Bu hallarda maşın cərimə meydançasına aparılacaq - 3 saat söhbəti ləğv edildi

Yazarlar 18 Dekabr 2017 00:50 Oxunub 6001
Bu hallarda maşın cərimə meydançasına aparılacaq - 3 saat söhbəti ləğv edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq yol polisi əməkdaşına “3 saat gözləməlisən” deməyə son qoyuldu

Dekabrın 15-də Milli Məclisdə “Yol hərəkəti haqqında” qanuna daha bir dəyişiklik qəbul edilib. Avtosfer.az xəbər verir ki, dəyişiklik texniki xarakter daşıyır və ötən ilin martında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşdırılır. Söhbət avtomobilin hansı hallarda cərimə meydançasına aparılmasından gedir. Ötən ilin mart ayından əvvəlki Məcəllədə qeyd olunur ki, bəzi hallarda, xüsusən də sürücünün sənədləri üzərində olmadıqda 3 saat ərzində yol polisi əməkdaşı onun təmin edilməsini gözləməli idi. Bu vaxta qədər maşın cərimə meydançasına aparıla bilməz. Lakin yeni Məcələddə qeyd olunur ki, həmin hallarda da nəqliyyat vasitəsi cərimə meydançasına aparılmalıdır. Bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 85-ci maddənin birinci hissəsinin 9-cu bəndi aşağıdakı redaksiyada verilir: 

- İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir).

Qeyd: Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi isə nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi ilə bağlıdır. Maddədə bunlar əksini tapır:

96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;

96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;

96.1.7. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.

Odur ki, artıq yol polisi əməkdaşına “3 saat gözləməlisən” deməyə son qoymaq və yol hərəkəti qaydalarına əməl etmək lazımdır.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

İlkin 18 Dekabr 2017 11:51
Camaat Avropada sənədsiz sürür bizimkilər isə yumurtadan yun qırxıxlar.