Piyadalar daha çox bu yerlərdə vurulur - Vaqif Əsədov şok statistikanı AÇIQLADI

Yol polisi 29 Yanvar 2018 23:09 Oxunub 1391
Piyadalar daha çox bu yerlərdə vurulur - Vaqif Əsədov şok statistikanı AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kameralar quraşdırılandan sonra sürət həddinin aşılmasına görə baş verən qəzalar azalıb

Paytaxtda baş verən yol nəqliyyat hadisələrinin ümumi sayında azalma qeydə alınsa da, piyada vurulması halları artıb. Avtosfer.az xəbər verir ki, bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi Vaqif Əsədov Publika.az-a açıqlamasında deyib. V.Əsədov 2011 və 2017-ci illərin yol qəza hallarını müqayisə edib: “2011-ci ildə Bakı şəhəri üzrə 1102 yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 394 nəfər ölüb, 1068 nəfər xəsarət alıb. 2017-ci 646 hadisə baş verib ki, bu hadisələr nəticəsində 207 nəfər ölüb, 552 nəfər xəsarət alıb. Bu illər arasında fərqə baxanda hadisələrin sayın 456, ölümlərin 127, xəsarət alanların sayının isə 516 ədəd azaldığını müşahidə edirik. Onu da qeyd edim ki, 2011-ci ildə ildə Bakı şəhəri üzrə avtomobil yollarının uzunluğu 2025-2030 km idi, indi isə 2213 km olub. Yol ayrıclarının sayı 630-dan 670-ə artırılıb. İşıqforla tənzimlənən yol birləşmələri 180-dən 300-ə çatdırılıb. Respublika üzrə maşınların sayı 1 milyon 200 mindən 1 milyon 400 minə yüksəlib. Bu avtomobillərin 62 faizi (700 min) məhz Bakıda qeydiyyatdadır. Amma yol polisi inspektorlarının sayında artım olmayıb. Əslində yolların uzanması, işıqforla tənzimlənmə yol nəqliyyat hadisələrinin artması deməkdir. Hadisələrin sayının azalması yol polisinin maarifləndirmə tədbirləri və yeni texnologiyaların tətbiq edilməsi ilə bağlıdır”.

V.Əsədovun sözlərinə görə, yeni texnologiyalar tətbiq edilənə qədər yol qəza hadisələrində əsas səbəb sürət həddinin aşılması ilə bağlı idi. “Kameralar tətbiq edilməyənə qədər Bakı şəhərində yol nəqliyyat hadisələrinin 49 faizi sürət həddinin aşılması ilə bağlı idi. İndi bu rəqəm 21.1 faizə enib. Bu da təhlükəsizlik kameralarının tətbiqinin verdiyi imkanlarla bağlıdır”. Onun sözlərinə görə, ümumi hadisələrin sayı və ölüm hallarında azalma olsa da, piyada vurulma hadisələrində artım qeydə alınır: “2016-cı il yol nəqliyyat hadisələri statistikasında piyada vurulma halları 62 faiz idisə, ötən il bu rəqəm 68 faizə yüksəldi. Bu da çox ciddi narahatlıq doğurur. Hesab edirəm ki, təbliğat işlərində medianın dəstəyi mütləqdir”.

Piyada vurulmasında səbəb kimi piyada keçidlərinin düzgün yerlərdə quraşdırılmaması ilə bağlı fikirlərə gəldikdə, V.Əsədov bununla razılaşmadığını deyib: “Piyadalar əsasən, keçidlərə 100-120 metr məsafədə vurulur. 2017-ci ildə baş verən yol nəqliyyat hadisələrinin 445-i piyada vurulmasıdır. Nəticədə 154 nəfər ölüb, 311 nəfər isə xəsarət alıb. Bu hadisələrin 400-ə yaxını piyada keçidlərinə yaxın ərazilərdə baş verib. Ötən il piyada keçidlərindən istifadə etməyən 88 min piyada saxlanılıb. Bu qəzalar piyada səhlənkarlığı və sürücü diqqətsizliyi ilə bağlıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh