Parkomant pulları uğrunda savaş başladı –  NN və BŞİH

Yazarlar 27 Dekabr 2014 02:11 Oxunub 2224
Parkomant pulları uğrunda savaş başladı –  NN və BŞİH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günlük 60 min manat uğrunda iki dövlət qurumu arasında savaş gedir

 

Ərşad Hüseynov: «Bir ərazidə avtomobil parklanmasına görə iki qurumun pul toplaması biabrçılıqdır»

 

Son illər paytaxt üçün ən böyük problemlərdən birinin tıxaclarla bağlı idi. Müvafiq dayanacaqlar olmadığından vətəndaşlar avtomobillərini yolun kənarlarında, hətta səkilərdə saxlayırdı. Bu isə onsuz da avtomobil sıxlığı yaşayan Bakı küçələrini keçilməz edirdı. Sonradan şəhərin bir neçə ərazisində yeraltı dayanacaqlar tikilsə də, problem tam həllini tapmadı. Bu dayanacaqların istifadəyə verilməsindən sonra şəhərin mərkəzi hissələrində avtomobillərin park edilməsi isə təmamilə qadağan edildi. Sonradan həmin ərazilərə parkomatlar qoyuldu. Paytaxt ərazisində ümumilikdə 350 parkomat qurulması nəzərdə tutulurdu ki, hazırda bunlardan təxminən 300-ü qurulub və işlək vəziyyətdədir. Həmin parkomatlara nəzarət Bakı meriyasının müvafiq strukturu olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) həyata keçirir. Amma hazırda bu qurumla yanaşı, Nəqliyyat Nazirliyi «Bakı Sərnişin Nəqliyyatı» MMC tərəfindən də avtomobillərin parklanmasına görə qəbz verilir. 

Ekspertlər isə hesab edir ki, bunun əsas səbəbi həmin xidmətdən əldə olunan pul vəsaitinin hara getməsi ilə bağlıdır. Belə ki, hazırda paytaxt ərazisində quraşdırılan parkomatlarda avtomobil saxlamağın bir saatına görə, təxminən 1 manat ödəniş etmək lazım gəlir. Həmin ərazilərdə isə sutka ərzində təxminən 14-16 saat avtomobil park edilir. Orta hesabla hər parkomat gün ərzində göstərilən xidmətə görə 200 manat vəsait vəsait toplayır. Bu isə bir gündə 60 min, bir ayda 1 milyon 800 min, bir ildə isə 21 milyon 600 min manat vəsaitdir. Hazırda isə Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu vəsaitə sahib olmaq üçün  yarışa girib. Məsələ burasındadır ki, əvvəllər də yollarda, küçələrdə qoluna qırmızı lent bağlayıb, əlində rəngli çubuq tutub pul yığan «stayanşik»lər var idi. Onların qeyri-rəsmi olaraq Nəqliyyat Departamentinin işçilərinə gündəlik 3-10 manat arası pul verdiklərini etiraf edirdilər. Bu məbləğ yerə görə dəyişirdi ki, indi həmin pullar Nəqliyyat Nazirliyinin əlindən çıxıb. Elə həmin «stayanşik»lər də yoxdur. Bunun əvəzində parkomatlar var və ödənilən pullar dövlət büdcəsinə keçir. Lakin maraqlısı budur ki, son vaxtlar Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən hətta həmin parkomatların olduğu ərazilərdə də sürücülərə 50 qəpik dəyəri olan qəbzlər verilir. Bu qəbzlə parkomat olan əraziyə daxil sürücüyə bildirilir ki, onlar etibarsızdır. Bu zaman sürücü məcbur qalıb pakomata da pul ödəməli olur.

Məsələyə münasibət bildirən hüquqşunas Ərşad Hüseynov deyir ki, ölkəmizdə parkinq siyasəti təkcə avtomobillərin küçədə saxlanılmasını aradan qaldırmağa xidmət etməməlidir: «Hüquqi baxımdan yanaşsaq, bu gün respublikamızda avtomobil parklarının təşkili ilə bağlı qanunvericilik yoxdur. Əslində qanunvericilik aktında göstərilməlidir ki, ödənişli dayanacaqlar nədir, necə qurulur, parkomatlar hara quraşdırılmalıdır və bu pullar necə mədaxil olunmalıdır. Çünki Dövlət Büdcəsinə daxil olan hər bir qəpiyin hesabatı olmalıdır. Bu vəsaitin haradan daxil olması və necə göstərilməsi konkret göstərilməlidir. Əgər bu vəsaiti toplayan təşkilat təsərrüfat hesabı ilə işləyirsə, ola bilər öz bank hesabına bu vəsaiti mədaxil etsin. Amma indiki halda Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin də təsisçisi Bakı Şəhər İcra Hakimiyyətidir. Bu halda da həmin vəsaitlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verməlidir. İndiki halda isə yaranan vəziyyətə şərh vermək olmur. Çünki bununla bağlı istinad edəcəyimiz qanunvericilik əsası yoxdur. Amma hər bir halda bir ərazidə avtomobil parklanmasına görə iki qurumun pul toplaması biabrçılıqdır». 

Məsələyə münasibət öyrənmək üçün hər iki qurumla əlaqə saxladıq.  Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən bildirdilər ki, mövzu ilə bağlı bütün suallara Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti cavab verə bilər. Amma nə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat  xidmətindən, nə də Nəqliyyat Nazirliyinin müvafiq qurumundan telefon zənglərinə cavab verən olmadı. 

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh