub 2330
Sabiq deputatın düşdüyü qəza ilə bağlı maraqlı təhlil - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Neftçilər və Azadlıq prospektlərinin birləşdiyi yerdə yol hərəkətinin təşkili ilə bağlı ciddi səhvlər mövcuddr

Milli Məclisin sabiq deputatı, Konstituasiya Araşdırmılar Mərkəzinin sədri Əliməmməd Nuriyevin düşdüyü yol qəzası son günlər kütləvi informasiya vasitələrində və sosial mediada geniş müzakirə olunmaqdadır. Maraqlıdır ki, müzakirələr yalnız qəzada iştirak edən sürücülərin hərəkətlərinin qaydalara uyğun olub-olmaması ətrafında aparılır. Amma heç kəs həmin qəzanın baş verdiyi yol sahəsində hərəkətin təşkilinə diqqət etmir. Bu yol sahəsi isə elə-belə sahələrdən deyil. Həmin yerdə bu hadisəyə bənzər yol-nəqliyyat hadisələrinin sayı yəqin ki, onlarladır. Bəlkə də hər həftə həmin yerdə buna oxşar qəzalar baş verir. Bunu nəzərə alaraq yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a məhz həmin yerə diqqəti yönəldən açıqlama verib: «Dünyanın əksər dövlətlərində yol-nəqliyyat hadisəsi araşdırılarkən bunun baş verdiyi yol sahəsinə də xüsusi diqqət yetirilir. Eyni yerdə ikinci hadisə baş verdikdə isə həmin yerdə yol hərəkətinin təşkili xüsusi mütəxəssislərdən ibarət komissiya tərəfindən araşdırılır. Hədəf də belə yerdə yol hərəkəti təşkilindəki problemlərin qəzaya səbəb olub-olmamasının aydınlaşdırması olur. Bizdə belə araşdırmaların aparılması mənə məlum deyil. Amma sabiq deputatın qəzaya uğradığı və ondan əvvəl də onlarla belə qəzanın baş verdiyi yeri şəxsən nəzərdən keçirdim. Maraqlı mənzərəyə rast gəldim.

Bakı şəhərinin magistral əhəmiyyətli əsas beş prospektindən ikisi olan Neftçilər və Azadlıq prospektlərinin birləşdiyi həmin yerdə yol hərəkətinin təşkili ilə bağlı ciddi səhvlər mövcuddr. Həmin səhvləri hər kəsin aydın başa düşməsi üçün bu kəsişmə yerində yol hərəkətinin təşkilinin indiki vəziyyətinin (1-ci şəkil) və qanunvericiliyə uyğun olaraq təşkil edilməli olduğu vəziyyətinin (2-ci şəkil) sxemlərini də yazıya əlavə edirəm.

Sxemdən görünür ki, Neftçilər prospekti həmin yerdə 8 hərəkət zolağından ibarətdir. Bu zolaqlardan ilk altısında yalnız düzünə, yeddinci (soldan ikinci) zolaqda düzünə və sola, səkkizinci (soldan birinci) zolaqda isə yalnız sola hərəkət nəzərdə tutulur. Həmin sxemləri müqayisə etdikdə dörd əsas səhvi aşkar görə bilərik  Səhvlər bunlardır:

1. Neftçilər prospektinin Azadlıq prospektinə şaxələndiyi yerdə səkkizinci (soldan birinci) zolaqda yalnız sola, yəni Azadlıq prospektinə dönməklə hərəkətə icazə verildiyindən şaxələnmə yerindən sonra səkkizinci zolaq ləğv edilməli idi. Belə olduqda səkkizinci zolaqda olan sürücü getdiyi zolağın şaxələnmə yerində başa çatdığını aydın görərək bu zolaqla düzünə getməyin mümkün olmadığını daha asan başa düşər.

2. Həmin şaxələnmə yerində hazırda 1.5 qırıq-qırıq nişanlanma xətti mövcuddur. Bu, qanunvericiliyə ziddir. Qanunvericiliyə əsasən, şaxələnmə yerindən qabaqda 20-40 m məsafədə hərəkət zolaqları arasında 2-ci şəkildə gördüyümüz kimi 1.1 bütöv nişanlanma xətti olmalıdır. Bu xətt şaxələnmə yerinin bilavasitə qabağında sürücülərin zolaqlar üzrə yerdəyişməsini qadağan edir, nəticədə müxtəlif manevrlər edərək qəza şəraiti yaratmağı istisna edir. 

3. Şaxələnmə yerindən əvvəl 1.18 nişanlanması ilə (asfalt üzərindəki oxlarla) qarşıdakı kəsişmə yerində hər bir hərəkət zolağı üzrə icazə verilən hərəkət istiqaməti göstərilib. Lakin hazırda həmin yerdə bu oxlar cəmi bir dəfə tətbiq edilib. Amma qanunvericiliyə uyğun olaraq bu oxlar bir-birindən 20-30 m məsafədə olmaqla ən azı 3 dəfə təkrarlanmalıdır (2-ci şəklin miqyasına uyğun olaraq mən bu oxları yalnız iki dəfə göstərə bilmişəm). Özü də axırıncı ox 1.1 nişanlamasının başlanma səviyyəsində olmalıdır ki, bütöv xətlərin arasına girən sürücü bu zolaqda yalnız həmin oxdakı istiqamət üzrə hərəkətini davam etdirə biləcəyini başa düşsün. 

4. Nəhayət, 4-cü səhv bu şaxələnmə yerində 5.8.2 nişanının olmamasıdır. Bu, Bakı şəhərinin ümumi bəlasıdır. Bilmirəm, bəlkə də şəhər təsərrüfatına məsul olan qurumlar küçə və prospektlərin üstündən asılmalı olan bu nişanları şəhərə yaraşdırmırlar. Amma söhbət insan həyatından gedir. Ona görə də bu nişanlar hər yerə, xüsusən, intensiv hərəkət olan küçələrə mütləq quraşdırılmalıdır. Göydən asılan 5.8.2 nişanı kifayət qədər uzaq məsafədən sürücüyə deyir ki, qarşıdakı kəsişmə yerində hansı istiqamətdə hərəkət etməyə icazə verilir. Özü də bu nişanlar da 2-ci şəkildə göstərdiyim kimi bir-birindən 50-150 m məsafədə təkrarlanmaqla iki dəfə tətbiq olunmalıdır ki, hər bir sürücü öz getdiyi zolağın üstündəki nişanı mütləq görə bilsin. 

Göstərdiyim qayda “Yol hərəkəti haqqında” Qanuna, “Yol nişanları və siqnalları haqqında” Konvensiyaya, bu Konvensiyanın Əlavə Protokoluna, habelə ölkəmizdə hazırda qüvvədə olan QOST 23457-86-ya uyğundur. 

Yəqin ki, həmin yol sahəsində göstərdiyim nöqsanlar olmasaydı, haqqında danışdığımız və xeyli sayda digər qəzalar baş verməzdi. Unutmaq olmaz ki, təkcə hamar asfalt çəkib, kənarına mərmər bordür qoyub, “Yaxşı yol” deməklə yol hərəkəti təşkil edilmir. Yol hərəkətinin təşkili yolların həm də müvafiq texniki vasitələrlə ideal təchizatını nəzərdə tutur. Yüz ildən artıq müddət ərzində bütün dünyanın süzgəcindən keçib gələn bu texniki vasitələr və onların tətbiqi qaydaları elə düşünülmüşdür ki, sürücülər və digər hərəkət iştirakçıları arasında hər hansı anlaşılmazlıq, çaşqınlıq istisna olunsun, konfliktlər və qəza şəraitləri yaranmasın. Ona görə də həmin texniki vasitələrin tətbiqində heç bir kənaraçıxma olmamalıdır».

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh