Qaydanı pozmayan avtomobillərə yol polisi cərimə yazıb? - FOTOFAKT

Xəbərlər 16 Yanvar 2018 00:07 Oxunub 2462
Qaydanı pozmayan avtomobillərə yol polisi cərimə yazıb? - FOTOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Vətəndaş bununla əlaqədar aidiyyəti qurumlara müraciət edə bilər"

Bakının Qaradağ rayonu ərazisində avtomobilinə cərimə yazılan sürücü bununla razılaşmır. Onun sözlərinə görə, avtomobilinə cərimə "Binə" Ticarət Mərkəzinin yaxınlığında, yolun kənarından bir xeyli kənarda saxladığı yerdə yazılıb. "Yeniavaz.com" saytına müraciət edən sürücü İslam Məmmədov bildirib ki, alış-veriş etmək məqsədi ilə sözügedən ticarət mərkəzinə yollanıb. Lakin avtomobilini ticarət mərkəzinin duracağında yox, hasarının yanında - yoldan kənarda saxlayıb: "Qayıdanda gördüm ki, yol polisi avtomobillərin fotosunu çəkib cərimə yazır. Razılaşmadım və dedim ki, axı bura yolun kənarı deyil, nə üçün cərimələyirsiniz? Yol polisi dedi ki, "hamısını vurmuşuq kompüterə, daha cəriməni ləğv edə bilmərik". Avtomobilimi saxladığım vəziyyətdə çəkdiyim fotosunu sizə göndərirəm, xahiş edirəm, bu məsələni aydınlaşdırasınız, bu avtomobillərə dayanma və durma qaydalarını pozma ilə bağlı cərimə yazıla bilərmi? Axı mən avtomobilimi torpaq ərazidə, yoldan aralı saxlamışam. Cərimə tək mənə yox, digər avtomobillərə də yazıldı".

Məsələ ilə bağlı "Yeniavaz.com" saytı əvvəlcə nəqliyyat məsələləri üzrə ekspert, "Digesta" hüquq mərkəzinin rəhbəri Ərşad Hüseynova müraciət edib. Hər şey daha aydın və dəqiq olsun deyə İslam Məmmədovun bizə göndərdiyi fotonu Ərşad Hüseynova da göstərdik. Ekspertin sualımıza şərhi belə oldu: "Fotoda görünən avtomobillərin heç biri yol hərəkəti qaydalarını pozmayıb. Çünki ora yol deyil. Fotoda görünən bu avtomobillər yoldan çıxıblar. Yol kənarındakı sarı xəttən sağ tərəfə yol çiyni olur, bizim standartlara görə, belə yerdə haradasa 3 metr məsafədə ola bilir. Həmin avtomobillər elə yerdə dursaydılar, əgər nişan varsa, bəli, cərimə yazıla bilərdi. Amma bu avtomobillər yoldan tamam kənara çıxıblar. Bu vəziyyət necə deyərlər, ştatdankənar maraqlı bir situasiyadır. Vətəndaş bununla əlaqədar aidiyyəti qurumlara müraciət etsin və bildirsin ki, əslində biz yol-hərəkət qaydalarını pozmamışıq. Çünki avtomobillər yol çiynindən kənarda dayanıb. Sarı xəttən sonra o maşınlarla olan məsafə 3 metrdən çoxdur. Fotodan aydın şəkildə görünür. Bu maşınların konkret olaraq durduğu yer yol deyil. Əslində o yerdə dayanma-durma yeri yaratmaq olar. Fotoda görünən avtomobillərin dayandığı bu yer yoldan kənardır".

Problemlə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlıya da müraciət etdik. Fotoları E.Muradlıya da göndərdik. Onun isə məsələyə münasibəti belə oldu: "Həmin yolun sağ və sol hissələrinə dayanma və durmanı qadağan edən nişanlar Qaradağ Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən quraşdırılıb. Fotoda görünən bu avtomobillər isə yoldan xeyli kənarda saxlanılıb. Həmin avtomobillərə dayanma və durma qaydalarının pozulması adı ilə cərimə yazılması düzgün deyil. Həmin avtomobillərin arxasında - 2-ci cərgədə kimsə gətirib avtomobil saxlayarsa, bəli, onlara cərimə tətbiq etmək olar. Amma sırf bu halda, yəni fotoda görünən maşınlardan söhbət gedirsə, onlar yoldan kənarda, torpaq ərazidə dayanıblar. O maşınların sürücülərinə buna görə cərimə yazılması mənim fikrimcə, düzgün deyil. Həmin avtomobillər yolun hərəkət hissəsində saxlanılmayıblar, yolun çiynində də deyillər. Yol polisinin mövqeyi belədir ki, həmin ərazidə xüsusi dayanacaqlar var, ora daha təhlükəsizdir, mühafizə olunur, nəzarətçilər var, amma sürücülər yolun kənarında saxlayırlar, 2-ci, 3-cü cərgədə saxlayanlar da olur ki, bu da yolda problemlər yaradır. Bundan başqa, orada müxtəlif vaxtlarda bir neçə maşına ziyan dəyib, oğurluq halları baş verib, maşınların şüşələrini sındırıb içərisindəkiləri qarət ediblər. Bunu nəzərə alaraq yol polisi həmin nişanları quraşdırıb ki, sürücülər avtomobilləri orada yox, daha təhlükəsiz ərazidə saxlasınlar".

Ekspert bildirdi ki, narazı qalan sürücülər müvafiq dövlət qurumuna rəsmi müraciət edə bilərlər: "Bu, onların hüquqlarıdır, mütləq müraciət etsinlər. Mütəxəssislər də oraya baxış keçirib görəcəklər ki, həmin avtomobillərın orada dayanması qayda pozuntusudur, ya yox".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh