Sürücülərin diqqətinə: «Qələbə» dairəsi ləğv edildi - FOTO

Avtoxəbər 26 Dekabr 2014 16:54 Oxunub 5336
Sürücülərin diqqətinə: «Qələbə» dairəsi ləğv edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dairədə hərəkət edən sürücülər diqqətli olun, əks halda cərimə oluna bilərsiniz

Sürücülərin “Qələbə” dairəsi kimi tanıdığı, A.Salamzadə və H.Zərdabi küçələrinin kəsişdiyi dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dünəndən hərəkət sxemi əsaslı şəkildə dəyişdirilib. Avtosfer.az-ın əməkdaşı həmin dairədəki yeni hərəkət sxemini nəzərdən keçirərək fotoları diqqətinizə çatdırır. Düzdür, apardığımız müşahidələr göstərir ki, sürücülər hələ ki, yeni sxemə məhəl qoymadan həmin dairədə əvvəlki qaydaya uyğun hərəkət edirlər. 

Həmin yolayrıcındakı yeni sxemin mahiyyətini aydınlaşdırmaq üçün yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət etdik. Yeni sxemi yerində diqqətlə nəzərdən keçirdiyini deyən ekspert həmin dairədəki indiki hərəkət sxemini belə izah etdi: «Əsas yenilik ondan ibarətdir ki,  “Qələbə” dairəsi kimi tanınan yerdə dairəvi hərəkət təşkil olunan yolayrıcı ləğv edilib. Ona görə də həmin yolayrıcına bütün girişlər qarşısından 4.3 “Dairəvi hərəkət” yol nişanları götürülüb. Bu, o deməkdir ki, həmin yolayrıcı artıq dairə deyil və sürücülər həmin yolayrıcını keçərkən yol hərəkəti qaydalarının dairəvi hərəkət təşkil olunmuş yolayrıcına aid müddəalarını yaddan çıxarmalıdırlar. Dünəndən edilən dəyişikliklə həmin dairədə nəqliyyat vasitələrinin keçmə növbəliliyi artıq üstünlük nişanları ilə müəyyən edilir. Üstünlük nişanları bu qaydada yerləşdirilib: A.Salamzadə küçəsindən «Qələbə» meydanına gələn yol 2.1 «Baş yol» nişanı ilə işarələnib. Bu, o deməkdir ki, A.Salamzadə küçəsi ilə gələrək istər Mətbuat prospekti, istər «20 Yanvar» istiqamətinə, istərsə də «İnşaatçılar» metrosuna tərəf hərəkətini davam etdirmək istəyən sürücülər hərəkət üstünlüyünə malikdirlər və həmin yolayrıcında heç kəsə yol verməli deyillər. Deməli, bütün digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin sürücüləri A.Salamzadə küçəsi ilə «Qələbə» meydanına daxil olan sürücülərə yol verməlidirlər. Ona görə də həm Mətbuat prospekti tərəfdən, həm də “20 Yanvar” tərəfdən bu yolayrıcına girişlər qarşısına 2.4 “Yol verin” nişanı qoyulub (deyəsən, “İnşaatçılar” metrosu tərəf unudulub)”. 

Ekspert deyir ki, həmin dairədə hərəkət sxeminin dəyişdirilməsinin səbəbi Ziya Bünyadov prospektinin açılmasından sonra burada hər gün müşahidə olunan tıxaclar olub. Z.Bünyadov prospektdə fasiləsiz, dayanmadan hərəkət təşkil olunduğundan “Koroğlu” metrosunun yanından keçən avtomobil 6-7 dəqiqədən sonra “Qələbə” dairəsinə çatır. Nəticədə həmin dairəyə çoxlu sayda avtomobil gəlir və bu dairə bu sayda avtomobili ötürə bilmir, çünki həmin dairədə başqa istiqamətlərdən də ciddi nəqliyyat axını var. “Amma belə hərəkət sxemi də bu problemi həll edə bilməyəcək, hətta əksinə oradakı tıxacın bir qədər də sürəkli xarakter alacağını və sürücülərin indiki hərəkət sxeminə uyğun yol hərəkəti qaydalarını kütləvi şəkildə pozacağını ehtimal etmək olar. Düzdür, hələ ki, yeni sxemi nəzərə alan yoxdur və sürücülər yenə də əvvəlki qaydada hərəkət edirlər. Amma yeni sxem tətbiq edilərkən bir sıra məsələlər açıq qalıb».

Bəs həmin dairədəki bu problemi necə həll etmək olar? Ərşad Hüseynov qeyd edir ki, hələ bir neçə il bundan əvvəl Bakı şəhərində yol hərəkətinin təşkilinə məsul olan qurumlara müraciət edərək “Qələbə” dairəsi kimi dairəvi hərəkət olan yolayrıclarının təcili yığışdırılmasını təklif etmişəm. Özü də belə yolayrıclarının qarşısından 4.3 nişanının götürülməsini yox, həmin ərazilərin yenidən planlaşdırılaraq dairələrin yığışdırılmasını və onların yerində svetoforla tənzimlənən adi yolayıclarının yaradılmasını təklif etmişəm. “Həmin təklifimə qayıdaraq əminliklə demək istəyirəm ki, “Qələbə” dairəsinin özü oradan götürülməyincə oradakı nəqliyyat sıxlığı həll edilməyəcək. Düzdür, orada təxminən 300-350 m2 yaşılıq var və həmin yaşıllığa heyfim gəlir. Amma oradan bu dairə götürülməlidir ki, sürücülər onun başına fırlanaraq yolayrıcında xeyli vaxt itirmədən qısa müddətdə və qısa trayektoriya ilə yolların kəsişmə yerini keçib getsinlər. Özü də həmin dairə götürüldükdən sonra oraya mütləq svetofor qoyulmalıdır. Çünki orada üç istiqamətdən kifayət qədər güclü nəqliyyat axını var və belə axının hərəkət növbəliliyini svetofordan başqa heç bir vasitə ilə səmərəli tənzimləmək mümkün deyil”. 

Ekspert deyir ki, «Qələbə» meydanında dünəndən tətbiq olunan hərəkət sxemi yol hərəkətinin təşkili və  yol nişanlarının tətbiqi qaydalarına da uyğun deyil: «Düzdür, ola bilsin ki, orada işlər hələlik yarımçıqdır, baxmayaraq ki, artıq 2 gün keçir. Bununla belə, dünəndən tətbiq olunan sxem qanunvericiliyə uyğun deyil. Onu qanunvericiliyə uyğunlaşdırmaq üçün A.Salamzadə küçəsi tərəfdən qoyulmuş 2.1 “Baş yol” nişanının altında 7.13 “Baş yolun istiqaməti” lövhəciyi də qoyulmalıdır. Çünki həmin yolayrıcı mürəkkəb plana malikdir və A.Vahabzadə küçəsi həmin yolayrıcından sonra düzünə davam etmir. Bu küçə ilə gələn nəqliyyat axını əsasən Mətbuat prospekti istiqamətindən, bir qismi “20 Yanvar” istiqamətində, az bir qismi isə “İnşaatçılar” metrosu istiqamətində və geriyə dönərək kənar yolla Tbilisi prospekti istiqamətində hərəkətini davam etdirir. Buna görə də baş yolun sonrakı istiqaməti dəqiq göstərilməlidir. Sürücülər dünəndən tətbiq olunan sxemə riayət etsələr Mətbuat prospekti və “20 Yanvar” tərəfdən həmin yolayrıcına gələn nəqliyyat axınının hərəkəti iflic olacaq. Ən ciddi problem isə Mətbuat prospekti tərəfdən gələrək “20 Yanvar”a doğru getmək istəyənlər üçün olacaq. İndiki sxemdən belə çıxır ki, onlar məhz dairədə dayanaraq A.Salamzadə küçəsi tərəfdən gələnlərə yol verməlidirlər. Bu isə qısa müddətdə həmin dairənin tıxanması deməkdir».

Əlavə olaraq bildiririk ki, avtomobil yollarında belə mühüm əhəmiyyətli dəyişikliklər barədə dərhal ictimaiyyətə ətraflı məlumat verilməlidir. Belə məlumatda yeniliyin mahiyyəti hərəkət iştirakçılarına izah edilməlidir. Amma bu barədə rəsmi qurumlar heç bir məlumat vermədiyi üçün biz, Avtosfer.az saytı olaraq sürücüləri məlumatlandırmaq qərarına gəldik.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

MANSUR 10 Noyabr 2014 22:55
dunyanin hec yerinde bele ozbashinaliq yoxdu her kruqda bir qanundu en dehshetlishi masazir qesebesine geden yolda korpunun altindaki kruqdur bele getse cammatin problemini hell etmek evezine dahada cetinleshdirirler milletin qazanci ancaq yanacaqa esebleride korlanacey