Polisin növbəti idman uğurları - FOTO

Yol polisi 5 Dekabr 2017 19:16 Oxunub 1145
Polisin növbəti idman uğurları - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşıda onları daha böyük qələbələr gözləyir

Bu yaxınlarda Ukraynada döyüş sənəti üzrə növbəti dünya çempionatı keçirilib. Yarışda 28 ölkədən 950 idmançı gücünü sınayıb. Azərbaycan bu yarışda 18 idmançı ilə təmsil edilib. Millimizin heyətində döyüşən idmançılardan 7 nəfəri qızıl, 6-sı gümüş medal qazanıb. DİN Daxili Qoşunların xüsusi təyinatlısı, baş leytenant İlqar Nəcəfli yarışın proqramına daxil olan prof sanda versiyasına qatılıb. Çəkisi 90 kiloqramdan yuxarı olan idmançılar arasında 4 döyüş keçirən İlqar oyunların hamısını vaxtından əvvəl qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb. Finalda yerli idmançı ilə qarşılaşan təmsilçimiz görüşü 1 dəqiqə ərzində işlətdiyi boğucu fəndlə öz xeyrinə başa vurub və qızıl medal qazanıb.

Yarışa qatılan digər təmsilçimiz - “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin Komendant Xidmətinin polis nəfəri, polis kiçik serjantı Elvin Əhmədli full sanda yarışında iştirak edən ən güclü və təcrübəli idmançılardan idi. Dördqat dünya və üçqat Avropa çempionu, dünya kubokunun sahibi olan təmsilçimiz həm də milli komandamızın əsas heyətinin üzvüdür.

Ordumuzun ötən il keçirdiyi uğurlu aprel döyüşlərində iştirak etmiş Elvin müəyyən səbəblərdən bir müddət məşqlərinə ara verməsinə baxmayaraq, keçirdiyi ilk qarşılaşmada böyük üstünlüklə qalib gələrək final mərhələsinə qədər irəliləyib, çempionatın gümüş medalına sahib olub.

Yeri gəlmişkən qeyd edək ki, əlbəyaxa döyüşün bu növü artıq Olimpiya idman növləri ailəsinə daxil edilib, Azərbaycanın Milli Komandası isə dünya miqyasında ən güclülərdən sayılır. Deməli, qarşıda bizi daha böyük qələbələr gözləyir.

 

Xəyalə Məmmədova,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh