Sürücülər bunu mütləq oxusun – Buna görə cərimə düşmür

Yazarlar 13 Dekabr 2017 16:46 Oxunub 25560
Sürücülər bunu mütləq oxusun – Buna görə cərimə düşmür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nömrənin banda təkrar yazılmamasına görə cərimə nəzərdə tutulmur

Son günlər yük avtomobili sürücüləri tez-tez soruşurlar ki, avtomobilin bortunun arxasında dövlət qeydiyyat nişanının (nömrənin) təkrar yazılmamasına görə cərimə varmı və bu cərimə nə qədərdir? Belə avtomobil cərimə meydançasına aparıla bilərmi? Bu mövzuda sualların artdığını nəzərə alaraq məsələyə Avtosfer.az saytı vasitəsilə sırf hüquqi aydınlıq gətirmək istərdim.

“Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin VII hissəsinin 10-cu bəndindən aydın olunur ki, dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar yazılmalıdır.

Bəs bu tələbi pozan sürücünü hansı məsuliyyət gözləyir?  Suala cavab vermək üçün İnzibati Xətalar Məcəlləsinə diqqət edək. Məcəllənin 342.1.3-cü maddəsi dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 342.7-ci maddəsi isə dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə məsuliyyət müəyyən edir. Göründütyü kimi, hər iki normada söhbət dövlət qeydiyyat nişanlarından, yəni DYP-nin nəqliyyat vasitələri üçün verdiyi məlum xüsusi lövhələrdən gedir. Həmin normaların heç biri dövlət qeydiyyat nişanının hərf və rəqəmlərinin yük avtomobillərinin, qoşquların və avtobusların banının arxa tərəfində yazılmaması halını ehtiva edə bilməz.

AZS 599-2015 dövlət standartına da diqqət etdikdə yalnız dövlət qeydiyyat niaşnlarına, yəni DYP-nin verdiyi lövhələrə dair detallı tələblərin təsbit edildiyini görəcəyik. Həmin dövlət standartında yük avtomobillərinin, qoşquların və avtobusların banının arxasında dövlət qediyyat nişanının rəqəm və hərflərinin təkrar yazılması ilə bağlı bir kəliməyə də rast gəlinmir və təbii ki, bunun standartı müəyyən edilmir.

Kimlərsə düşünə bilər ki, dövlət qeydiyyat nişanının hərf və rəqəmlərinin bu qaydada təkrar yazılmaması nəqliyyat vasitələrinin konstruksiyasının digər ünsürlərinin nasazlığı kimi qiymətləndirilərək İXM-in 342.5-ci maddəsi üzrə məsuliyyətə səbəb olar. Lakin bu da qanunun kobud təhrif edilməsi olar, çünki nəinki dövlət qeydiyyat nişanının təkrar yazılmasını, hətta bu nişanının lövhəsinin özünü də nəqliyyat vasitəsinin konstruksiya elementi adlandırmaq gülünc olardı. Ona görə də göstərilən halda İXM-in 342.5-ci maddəsi üzrə (konstruksiyasının digər ünsürlərinin nasaz olmasına görə) məsuliyyətdən də söhbət gedə bilməz.

Beləliklə, yük avtomobili sürücülərinin verdiyi suala cavab olaraq bildirirəm ki: 

1. Ölkəmizin qanunvericiliyində yük avtomobillərinin, qoşquların və avtobusların banının arxa hissəsində dövlət qeydiyyat nişanının hərf və rəqəmlərinin təkrar yazılmamasına görə heç bir məsuliyyət nəzərdə tutulmur və heç kəs buna görə cərimə oluna bilməz. Uzağı DYP əməkdaşı belə nəqliyyat vasitəsini idarə edən sürücüsünü dayandıraraq xəbərdar edə bilər ki, idarə etdiyi yük avtomobilinin, qoşqunun və avtobusun bortunun arxasında dövlət qeydiyyat nişanının hərf və rəqəmlərini təkrar yazsın.

2. Yük avtomobillərinin, qoşquların və avtobusların banının arxa hissəsində dövlət qeydiyyat nişanının hərf və rəqəmlərinin təkrar yazılmamasına görə heç bir məsuliyyət olmadığına görə belə təkrarlanmanın olmamasına görə heç kəsin avtomobili cərimə meydançasına yerləşdirilə bilməz. Belə avtomobilin cərimə meydançasına yerləşdirilməsi kobud qanun pozuntusu olar. Çünki İXM-in 96-cı və 97-ci maddələrində nəqliyyat vasitəsinin hansı hallarda cərimə meydançasına yerləşdirilə bilməsi dəqiq və aydın təsvir edilib.

Ümumiyyətlə, qeyd olunan sualın yaranmaması üçün sadaladığımz nəqliyyat vasitələrinin banının arxasında dövlət qeydiyyat nişanlarının hərf və rəqəmlərinin təkrar yazılmasına dair müddəa ləğv edilmlidir, çünki bunun heç bir əhəmiyyəti yoxdur. Doğurdan da, müasair texniki nəzarət vasitələrinin mövcud olduğu, istənilən avtomobilin həm qabaq, həm də arxa tərəfində dövlət qeydiyyat nişanının vurulduğu şəraitdə banın arxasında nömrənin təkrar yazılmasının nəyə xidmət etdiyini anlamaq mümükün deyil.

Məlumat üçün bildiriəm ki, dünyanın tək-tük ölkəsində belə tələbə rast gəlmək olar. Qonşu Rusiyada da Sovet dövründən qalma belə tələb var idi və həmin tələb 2008-ci ildən ləğv edilib. Buna görə də qanunvericilik səlahiyyəti olan orqanlardan xahiş edirəm ki, həmin tələbi bizim ölkəmizdə də  ləğv etsinlər. Belə bir təşəbbüsü DYP irəli sürsə, lap yaxşı olar.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh