Qadın sürücülər haqda şok faktlar - İlk yol qəzasına qadın səbəb olub

Yazarlar 12 Dekabr 2017 12:52 Oxunub 3040
Qadın sürücülər haqda şok faktlar - İlk yol qəzasına qadın səbəb olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kişi və qadın sürücülər arasındakı fərqlər sizi təəccübləndirəcək

Bəlkə də çoxlarının xəbəri yoxdur ki, dünyada ilk dəfə yol hərəkəti qaydasının pozulması nəticəsində avtomobil qəzası məhz qadının iştirakı ilə baş verib. 1896-cı il avqustun 17-də London yaxınlığında Brigitta Driskols adlı qadın öz qızı ilə kilsəyə gedərkən qəzaya uğrayıb. Başı söhbətə qarışan ana-bala dairəvi yolu keçdikləri zaman üzərində “Ehtiyatlı olun, atsız hərəkət edən nəqliyyat vasitələri!” sözləri yazılmış xəbərdarlıq nişanını diqqətdən qaçırırlar. Həmin anda yolda benzin mühərrikli üç avtomobil ötüşürmüş. Xanım Driskols yalnız yolun ortasına çatanda heç vaxt görmədiyi özüyeriyən arabanın yüksək sürətlə ona doğru irəlilədiyini görüb. Qadın əlindəki çətiri irəli verib nəqliyyat vasitəsini özündən kənara itələmək istəsə də, avtomobil onu da vurub. O zaman hadisəni araşdıran məhkəmə yol-nəqliyyat hadisəsi ilə bağlı ilk tarixi qərar çıxarıb: “Xanım Driskols öz diqqətsiliyi ucbatından yol hərəkəti hadisəsinin qurbanı olub. 

Kişi və qadın sürücülər arasındakı fərqlər

İndi ən geridəqalmış ölkədə belə qadınların avtomobil idarə etməsi təəccüblə qarşılanmır. Müşahidələr göstərir ki, qadınlar avtomobili kişilərdən heç də pis idarə etmirlər. Amma qadınların maşın sürmə tərzi kişilərlə müqayisədə bir qədər fərqlidir. Mütəxəssislər bildirirlər ki, kişilər qəzaların çoxunu ehtiyatsızlıq üzündən, özlərinin və avtomobilin imkanlarının qədərindən artıq qiymətlənirmələri ucbatından, yaxud da yol hərəkəti qaydalarına riayət etməmələri səbəbindən törədirlər. Qadınlarda isə qəzaların səbəbi çox vaxt həddindən artıq ehtiyatlılıq, öz imkanlarının aşağı qiymətləndirmə və təcrübə çatışmazlığından ibarət olur. Bəzən qorxu hissi elə situasiyalarda əyləci basmağa məcbur edir ki, həmin vəziyyətlərdə yol qəzasından yayınmaq üçün sürəti artırmaq tələb olunur. 

Kişilər avtomobili idarə edərkən qadınlara nisbətən özlərini daha aqressiv aparırlar. Qadınlar isə yolda daha səliqəli davranmağa çalışırlar. Tədqiqatlar göstərir ki, qadınlar özlərinin və uşaqlarının həyatına görə məsuliyyət daşıdıqlarını bir an belə unutmur və buna görə də yolda heç vaxt riskə yuol verməməyə çalışırlar. Qadın sürücülərin digər özünəməxsus cəhəti onların avtomobili aşağı sürətlə idarə etmələridir. Məsələn, onlar kişi sürücülərin 80-100 km/saat sürətlə şütüdükləri yerlərdə avtomobili 60 km/saat sürətlə idarə edirlər. 

Qadın avtomobilləri

Avtomobilqayırma tarixində bir çox maraqlı hadisələrə təsadüf edilir ki, onlardan biri də qadınlar üçün şəxsi minik maşınının istehsalı ilə bağlıdır. Qadınların avtomobil idarə etməsi XX əsrin əvvəllərindən başlayıb. O zaman Fransada istehsal olunan maşınlar kişilərlə bərabər qadınlar da maraq dairəsinə düşüb. İkinci Dünya Müharibəsindən sonra Almaniyanın “Volkswagen” şirkəti də qadınlar üçün avtomobil istehsalına başlayıb. Sırf qadın avtomobilinin buraxılması isə ötən əsrin 50-ci illərinə təsadüf edir. Almaniyanın “Borqvard” şirkəti 1957-ci ildə “İsabella Coupe” modeli asan idarə oluna bilən qadın avtomobili istehsal edib. Artıq bu gün dünyanın istənilən aparıcı firması qadın avtomobilləri istehsal edir. Məsələn, “Volkswagen Polo”, “Volkswagen Golf”, “Opel Tigra”, “Renault Twigo”, “Suzuki Vitara” markalı maşınlar ən məşhur qadın avtomobilləri sayılır. Qadınlarının marağının ənənəvi ucuz və kiçik avtomobillərdən daha sanballı modellərə doğru yönəlməsi avtomobil istehsalçıları üçün böyük əhəmiyyət kəsb edir. Çox güman ki, bu proses gələvəkdə də davam edəcək. 

Azərbaycanlı xanım sürücülər

Bu gün Azərbaycanda da çox sayda qadın sürücülər sükan arxasında əyləşir. “Nissan Tida” markalı avtomobil sahibi İlhamə Səfərova deyir ki, o, avtomobili şəxsi işi ilə əlaqədar almağa məcbur olub. Çünki ictimai nəqliyyatdan istifadə etmək vaxt baxımından ona sərfəli olmayıb. Uzun müddətdir şəxsi nəqliyyatdan istifadə edən İlhamə xanım yollardakı tıxaclardan təngə gəldiyini söyləyir. Digər sürücü həmkarlarının və yol polislərinin davranışlarına öyrəndiyini deyən müsahibimiz bircə tıxaca düçar olmamağı arzulayır. Üç ildən çoxdur “Hyundai Accent” markalı avtomobili idarə edən Xalidə Quliyeva sürücülükdən zövq aldığını deyir. Onda avtomobilə qarşı xüsusi maraq və sevgi formalaşıb. X.Quliyeva yolardakı tıxaclardan, avtoxuliqanlardan və səriştəsiz sürücülərdən narazıdır. Deyir ki, bəzən kişi sürüclər qadın sürücləri gördükdə, qəsdən onların yoluna çıxır, səs siqnalı verir, avtoxuliqanlar isə başqa cür maneəçiliklər törədirlər: “Dəfələrlə xoşagəlməz hallarla rastlaşmışam. Bir dəfə şəhərkənarı yolda avtoxuliqanlardan biri mənim maşınımı ötən kimi qarşımda yüz oyundan çıxıb əsəblərimlə oynamağa başladı. Gah öz avtomobilmimi iki təkəri üstünə qaldırır, gah da yolun sağına və soluna çıxmaqla, sürətini artırıb-azaltmaqla məni çaşdırmağa çalışırdı. Başa düşürdüm ki, xanım olduğuma görə belə edir. Onun nömrəsini yadda saxlayıb yol polisinə verdim, amma sonradan öyrəndim ki, vəzifəli bir şəxsin oğlu olduğuna görə czalandırmayıblar”. 

Azərbaycanda qadın sürüclər arasında müxtəlif səlahiyyət sahibləri var, onlar arasında tanınmış simalar da az deyil. Bu sırada deputatlar, müğənnilər, iş adamları, dövlət qulluqçuları az deyil. Apardığımız sorğular nəticəsində məlum olub ki, azərbaycanlı xanımlar daha çox qırmızı, qara, gümüşü, ağ rəngli avtomobillərə üstünlük verirlər. Onlar üçün ən vacib amil avtomobil salonunun rahat olmasıdır. 

Statistika

Statsitikaya görə, Azərbaycanda qadın sürücülər xırda qəza və yol pozuntusu hallarına kişilərə nisbətən daha çox yol versələr də, ağır yol-nəqliyyat hadisələrini daha az törədirlər. DİN Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumatda bildirilir ki, Azərbaycanda qadın sürücülər daha çox yüngül toqquşmalara düşürlər. 

Ağır yol qəzalarında hələ də kişilər liderlik edirlər. Kişi sürücülər ən çox sürət həddini aşmağa və ötmə qaydalarını pozmağa meyilldirlər. Qadınlar isə manevr və sıranı dəyişərkən xətaya yol verirlər. Təəssüf ki, bəzi hallarda avtomobili sərxoş vəziyyətdə idarə edən qadın sürücülərə də rast gəlmək olur.  Daxili İşlər Nazirliyindən bildirilib ki, bu istiqamətdə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən qayda pozuntularına yol verən sürücülərə qarşı mübarizəni daha da gücləndirmək məqsədi ilə xüsusi əməliyyat qrupu yaradılıb və mütəmadi reydlər keçirilir. Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən artıq inzibati protokol tərtib edilib. Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 11 mindən artıq sürücü avtomobili sərxoş idarə etdiyinə görə, 6218 sürücü ötmə, manevr etmə qaydalarının pozulmasına, 127 568 sürücü yolayrıcını keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib. Onların arasında qadın sürücülər azlıq təşkil edir. Bundan başqa, 83 567 piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. 

 

Altunay,

ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh