Babək prospekti 16 metr genişləndirilir - VİDEO-FOTO

Yeniliklər 2 Fevral 2018 18:00 Oxunub 2274
Babək prospekti 16 metr genişləndirilir - VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
22 yerdə xüsusi “cib”li hissələrin tikintisi də nəzərdə tutulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəqliyyat sistemində mühüm əhəmiyyətə malik, uzunluğu 8,7 km olan Babək prospektinin yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kvadratmetr sahədə ortalama 0,8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, prospekt boyunca təqribən istismar müddəti bitmiş 20 km uzunluğunda və müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənir. 

Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənəcək.

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kvadratmetr sahədə yeniləri tikilir, mövcud yolayrıcı da sökülərək yenidən qurulur. Yolayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yolayrıcının və piyada səkilərinin kənarlarına 26 350 paqon-metr uzunluğunda yeni səki daşları düzülür.

Yolun hərəkət hissəsi bərpa olan ərazilərə isə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Belə ki, prospektin 323 609 kvadratmetr sahəsinə 3 qat yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Həmçinin prospektin yenidənqurulması zamanı avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələrin tikintisi də nəzərdə tutulub. 

Tikinti layihəsi çərçivəsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr, həmçinin yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulacaq, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Babək prospektində müasir yol infrastrukturunun yaradılması paytaxt Bakının nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli dərəcədə təsir etmiş olacaq. Ümumilikdə yenidənqurma işlərinin cari ilin II yarımilinədək yekunlaşdırılması nəzərdə tutulub.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh