Bakıda 17 yaşlı oğlan həbs edildi - "Jeep"lə adam öldürüb

Qaydalar 4 Dekabr 2017 12:37 Oxunub 1738
Bakıda 17 yaşlı oğlan həbs edildi - "Jeep"lə adam öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşına ona verən şəxs barəsində də tədbir görüləcək

Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol qəzası törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsindən Avtosfer.az-a verilən birgə məlumatda qeyd olunur ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Məmmədov Arif Məmməd oğlu (ad, soyad şərtidir) tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, A.Məmmədov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

A.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunması təmin ediləcək. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, şəhid Elton Əkbərovun qızı 1975-ci il təvəllüdlü Könül Əkbərovanı “Jeep” markalı, ağ rəngli, 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimov iş adamı Akif Rəhimovun oğludur. Bəlli olub ki, R.Rəhimlinin atası “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir. A.Rəhimov 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb. Aktiv seçki kampaniyası aparan A.Rəhimov qalib gəlmək şansları olsa da, qəfil namizədliyini geri çəkib. Bilinən odur ki, A.Rəhimov “Yeganə Mamed” kimi tanınan, uzun illər “Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovun qardaşıdır. M.Rəhimovun yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən getdiyi də bildirlir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh