"Sürücüləri cərimələmək hüququmuz yoxdur" - Avtobusda siqaret söhbəti

Yazarlar 5 Yanvar 2018 02:51 Oxunub 1195
"Sürücüləri cərimələmək hüququmuz yoxdur" - Avtobusda siqaret söhbəti
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mais Ağayev: "Daşıyıcılara dəfələrlə bu haqda xəbərdarlıq edirik"

Beləliklə, dövlət başçısı tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı Milli Məclisin payız sessiyasında qəbul edilən qanunu təsdiqlədi. Qanunun qəbul edilməsinin əsas məqsədi Azərbaycan Respublikasında yaşayan əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasını nəzərdə tutur. Amma yeni qanunla bağlı əhalini narahat edən bir məqam var. Belə ki, çoxları qanunun tətbiqinin necə olacağından narahatdır. Xüsusilə avtobus sürücülərinin heç bir qanuna məhəl qoymayaraq avtobus idarə edərkən yolboyu siqaret çəkmələri sərnişinləri narahat edən əsas məsələlərdən biridir.

Sputnik Azərbaycan yeni qanunda nəzərdə tutulan məsələlərin nə vaxtdan və necə tənzimlənəcəyini araşdırıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev qurumun iş başında siqaret çəkdiklərinə görə sürücüləri cərimələmək hüququnun olmadığını bildirib. "Avtobusda siqaret çəkmək qəti qadağandır. Biz daşıyıcılara dəfələrlə bu haqda xəbərdarlıq edirik. Onlara bildiririk ki, sürücülərə məlumat verin. Təbii, buna məhəl qoymasalar, o zaman sürücü, hətta daşıyıcı haqqında sərt qərar qəbul etməli oluruq. O ki qaldı siqaretə görə cərimə etməyə, bizim sürücünü siqaret çəkdiyinə görə cərimə etmək hüququmuz yoxdur" — M.Ağayev deyib.

Millət vəkili Fazil Mustafa məsələyə münasibət bildirərkən deyib ki, Milli Məclis ümumi müddəaları qəbul edib. Yaxın günlərdə isə İnzibati Xətalar Məcəlləsində də dəyişiklik ediləcəyi gözlənilir. Onun sözlərinə görə, siqaretin harada çəkilib, harada çəkilməməsi məsələsi qəbul edilib: "Qanun ümumi xarakter daşıyır. Qanunda nəzərdə tutulan cərimələr mütləq İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmalıdır. Bu istiqamətdə işlər görülür. Yəqin ki, yaxın günlərdə artıq İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək".

"Prezidentin bu Qanunun təsdiqi ilə bağlı sərəncamı var. Sərəncamda Qanunu icra edəcək müvafiq icra orqanının adı göstərilib. İcra etmək də ya Daxili İşlər Nazirliyinə həvalə edilib. Bu motivdə məsələlər tam həllini tapdıqdan sonra qanun işləməyə başlayacaq" – deyə deputat bildirib.

F.Mustava onu da qeyd edib ki, siqaret çəkənlər üçün xüsusi yerlər təyin edilməlidir: "Bu məsələ öz həllini tapmayana kimi cəza tətbiq edilməsi çətin olacaq. Elə yerlər var ki, orada siqaret çəkmək üçün otaqlar qurmaq çox çətindir. Bir sözlə, Qanunun tətbiqi hələ ki, çətindir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh