Yol polisindən dilənçilər, gülsatanlar, şüşəsilənlərlə bağlı ÇAĞIRIŞ

Yazarlar 8 Yanvar 2018 17:07 Oxunub 1965
Yol polisindən dilənçilər, gülsatanlar, şüşəsilənlərlə bağlı ÇAĞIRIŞ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu vəziyyət yaxşı hal deyil”

Yəqin ki, əksəriyyət yolun hərəkət hissəsində dayanan dilənçiləri, gülsatanları və ya hansısa əşya alveri ilə məşğul olanları görüb. Bu insanlar  ya yolun təhlükəli hissəsində dayanır ya da ən pisi qəfildən avtomobillərin qarşısına çıxıb öz “xidmətlər”i ilə məşğul olurlar. Təbii ki, bu hallar hər iki tərəf üçün təhlükə yaradır. Onlar pul qazanmaq üçün riskli yolu seçiblər. Amma nəzərə almırlar ki, təkcə özlərini deyil, digər insanların həyatını da riskə atırlar.

Bu cür halların qəzalara səbəb olduğu hallar olubmu? Ümumiyyətlə həmin şəxslərə necə nəzarət olunur?

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a bildirib ki, bu cür insanların piyada kimi vurulmaqları, qəzalar ilə bağlı hər hansı  məlumat yoxdur:

“Bu insanlar adətən nəqliyyat sıxlığı olan ərazilərdə, sürət həddinin aşağı olduğu yollarda  olurlar. Zaman-zaman bizim əməkdaşlar həmin şəxsləri  yollardan kənarlaşdırırlar. Görürsünüz, yolların qıraqlarında azyaşlı, həddi-büluğa çatmamış uşaqlar durur. Onlar sıxlıqda polis maşınını görəndə uzaqlaşır, qaçırlar. Lakin yenidən avtomobillərin yanına gəlirlər. Bununla bağlı hər hansı qəza olayı yadıma gəlmir. Amma istənilən halda bu  vəziyyət yaxşı hal deyil. Çünki 6-7 yaşlı uşağın avtomobillərin arasında gəzməsi ya da işıqfor yananda yolun hərəkət hissəsinə çıxması sözsüz ki, təhlükə yaradır.

Əməkdaşlarımız tərəfindən belə hallar aşkar olunanda onların yol mərkəz hissəsindən çıxarılması təmin olunur.  Həmçinin, digər post patrul xidmətinin əməkdaşları dilənçilər haqqında müvafiq  tədbirlər görür. Hər hansı əşya satanlar müəyyən olunmayan yerdə, yolun  hərəkət hissəsinə çıxdığına görə əraziyə cəlb olunmuş xidmət aparan əməkdaşlarımız tərəfindən inzibati məsuliyyətə cəlb olunur. Piyadaların yolun hərəkət hissəsinə çıxması üçün 20 manat cərimə nəzərdə tutulub”.

K.Əliyev qeyd edib ki, dilənçilik məsələsi  yol polisinin səlahiyyətlərinə aid deyil:

“Amma konkret olaraq bu məqsədlə yolun hərəkət hissəsinə çıxanların, avtomobillərin arasından keçənlərin məsuliyyətə  cəlb olunması əlbəttə, dövlət yol polisinin səlahiyyətindədir.

Ümumiyyətlə, qeyd etməliyəm ki, dilənçiliklə məşğul olan insanlara sədəqənin verilməsi düzgün deyil. Yəni kimsə nəyinsə xatirinə, insanlıq naminə bunu edirsə, bilməlidir ki, sədəqə verməklə həmin  insanları bir az da həvəsləndirmiş olurlar. Amma onlar görsələr ki, heç kim pul vermir, yolda satılan, mənşəyi bilinməyən hər hansı əşyanı  almırlar, o insanlar yola çıxarmı?  Sözsüz ki, belə olan halda onlar  bu yoldan əl çəkəcəklər.

 

Bu gün elə  Avropa ölkəsi yoxdur ki, orada dilənçilər olmasın. Hətta digər ölkələrdə dilənçilər bizdən də çoxdur. Lakin nə qədər ki, sədəqə verən ya da mənşəyi bilinməyən əşyaları alanlar onlar yol qırağında dayanmaqdan, hərəkət etməkdən  əl çəkməyəcəklər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh