Polis Akademiyasında 20 Yanvar faciəsi anıldı - FOTOLAR

Gündəm 17 Yanvar 2018 13:57 Oxunub 5856
Polis Akademiyasında 20 Yanvar faciəsi anıldı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kursantlara tarixi faktlardan danışılıb

Yanvarın 17-də DİN-in Polis Akademiyasında Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə DİN Veteranlar Şurasının sədri Fərhad Süleymanov, Akademiyanın müəllim və kursantları iştirak ediblər. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Veteranlar Şurasının sədri Fərhad Süleymanov 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib. 

Qeyd edilib ki,  Sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərlə divan tutulması xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi, “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

Daha sonra Polis Akademiyası rəisinin böyük köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev çıxış edib. O öz çıxışında tarixi faktları gənc kursantların diqqətinə çatdırıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşübdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilibdir.

Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və  rayonlarda 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Azğınlaşmış ordu və muzdlu silahlı dəstələr tərəfindən 200 ev, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis əməkdaşları olub.

Çıxışlarda 20 Yanvar faciəsi və xalqımıza qarşı törədilmiş digər ağır cinayətlərin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması və ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi, günahkarların cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq.

 

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh