Yeni layihə hazırlanır, tıxaclar azalacaq

Yeniliklər 18 Yanvar 2018 12:42 Oxunub 1520
Yeni layihə hazırlanır, tıxaclar azalacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolların nizamlanması nəqliyyat axınlarının intensivliyinə,sıxlığına görə müəyyənləşməlidir

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərəkətinin təşkili ilə bağlı təhlillər aparıb. Küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyən edilib.

Qeyd edilən ərazidə yol hərəkətinin səmərəli təşkili və təhlükəsizliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi məqsədilə yol nişanlanma xətlərinin çəkilməsi, çatışmayan yol nişanlarının quraşdırılması, Şamil Kamilov küçəsi ilə kəsişmədə yeni işıqfor obyektlərinin quraşdırılması (buna uyğun olaraq işıqfor fazalarının müəyyən edilməsi), piyada keçidləri, pandusların və avtobus dayanacaq məntəqələrinin standartlara uyğun quraşdırılması barədə təkliflər hazırlanıb.

Bəs, yeni təhlillərin aparılması yol hərəkətinin təşkilində müsbət nəticələrə səbəb ola bilərmi?

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Şərq”ə açıqlamasında yeni təklifləri müsbət qiymətləndirdiyini deyib. Ekspert bildirib ki, yol hərəkətinin təşkili üçün ümumi şəhərsalma prinsiplərinə əsaslanaraq nəqliyyat şəbəkəsinin təhlükəsizliyi, əlverişliliyi nəzərə alınır və bu məsələlər müasir standartlara uyğun şəkildə yerinə yetirilir.

F.Eyyubovun sözlərinə görə, hazırlanan yeni layihə tıxaclar, parklanma və piyadaların yolu rahat keçməsi üçün əlverişli olmalıdır: 

"İndi Bakı şəhərində yol hərəkətinin vacib standartlarına cavab verən küçələr azdır. Köhnə "Sovetski” ərazisində belə küçə yaratdılar. Ora müasir formada hərəkətin təşkili üçün çox əlverişlidir. Çünki tikililərin hamısı söküldü və bütün məsələlər nəqliyyat axınları, nəqliyyatın intensivliyi və hərəkətin təhlükəsizliyi üçün nəzərdə tutulan formada oldu”.

Ekspert bildirib ki, bəzi vaxt axınlar bir küçədə daha çox olur və bu, müəyyən problemlərə gətirib çıxarır. Ona görə paralel küçələri də yükləmək lazımdır ki, həmin axınların istiqaməti yol hərəkətinə uyğun olsun. Hazırlanan yeni layihə nəqliyyatın hərəkətinə köməklik göstərəcək və insanların təhlükəsizliyinə şərait yaradacaq:

 "Amma bilməliyik ki, nəqliyyat axınları küçədən hansı formada keçir, başqa nəqliyyat axınlarının qovşaqları necə nizamlanır? Bəzi vaxt yüklənmə dərəcəsi bir küçədə o qədər çox olur ki, başqa küçədə çox az nəqliyyat vasitələri istifadə olunur. Yolların nizamlanması birinci növbədə nəqliyyat axınlarının intensivliyinə, sıxlığına, həmin istiqamətdə gedən nəqliyyatların tərkibinə görə müəyyənləşməlidir. Elə yollar var ki, orda avtobuslar daha çox işləyir. 

Ona görə də avtobuslar üçün xüsusi zolaqlar daha məqsədəuyğundur. Lakin elə küçələr var ki, ordan marşrut xətləri keçmir. Şəhərsalma prinsiplərində nəqliyyat planlaşdırılması deyilən bir məfhum var. Onu nəzərə alaraq yolları təhlükəsizliyə və yol hərəkətinin bütün standartlarına uyğun formada yeniləndirmək, bəzi qurğuları artırmaq lazımdır. Zolaqlar minimum 2 olmalıdır. Hazırda Bakı şəhəri üçün 2 zolaqda hərəkətin təşkili çox çətin məsələdir. Zolaq çox olsa, hərəkətin intensivliyi də çoxalar və tıxaclar yaranmaz.

Eyni zamanda nizamlanan piyada keçidləri daha məqsədəuyğundur. Çünki nizamlanmayan piyada keçidləri hazırda təhlükəlilik nöqteyi-nəzərdən piyadaların vurulmasına səbəb olur. Piyadalar hazırda yol hərəkəti qaydalarına görə, üstünlükdən istifadə eləmək istəyirlər və nəqliyyatın gəlməsinə o qədər də fikir vermirlər. Bu da sürücülərlə piyadalar arasında olan əlaqəni gərginləşdirir”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh