Rafael Cəbrayilov: “20 Yanvar qanla yazılmış şanlı tariximizdir”

Gündəm 19 Yanvar 2018 20:47 Oxunub 922
Rafael Cəbrayilov: “20 Yanvar qanla yazılmış şanlı tariximizdir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heydər Əliyev həyatını təhlükəyə ataraq həmişə Azərbaycan xalqı ilə birlikdə olduğunu bildirdi

20 yanvar 1990-cı il Azərbaycan tarixinin qanla yazılmış şanlı səhifəsidir. Sovet imperiyasına qarşı Milli Azadlıq mübarizəsinə qalxan xalqımız həmin gün ümumxalq qəhrəmanlığı nümunəsini göstərdi. Bakı şəhərinə və respublikamızın bir sıra rayonlarına yeridilmiş Sovet ordusu hissələrinin törətdiyi vəhşiliklər və mülki əhalinin peşəkar hərbçilərə qarşı cəsarətlə vuruşması həmin günün ən mühüm xarakterik cəhətlərini təşkil edir.

20 yanvarda Azərbaycan xalqının göstərdiyi ümumxalq qəhrəmanlığı Sovet imperiyasının süqutunu tezləşdirdi və imperiyanın digər regionlarında da milli azadlıq hərəkatlarının geniş vüsət almasına rəvac verdi. Sovet əsgərlərinin Bakıda törətdiyi vəhşiliklər bu imperiyanın əsl mahiyyətini əyani şəkildə nümayiş etdirdi. Xalqımızın bu mübarizəsi həmin vaxt hakimiyyətdə olan respublika rəhbərliyinin də nəinki xalqla birlikdə olmadığını, Moskvanın sadiq nökərləri olduğunu, habelə çətin, həlledici anda xalqı atıb qaçmasını da sübut etdi. Respublika rəhbərliyi xalqı çətin durumda atıb qaçdığı vaxt Moskvada faktiki olaraq nəzarət altında yaşayan, vəzifədən kənarlaşdırılaraq təqib olunan Heydər Əliyev həyatını təhlükəyə ataraq öz ailə üzvləri ilə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək tarixi bəyanatını verdi və həmişə Azərbaycan xalqı ilə birlikdə olduğunu bildirdi.

Kommunist Partiyasının üzvlüyündən çıxmasını cəsarətlə bəyan edən Ulu Öndər bu partiyanın ve Sovet İttifaqının Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyi bütün dünyaya bəyan etdi. Qururverici haldır ki, hazırda ölkə prezidenti olan cənab İlham Əliyev həmin vaxt vətənpərvər bir gənc olaraq Ulu Öndərin yanında olub bu tarixi missiyanın həyata keçirilməsinin fəal iştirakçısı oldu.

20 yanvarda tökülen qanlar hədər getmədi. Milli Azadlıq mübarizəsini əzmlə davam etdirən Azərbaycan xalqı növbəti il oktyabrın 18-də Azərbaycanın suveren dövlət kimi dövlət müstəqilliyini bərpa etməsinə nail oldu. Həmin gün Milli Məclis “Dövlət müstəqilliyinin bərpa edilməsi haqqında” Konstitusiya Aktını qebul etdi.

 

Rafael Cəbrayılov,

Milli Məclisin deputatı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh