Bakıda sürücüləri aldadıb maşına pərdə vurdurdular – Cərimələnənlər var

Yazarlar 15 Dekabr 2017 10:36 Oxunub 1928
Bakıda sürücüləri aldadıb maşına pərdə vurdurdular – Cərimələnənlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kim deyir ki, jalüz pərdə deyil və ya, nağıllara inanmayın

Son günlər sürücülər arasında belə bir şaiyə yayılıb ki, guya jalüz pərdə sayılmır və buna görə də ondan avtomobildə hər zaman istifadə etmək olar. Hətta bu şaiyəyə inanıb avtomobilinə jalüz vuran və buna görə yol polisi tərəfindən saxlanılıb 150 manat cərimə edilən çoxlu saytda sürücü də var. Sürücülər iddia edirlər ki, kimsə onları qanunda belə bir dəyişiklik edildiyinə inandırıb. Bəzi sürücülər isə deyir ki, onlara jalüzün pərdə sayılmadığını, yol polisinin buna görə cərimə yazmağa ixtiyarı olmadığını deyiblər. Onlar da buna inanaraq avtomobilin arxa yan şüşələrinə jalüz vurublar və cərimə ediliblər. Lakin sonradan cəriməni ləğv etdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Məlum olub ki, qanunda heç bir dəyişiklik edilməyib. Üstəlik, jalüzün pərdə sayılmadığını sübut etmək üçün qanunvericilikdə heç bir istinad mənbəyi yoxdur.

Avtosfer.az sürücülərin üzləşdiyi bu vəziyyəti nəzərə alaraq bəzi məqamları diqqətə çatdırır. İlk növbədə qeyd edirik ki, bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verdik və aldığımız cavab ondan ibarət oldu ki, qanunda dəyişiklik edilməyib. Jalüz isə örtük sayıldığı üçün qanunla noyabrın 15-dən mayın 1-dək istifədəsi qadağandır. DYP də təsdiq edir ki, kimsə sürücüləri yalnış istiqamətə yönəldir və son anda uduzan yenə də onlar olur. Yol polisi sürücülərə tövsiyyə edir ki, şaiyələrə uymasınlar və qanunvericiliyin tələbinə riayət etsinlər.

Avtosfer.az sürücülərin diqqətinə çatdırır ki, “Yol hərəkəti haqqında” qanun avtomobilin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanmış örtüklərin çəkilməsini qadağan etmir. Lakin qanunda deyilir ki, həmin örtüklərdən yalnız mayın 1-dən noyabrın 15-dək istifadə etmək olar.

Əslində, biz də bu qadağanın mahiyyətini tam olaraq başa düşmürük. Çünki həmin örtüklər nə qışda, nə də yayda sürücüyə, yol hərəkəti təhlükəsizliyinə mənfi təsir edir. Dünyanın əksər ölkələrində sürücüdən arxada qalan şüşələrin tünd va ya şəffaf olması sürücünün öz ixtiyarına buraxılıb. Yəni, sürücü istəsə tündləşdirə də bilər, şəffaf da da saxlayar. Bu müddəa Avropa İqtisadi Komissiyasının qərarında göstərilib. Azərbaycan da bu qərarın tələbini icra etmiş olarsa, o zaman bizdə də arxa qapının şüşələrinin tündləşdirilməsinə görə cərimə tətbiq edilməyəcək. Ancaq indi cərimə tətbiq edilir. Çünki İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.2.4-cü maddəsində nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə (maddədə məhz belə yazılıb) 150 manat cərimə nəzərdə tutulur. Diqqət etdinizsə, həmin maddədə jalüz, pərdə, plyonka, xalça və ya palaz yox, məhz örtük yazılıb. Deməli, sadaladığımız elementlərin, hətta qəzet parçasının avtomobilin yan şüşələrinə vurulması (tam olaraq yapışdırılması) qayda pozuntusu sayıla bilər. Odur ki, sürücülər onun-bunun dediklərini yox, qanunda yazılanları nəzərə alıb qaydalara əməl etsələr heç kimi onları cərimə etməz.

Jalüzün pərdə olmaması məsələsinə gəlincə, bu nağılı danışanlar bir aya yaxındır sürücüləri çaşdırıb işə salıblar. Amma heç bir hüquqi əsas göstərmirlər ki, cərimə olunan sürücü gedib protokolu ləğv etdirsin. Əslində, göstərməyə əsas da yoxdur. Amma danışmağa nağıl var və bu nağıllara inanmaq olmaz. Çünki jalüz də pərdənin bir növüdür. İXM-də isə pərdə sözü yazılmayıb, burada söhbət örtükdən gedir. Örtük söhbətini də izah etdik. Jalüz konkret formada pərdənin bir növüdür, örtük sözü də ona aiddir. Hər iki halda bu vasitədən mayın 1-dək istifadə etməsəniz 150 manatınız cibinizdə qalacaq...

P.S. İstənilən dilin izahlı lüğətini açıb baxsanız görəcəksiniz ki, jalüz pərdənin bir növüdür.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh