Azadlığa can vermişik...

Gündəm 20 Yanvar 2018 15:03 Oxunub 777
Azadlığa can vermişik...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
20 Yanvar hüzn günü deyil, qaradan və boyunduruqdan çıxdığımız tarixdir

Biz 1990-cı ilin yanvarında qanımızla, canımızla Azadlığımızı qazandıq, 1994-cü ilin yanvarında isə torpaqlarımızın bir hissəsini işğaldan azad etdik. Hər iki hadisə məhz yanvar ayında baş verdi və qara bağlamaqla qara günlü olmaq arasındakı fərqi o tarixi günlərdən sonra daha yaxşı anladı xalqımız... 

Topla, tankla üstümüzə gəlib iradəmizi qırmaq istəyənlərin, gözümüzü qorxutmağa çalışanların iyrənc niyyəti baş tutmadı. Dörd il sonra ulu öndərimizin rəhbərliyi ilə cəbhədə önəmli qələbəmiz tarixə yazıldı.

Bəs nə üçün bizləri həmişə qaralar içində saxlamaq istəyiblər? 

Qaranlıqda insan getdiyi yolu görmür və çox da uzağa gedə bilmir. Gedəcəyimiz yolun sonunu görənlər öz sonlarınıdüşündüklərindən bizləri qaradan çıxarmayıblar. Bir sözlə, qorxublar bizdən. Əgər qorxmasaydılar əli yalın xalqın üstünə tırtıllarında günahsız insanların qanı qurumamış tanklarla, zirehli maşınlarla gəlməzdilər. Demək ki, azadlıq özü də qara rəngdəymiş və ona insan qanı qatışanda qırmızı olurmuş. Hərdən günəş də qırmızı rəngdə olur...

Bu gün illərin o üzünə boylananda 9 yaşlı bir uşağın və onun həmyaşıdlarının tanklara, zirehli maşınlara,əli avtomatlı əsgərlərə, elə həyatın özünə də necə qəribəbaxdığı gözlərimdən kinolenti kimi keçir. 

Bir səhər yerimdən durub küçəmizdə tankları və əsgərləri görəndə döyüküb qaldım. Kinolarda görüb-tanıdığım bu silahlardan, zirehli maşılardan qan qoxusu, ölüm qoxusu yayılırdı.

İllər keçsə də hər yanvar ayı gələndə elə bilirəm ki, o tanklar, dili, nəfəsi yad əsgərlər yenə də küçəmizin tinində dayanıb qaranlığın düşməsini gözləyirlər. Dəqiq bilirəm ki, əgər yanvarın 19-dan 20-nə keçən gecə o tanklara, o zirehli maşınlara, əl vurmaq bir yana, onların yanından keçsəydik belə üstümüzdən keçərdilər, tırtılları ilə bizi xıncım-xıncım edərdilər. 

Yanvar tariximizə xalqımızın azadlığını, hürriyyətini qazandığı qəhrəmanlıq ayı kimi düşüb. 20 Yanvar hüzn günü deyil, əslində, qaradan və boyunduruqdan çıxdığımız tarixdir. Azadlığımız uğrunda mücadilədə qəhrəmanlıq salnaməsi yazdığımız o gün bizə dünyanın hər yerində ürəkdən, inamla “Mən Azərbaycanlıyam” demək haqqı verdi. 

Həmin günlər təbiətin də azadlıq istəyini qərənfil güllərinin timsalında gördük. Heç bir gül ürək eləyib şəhidlərin qanına bələnib onlarla birgə son mənzilə varmadı: bircə ondan-Yanvar gülündən, qərənfildən başqa...

Və o gün bütün Azərbaycan xalqı şəhid oğlu Ülvü Bünyadzadə ilə birlikdə, bir ağızdan:

Döyüşlərdə yoğrulmuşuq, 

Gələcəyə qaranquşuq. 

Həyat üçün doğulmuşuq, 

Vətən üçün ölməliyik!,- dedi.

 

Hafiz Təmirov,

polis mayoru

ŞƏRH YAZ
Ad

E-mail

Şərh