Bakıda saatyarımlıq avtobus gəzintisi - FOTO

Yeniliklər 20 Dekabr 2014 22:34 Oxunub 2343
Bakıda saatyarımlıq avtobus gəzintisi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Şəhər turu” marşrutunun uzunluğu 23 km-dir

Ölkəmizdə turizm xidmətinin keyfiyyətini artırılması, Bakı şəhərində yerli və xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərdən biri də “Şəhər turu” layihəsidir. Avtosfer.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi təkliflər əsasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhər turu”nun marşrut xətti və dayanacaqları təsdiq edilib. Sözügedən marşruta əsasən 15 dayanacaq nöqtəsi yaradılıb: Azadlıq meydanı; Heydər Əliyev Mərkəzi; Müasir İncəsənət Muzeyi; Qız qalası; “Four Seasons” mehmanxanası, “İçərişəhər” metro stansiyası; Alov qüllələri; Dağüstü Park; “Bəhram Gur” heykəli; Azərbaycan Dövlət Bayrağı Meydanı; “Panorama” əyləncə çarxı; “Azneft” Meydanı; Kukla teatrı; Muzey Mərkəzi; “7 Gözəl” fəvvarəsi. Hər bir 15 nöqtədə quraşdırılmış dayanacaq lövhəsində dayanacağın nömrəsi və avtobuslar arasında olan zaman intervalı qeyd edilib.

Bütün bunlarla yanaşı, turistlərə və qonaqlara göstərilən xidmətin daha da yüksəldilməsi məqsədilə mehmanxanalar tərəfindən qabaqcadan məlumatlandırılan zaman, avtobuslar Abşeron Marriott mehmanxansının qonaqlarını götürmək üçün Dəniz limanının qarşısında, Fairmont mehmanxansının qonaqları üçün Alov qüllələri binasının önündə, habelə Riviera Otelinin qonaqları üçün otelin aşağı yolunda qısa dayanacaqlar edirlər.

“Şəhər turu” marşrutunun uzunluğu 23 km., turun müddəti isə 1 saat 30 dəqiqə təşkil edir. “Şəhər turu”ndan istifadə edən yerli və xarici vətəndaşlar hər 3 avtobusda qulaqcıqlar vasitəsilə azərbaycan, ingilis, ispan, rus, fransız, alman, yapon və fars dillərində audioqid sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə əyani şəkildə tanış olur və aidiyyəti məlumatları ala bilir.

Bundan başqa, “Şəhər turu” marşrutunda istifadəçilərə xidmət səviyyəsinin daha da genişləndirilməsi məqsədilə hər 3 avtobusda yüksək sürətli ödənişsiz simsiz İnternet quraşdırılıb. Bu isə “Şəhər turu”nda iştirak edən hər bir şəxsə ekskursiya zamanı çəkdikləri fotoşəkilləri və videofaylları sosial şəbəkələrdə paylaşmaq imkanını yaradır.

Hər bir “Şəhər tur”larında iştirak etmək üçün biletləri avtobusların daxilində, Bakı Turizm İnformasiya Mərkəzində (Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küç. 36.) yaradılmış bilet satışı məntəqəsində əldə edə bilər.

Bundan başqa, turistlərin və Bakıya gələn qonaqların rahatçılığı üçün Bakı şəhərində fəaliyyət göstərən bir sıra mehmanxanalarda (Fairmont, Four Seasons, Park İnn, Riviera, Grand, Gəncəli və s.) bilet satışları həyata keçirilir.

Onlayn satış üzrə liderlərdən olan “BeSmart” və “Bonuslar” şirkətləri ilə birgə bir sıra müxtəlif endirim kampaniyaları da keçirilib.

Fəaliyyətə başladığı dövrdən təxminən 16 min yerli və xarici qonağa xidmət göstərilib. Bunlardan 7 min nəfər əcnəbilərdir.

Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin balansında olan 3 ədəd MAN Gülərüz Kobra markalı ikimərtəbəli üstüaçıq 70 nəfərlik (20 yer birinci mərtəbədə və 50 yer ikinci mərtəbədə) avtobusları “City Sightseeing Baku” şirkətinin istifadəsinə verib. Cari ilin 03-05 aprel tarixlərində “AİTF” beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı Expo Mərkəzində “Şəhər turu” layihəsinin təqdimat mərasimi keçirilib. Dünyanın 33 ölkəsinin 104 şəhərində fəaliyyət göstərən “City Sightseeing Worldwide” şirkətinin rəhbərliyi də bu tədbirdə iştirak edib.

Günbəgün gözəlləşən və inkişaf edən Bakımızın yerli və xarici qonaqlarını “Şəhər turu”ndan istifadə etməyə dəvət edirik.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh