Nəsimidə məmurlar zibilxananı satdı, Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO

Xəbərlər 6 Dekabr 2017 15:01 Oxunub 1929
Nəsimidə məmurlar zibilxananı satdı, Qarabağ əlilinin maşını qarajda qaldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəsimi rayon İcra Hakimiyyətinin işçiləri zibilxana yerini obyekt tikintisi üçün satıb

Bakının Nəsimi rayonunda, Azadlıq prospekti, 70 ünvanında yerləşən yaşayış binasının həyətində zibil qabları üçün nəzərdə tutulmuş ərazinin obyekt tikintisi üçün İcra Hakimiyyətinin məmurları tərəfindən satılıb. Və zibil qabları həmin ünvanda yaşayan II qrup Qarabağ əlili Rafiq Tağıyevə məxsus dəmir qarajın qapısının önündə yerləşdirilib. Nəticədə Qarabağ əlili prezident İlham Əliyevin hədiyyəsi olan “NazLifan” avtomobilini qarajdan çıxara bilmir. Bu barədə Rafiq Tağıyev özü bildirib. Şikayətçi deyir ki, həmin ünvanda ötən əsrin 70-ci illərindən yaşayır, qarajı hələ 80-ci illərin sonlarında bu ünvanda yaşayan ermənidən pulla alıb. Qarajın bir tərəfində avtomobil yuma məntəqəsi fəaliyyət göstərir. Digər tərəfini-zibil qablarının qoyulduğu ərazini isə isə bu yaxınlarda Nəsimi rayon İcra Hakimiyyətinin məmurları obyekt tikintisi üçün satıb və orada üçmərtəbəli obyektin tikintisi başlayıb. Şikayətçinin dediyinə görə ərazid tikinti aparmağa icazəni rayon icra hakimiyyəti başçısının müavini Qurban İsmayılov verib. Zibil qabları isə Qarabağ əlilinə məxsus qarajın qapısının önünə yerləşdirilib.

Qarajın qapısının zibil qabları ilə bağlandığını görən Qarabağ əlili məcbur olub ki, avtomobilini içəri salmaq üçün qarajın arxa tərəfindən qapı açsın. Bu məqsədlə o, bankdan 1000 manat kredit götürüb və qarajın arxa hissəsini üfunətdən, zibildən təmizlədərək oradan kənarlarını daşla hördürməklə jalyüz qoydurub. Lakin bu dəfə 16 saylı “JEK”-in Vidadi adlı rəisi jalyüzü linglə uçurdub, yararsız hala salıb. Deyib ki, İcra Hakimiyyəti tərəfindən ona belə göstəriş verilib.

R.Tağıyev deyir ki, ona məxsus olan qarajın bütün sənədləri qaydasındadır.

“Mən vətən yolunda sağlamlığımı itirmişəm, II qrup əliləm. Yeganə gəlirim prezident tərəfindən təyin olunmuş pensiyadır. Onlar isə məndən qaraja qapı açmaq üçün 5 min manat pul istəyirlər. Məndə isə bu pul yoxdur. Mənə vurulmuş bu ziyanı kim ödəyəcək? İcra Hakimiyyətinə getdim, başçının müavini Qurban İsmayılov məni qəbul etmədi. Şöbə müdiri vardı, o qəbul etdi, dedi narahat olma, problem həll olunacaq. Ancaq həll olunmadı. İndi mən dövlətin verdiyi avtomobili şəxsi qarajımdan çıxara bilmirəm, obyekti tikənlər deyirlər ki, bu sahəni pul verib alıblar. Bundan əvvəl də zibil qabları üçün nəzərdə tutulmuş sahənin bir hissəsini satdılar, orada ağacları kəsib yerində obyekt tikdilər. Sakinlər etiraz edəndə sahibkar qabağa çıxıb dedi kimə lazımsa pullarını verib, siz kimsiniz?”-şikayətçi bildirir.

Xatırladaq ki, Gədəbəy rayonunda İcra Hakimiyyətinin göstərişi ilə sahibkarın tikinti materialları mağazasının qarşısı kərpiclə hörülüb və nəticədə mağazanın fəaliyyəti iflic edilib.

virtualaz.org

ŞƏRH YAZ
Ad

E-mail

Şərh