Beş velosipedçini maşın vurub – 2 ölü, 3 yaralı – Qanunda boşluqlar var

Yazarlar 27 Dekabr 2017 15:42 Oxunub 4000
Beş velosipedçini maşın vurub – 2 ölü, 3 yaralı – Qanunda boşluqlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kiçik səhvlərə yol verən velosipedçilər sürücü və piyadalar üçün təhlükə yaradırlar

Son dövrlərdə velosipedçilərin avtomobillərlə vurulması ilə nəticələnən yol qəzalarının sayı artıb. Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəsmi statistikaya görə, bu ilin 11 ayı ərzində velosipedçinin təqsiri ucbatından baş vermiş 5 qəzada isə 2 nəfər ölüb, 3 yaralı var. Dünən də Babək prospektində “Lada Priopa” markalı avtomobil velosipedlə hərəkətdə olan 1980-ci il təvəllüdlü İbrahimov İsak İsmayıl oğlunu vurub. Müxtəlif xəsarətlər alan İ.İbrahimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Avtosfer.az bildirir ki, velosipedlə vurulanlarla yanaşı, velosiped tərəfindən vurulan piyadalar da olur. Hətta, yay aylarında rayonların birndə velosipedlə vurulan qadın hadisə yerində ölmüşdü.

Göründüyü kimi, son illər insanlar arasında velosipedə maraq nə qədər artırsa, hadisələrin də sayı o qədər çoxalır. Əslində, velosipedə marağın artması çox yaxşı haldır. Lakin qaydalara əmək etməklə velosiped sürmək daha yaxşı hal olardı.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, Azərbaycan qanunvericiliyində velosipedçinin hüquq və vəzifələri aydın şəkildə yazılıb: “Lakin deməzdim ki, velosiped sürmək üçün yollarımızda hər cür şərait var. Sumqayıt və Gəncə şəhərlərində velosoped zolaqları yaradılıb. Bakıda vəziyyət elədir ki, bunu yaratmaq çətindir. Lakin bu o demək deyil ki, velosiped yolu yoxdursa heç kim velosiped sürməsin. Sürsünlər. Amma qaydalara əməl etməklə. Bakıda velotrek yaradılıb. Şıx çimərliyinin yanında geniş meydança var. Lakin ora gedənlərin sayı çox azdır. Hamı istəyir ki, şəhərdə yolun ortasında velosiped sürsün, camaat da baxsın. Məsələn, Dənizkənarı bulvarda da şərait yaradılıb. Konkret ərazi müəyyən edilib ki, insanlar orada rahat şəkildə velosiped sürə bilərlər. Lakin baxıb görürük ki, bəzi insanlar velosipedi insanların gur olduğu yerlərdə sürür. Təsəvvür edin ki, yay aylarında vəziyyət daha dözülməz olur və polislərlə bulvar mühafizəçiləri işini-gücünü atıb velosipedçi qovmaqla məşğul olurlar. Mən özüm dəfələrlə şahidi olmuşam ki, velosipedçi uşaqları, böyükləri vurub. Çünki sürətlə hərəkət edərək insanların gur olduğu yerlərdə də sürürlər”.

Elməddin Muradlı deyib ki, velosipedçilər qanunun tələbinə az əməl edirlər: “Svetoforun işıqlarına baxmırlar. Səki ilə hərəkət edərkən insanları narahat edirlər. Ən təhlükəlisi də odur ki, yolu keçərkən kobud qayda pozurlar. Qanun tələb edir ki, yolu keçərkən velosipeddən düşüb əllə sürüb yolu keçməlidirlər. Amma bir də görürsən ki, velosipedi sürətlə sürüb yolu keçirlər. Qəzalar da belə anlarda baş verir. Gecələr yola çıxarkən bəzən velosipedin üzərində heç bir işıqqaytarıcı vasitə olmur. Yolun kənarı ilə nəqliyyat axınına qarşı yox, maşınlarla eyni istiqamətdə hərəkət edirlər. Nəticədə nə sürücü velosipedçini görür, nə də velosipedçi sürücünü. Beləcə, ağır qəzalar baş verir. Bu insanlar dərk etməlidirlər ki, onlar velosiped sürürlərsə, yenə də yol hərəkəti iştirakçısı sayılırlar və yol qaydalarına əməl etməlidirlər. Bizim qanunlarda hətta sərxoş halda velosiped sürənlər üçün də cərimə nəzərdə tutulub. Qaydalar, cərimələr çoxdur. Lakin yol polisi çox vaxt bunu tətbiq etmir. Edəndə isə qınağa tuş gəlir. Axı velosipedçi başa düşmür ki, onun başına bir iş gəlsə, qəza baş versə, kimsə xəsarət alsa, ölsə o zaman yol polisi cavab veriməli olur. Çünki yollarda təhlükəsizliyi onlar təmin edirlər. Ona görə də, velosipedçi əvvəlcə qayda-qanuna etməyi, evə sağ-salamat getməyi düşünməlidir, sonra kimdənsə narazılıq etmək olar. Tək-tək yola çıxan velosipedçilər bir yana, qrup halında hərəkət zamanı mütləq yol polisi ilə razılaşma əldə olunmalıdır ki, təhlükəsizlik təmin edilsin. Bu, elə də çətin məsələ deyil. Sadəcə hər şeyi əvvəldən planlaşdırmaq lazımdır. Yol elə bir yerdir ki, kim nə zaman nə istəsə edə bilməz”.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, velosiped nəqliyyat növü kimi populyar olmadığından qanundakı boşluqlar hələ gözə dəymir. Amma boşluqlar çoxdur: “Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsində deyilir ki, velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır. İdmançı velosipedçilərin qrup halında hərəkət vaxtı bu qaydaları pozması ehtimalı böyükdür. Çünki onlar bəzən 2 və daha çox cərgə ilə, özü də hamısı birlikdə gedirlər.

Əvvəlki bənddə nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşakar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini təlb etməlidir. Amma məhz 2 və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur. Bu, bizim qanundakı boşluqlarıdır”. 

 

Elmin

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh