Bakıda tıxac bu səbəbdən yaranır - BAXIŞ

Yazarlar 13 Dekabr 2017 14:48 Oxunub 2782
Bakıda tıxac bu səbəbdən yaranır - BAXIŞ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: "Sürücü zərurət olmadan zolağı dəyişməməlidir"

Paytaxt Bakının illərdir həllini tapmayan problemlərindən biri də tıxaclardır.Artıq şəhərin mərkəzində deyil, ucqarlarda da yollar tıxacdan keçilməzdir.Bunun qarşısını almaq demək olar ki, mümkün olmur.Buna səbəb paytaxtda avtomobillərin sayının getdikcə artmasıdır.Digər tərəfdən isə sürücülərin yollarda zolaqlar üzrə hərəkət etməməsi tıxac yaradan əsas səbəblərdəndir.Bu günlərdə Azadlıq prospektinin Novxanı qəsəbəsi istiqamətində olan hissəsində əks yola çıxan 2800-dən çox avtomobil müşahidə kameralarına düşüb.Müşahidə kameralarına düşən avtomobil sürücüləri əks yola çıxdıqlarına görə cərimələnib. Məsələ burasındadır ki, yollarda tıxacı aradan qaldırmağın yeganə yolu zolaqlar üzrə hərəkət etməkdirsə, bu gün buna əməl olunmur.Sürücülər yol zolaqlarında hərəkət zamanı pərakəndəlik nümayiş etdirir, sağ və soldakı avtomobilləri sıxışdırıb, yolun əks istiqmətinə çıxırlar.Rusiya və digər ölkələrdə zolaqlar üzrə hərəkət etməyən sürücülər müşahidə kameralarına düşür və cərimələnir.Azərbaycanda isə demək olar ki, bu sistem işlək deyil.Yəni zolaqdan çıxan sürücü cərimələnmir.Halbuki buna görə cərimələnmə baş verərsə, tıxaclar aradan qaldırıla bilər.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Cümhuriyət”ə bildirib ki, Azərbaycanda hazırda qüvvədə olan yol hərəkəti qaydalarında zolaqlar üzrə hərəkət çox aydın şəkildə nəzərdə tutulur: “Həmin qaydalar Azərbaycanda 70-ci illərdən qüvvədədir. Bütün yollarda hərəkət zolaqları var və hər bir sürücü öz nəqliyyat vasitəsini müvafiq hərəkət zolağına uyğun yerləşdirib hərəkət etməlidir. Zərurət olmadan zolağı dəyişməməlidir. İki zolağı zəbt etməməlidir.Yaxud da iki zolağın arasında hərəkət etməməlidir.Əks istiqamətdə hərəkət zolaqları varsa, onlar keçilməməlidir. Bütün bunlara doğru-düzgün riayət olunsa, Bakıda, ətraf yollarda tıxaclar  yaranmaz. Ümumiyyətlə, zolaqlar üzrə hərəkət heç də bizim kəşfimiz deyil.Dünyanın hər yerində belədir”.

Zolaqlar üzrə hərəkət edilməməsinə görə cərimələnmə məsələsinə gəlincə, Ərşad Hüseynov deyib ki, bu, sürücünün zolaq üzrə hərəkətinin hansı tələbini pozmasından asılıdır: “Əgər yolda sıxlıq yarandığına görə sürücü öz növbəsini gözləməyib qarşı hərəkət zolağına çıxır, axına doğru gedirsə, onun cəriməsi 100 manatdır və həmin sürücüyə 4 cərimə bal tətbiq olunur. Yox, əgər qarşıda hərəkətin axını yoxdursa, heç kəsə mane olmur, sadəcə, avtomobili qismən hərəkət zolağına keçirir, 5-10 avtomobildən irəli düşmək istəyirsə, bunun cəriməsi 60 manat, 3 baldır. Sadəcə, eyni istiqamətli zolaqda avtomobili hara yerləşirsə, ora hərəkət etdirirsə, bunun cəriməsi 40 manatdır.Yəni zolaqlara dair tələbi kobud şəkildə pozmağın cəriməsi 40 manatdır.Bu xətanın adı nəqliyyat vasitəsini yolun hərəkət hissəsinə yerləşdirilməsi qaydasını pozmaqdır.Bir sözlə, bu zolaqların mahiyyətinə görə müəyyənləşir.Kim hansı qaydada tələbi pozursa, ona görə də cərimələnməlidir.Dediyim bu hallar nəzarət kamerası ilə təyin edilir.Qayda pozuntuları həmin kameralarla qeydə alınıb, elektron protokolla sənədləşdirilə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh