Bu maşınların texniki baxışına start verildi

Yazarlar 1 Yanvar 2015 00:51 Oxunub 5194
Bu maşınların texniki baxışına start verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«VAZ» , «Qaz», «Moskviç», «ZAZ», «UAZ» və digər MDB istehsalı olan minik avtomobillərinə texniki baxış mayın 1-dək davam edəcək

Yanvarın 1-dən Azərbaycanda minik avtomobilləri üçün texniki baxış prosesinə start verilir. Bu dəfə Rusiya istehsalı olan maşınlar texniki baxışa cəlb olunacaq. Avtosfer.az-ın məlumatına görə, «Yol hərəkəti haqqında» qanunun 30-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə ildə bir dəfə, həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.

Texniki baxışın keçirilməsinin məqsədi:

- nəqliyyat parkının ümumi sazlığı, yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görülən tədbirlər, ətraf mühitin mühafizəsi, nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısının alınması;

- baxış zamanı sürücülük vəsiqələrinin, qeydiyyat şəhadətnamələrinin qanuniliyinə, vergi öhdəliklərin təmin olunmasına və mülki məsuliyyət barədə icbari sığorta müqavilələrinin olmasına nəzarətin həyata keçirilməsi.

Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı ilk növbədə aşağıdakılar yoxlanılır:

- nəqliyyat vasitəsinin xarici görkəmi;

- nömrəli aqreqatların (mühərrik, şassi) qeydiyyat şəhadətnaməsindəki göstəricilərə uyğunluğu;

- nəqliyyat vasitələrinin tormoz sistemlərinin və sükan mexanizmlərinin sazlığı;

- nəqliyyat vasitələrinin mühərriklərinin işlənmiş qazlarının tərkibində olan zərərli tullantıların miqdarının normativ standartlara uyğunluğu;

- nəqliyyat vasitələrinin işıq sisteminin sazlığı.

Nəzarət-ölçü cihazlarının göstəriciləri əsasında nəqliyyat vasitəsinin sazlığı barədə müvafiq qərar qəbul olunur. Aşkar edilmiş nasazlıqların aradan qaldırılması və nəqliyyat vasitəsinin təkrarən texniki baxışa təqdim edilməsi nəqliyyat vasitəsinin sahibindən tələb edilir. Saz halda olan nəqliyyat vasitələrinin sahiblərinə texniki baxışdan keçmə talonu verilir.

Fiziki şəxslərə məxsus mexaniki nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində ardıcıllığın təmin edilməsi, fasiləsiz olaraq keçirilməsi, növbələrin yaranmaması və qısa zaman kəsiyində kütləvi müraciətlərin baş verməməsi məqsədilə aşağıdakı müddətlərə riayət olunmalıdır:

- “VAZ” , “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;

- Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan  01 avqusta qədər;

- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsi ilə (əlavə №1) istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri, nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 18.65.1 maddəsinə əsasən nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə avtonəqliyyat vasitələri üçün 20 manat məbləğində, motonəqliyyat vasitələri, qoşqular və yarımqoşqular üçün 10 manat məbləğində dövlət rüsumu ödənilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər 300 manat miqdarında cərimə edilirlər. Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün aşağıdakı sənədlərin müayinə zamanı təqdim edilməsi tələb olunur:

- nəqliyyat vasitəsinin idarə etməyə hüquq verən sənəd;

- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

- nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin sahə və ya  stansiya tərəfindən göstərilmişdirsə);

- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş illik yol vergisinin və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar sənədlər;

- nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.

Qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

 

Ə L A V Ə  №1

 

“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanuna
1 saylı Əlavə

 

Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların
SİYAHISI

I. Tormoz sistemləri

1) Yolda sınaqlar zamanı iş tormoz sistemi aşağıdakı tormozlama səmərəlilik normalarını təmin etmədikdə:

Nəqliyyat vasitələrinin növləri

Tormoz yolu (m)
ən çoxu

Müəyyən edilmiş yavaşıma (m/s) ən azı

Tək nəqliyyat vasitələri: minik avtomobilləri və onların yükdaşıma üçün modifikasiyaları



12,2 (14,5)



6,8 (6,1)

İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5 ton da daxil olmaqla) avtobuslar



13,6 (18,7)



6,8 (5,5)

İcazə verilən maksimum kütləsi 5 tondan çox olan avtobuslar


16,8 (19,9)


5,7 (5)

İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan (3,5 ton da daxil olmaqla) yük avtomobilləri



15,1 (19)



5,7 (5,4)

İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 tonadək olan (12 ton da daxil olmaqla) yük avtomobilləri



17,3 (18,4)



5,7 (5,7)

İcazə verilən maksimum kütləsi 12 tondan çox olan yük avtomobilləri


16 (17,7)


6,2 (6,1)

İkitəkərli motosikletlər və mopedlər

7,5 (7,5)

5,5 (5,5)

Yanqoşqulu motosikletlər

8,2 (8,2)

5 (5)

Minik avtomobillərinin və onların yükdaşıma üçün modifikasiyaları­nın yedəyə aldığı avtomobil qatarları




13,5 (14,5)




5,9 (6,1)

İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5 ton da daxil olmaqla) avtobusların yedəyə aldığı avtoqatarları




15,2 (18,7)




5,7 (5,5)

İcazə verilən maksimum kütləsi 5 tondan çox olan avtobusların yedəyə aldığı avtoqatarları



18,4 (19,9)



5,5 (5)

İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan (3,5 ton da daxil olmaqla) yük avtomobillərinin yedəyə aldığı avtoqatarları




17,7 (22,7)




4,6 (4,7)

İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 tonadək olan (12 ton da daxil olmaqla) yük avtomobillərinin yedəyə aldığı avtoqatarları




18,8 (22,1)




5,5 (4,9)

İcazə verilən maksimum kütləsi 12 tondan çox olan yük avtomobillərinin yedəyə aldığı avtoqatarları



18,4 (21,9)



5,5 (5)

Qeyd: 1) İş tormoz sisteminin sınağı sement və ya asfalt-beton örtüklü hamar yolun quru üfiqi sahəsində və tormozlanmanın başlanğıc sürəti avtomobillər, avtobuslar və avtoqatarları üçün isə saatda 40 kilometr, motosiklet və mopedlər üçün isə saatda 30 kilometr olan halda aparılır; nəqliyyat vasitələrini təchiz edilmiş vəziyyətdə, sürücünün iştirakı ilə, idarəetmə orqanına iş tormoz sisteminin birdəfəlik təsiri yolu ilə sınayırlar; 2) Nəqliyyat vasitələrinin iş tormoz sisteminin səmərəliliyi dövlət standartlarına uyğun olaraq başqa göstəricilərə görə də qiymətləndirilə bilər.

2) Hidravlik tormoz ötürücüsünün hermetikliyi pozulduqda.

3) Pnevmatik və pnevmohidravlik tormoz ötürücülərində hermetikliyin pozulması mühərrik işləməyərkən tormoz sistemini idarəetmə orqanları tam qoşulmuş halda olduqda — 15 dəqiqə ərzində havanın təzyiqinin 0,05 MPa (0,5 kq—q/sm2) aşağı düşməsinə səbəb olursa.

4) Pnevmatik və ya pnevmohidravlik tormoz ötürücülərinin manometri işləmədikdə.

5) Duracaq tormoz sistemi aşağıdakı nəqliyyat vasitələrinin tərpənməz vəziyyətini təmin etmədikdə:

tam yüklü nəqliyyat vasitələrinin — 16 dərəcədən az olmayan enişdə;

təchiz olunmuş vəziyyətdə minik avtomobillərinin və avtobusların — 23 dərəcədən az olmayan enişdə;

təchiz olunmuş vəziyyətdə yük avtomobillərinin və avtomobil qatarlarının — 31 dərəcədən az olmayan enişdə istismarı qadağan edilir.

II. Sükan idarə mexanizmi

1) Sükan idarə mexanizmində lüftün cəmi aşağıdakı son hədd qiymətlərindən çox olduqda:

 

Nəqliyyat vasitəsinin növü

Cəmi lüftün son hədd qiymətləri, (dərəcə ilə), ən çoxu

Minik avtomobilləri və onların bazasında yaradılmış yük avtomobilləri və avtobuslar


             10

Avtobuslar

20

Yük daşıyan avtomobillər

25

 

2) Detal və qovşaqların konstruksiyada nəzərdə tutulmayan yerdəyişməsinə yol verildikdə; yivli birləşmələr müəyyənləşdirilmiş üsulla burulub bağlanmadıqda və ya bərkidilmədikdə.

3) Konstruksiyada nəzərdə tutulmuş sükan idarə gücləndiricisi və ya sükan dempferi (motosikletlər üçün) nasaz olduqda və ya ümumiyyətlə olmadıqda istismarı qadağan edilir.

III. Xarici işıq cihazları

1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda.

Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.

2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda.

3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda.

4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə.

5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda.

6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır.

IV. Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları

1) Şüşə silgəcləri müəyyən edilmiş rejimdə işləmədikdə.

2) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş şüşəyuyanlar işləmədikdə nasazlıq aradan qaldırılır.

V. Təkərlər və şinlər

1) Minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm-dən, yük avtomobillərində — 1 mm-dən, avtobuslarda — 2 mm-dən, motosiklet və mopedlərdə — 0,8 mm-dən az olduqda.

Qeyd: Qoşqular üçün şinlərin protektorundakı naxışların qalmış hündürlüyü normaları yedəkçi nəqliyyat vasitələrinin şinləri üçün olan normalarda müəyyən edilir.

2) Şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda.

3) Bərkitmə boltu olmadıqda və ya təkərlərin diskində və çənbərlərində çatlar olduqda.

4) Şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə.

5) Avtobusun, minik avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə.

Yük daşıyan avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə nasazlıq aradan qaldırılır.

VI. Mühərrik

1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda.

2) Yanacaq sisteminin hermetikliyi pozulduqda.

3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır.

VII. Konstruksiyanın digər ünsürləri

1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda.

2) Səs siqnalı işləmədikdə.

3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. [i][129]

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.[ii][130]

4) Konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük platforması bortlarının cəftələri, sistern boğazının və yanacaq bakı tıxacının cəftələri, sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm, qəza çıxış yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, taxoqraf, ilin mövsümi şəraitlərindən asılı olaraq şüşəqızdıran və havaüfürən işləmədikdə.

5) Konstruksiyada nəzərdə tutulmuş arxa  mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklər olmadıqda.

6) Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, habelə onların konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) olmadıqda və ya nasaz olduqda. Motosikletin çərçivəsi ilə yanqoşqunun çərçivəsi birləşən yerdə lüft olduqda.

7) Aşağıdakılar olmadıqda:

avtobusda, minik və yük daşıyan avtomobillərində, təkərli traktorda — dərman qutusu, odsöndürən, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər);

icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 5 tondan çox olan avtobuslarda — diyirlənməyə qarşı dayaqlar (azı ikisi);

yanqoşqulu motosikletdə — dərman qutusu, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər).

8) Operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə olunduqda.

9) Təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlər olmadıqda və ya onlar kəmərləri yararsız olduqda.

10) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri dövlət qeydiyyat nişanları yazılmadıqda.

11) Motosikletdə konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik qövsü olmadıqda.

12) Motosikletlərin və mopedlərin yəhərində əyləşmiş sərnişin üçün onların konstruksiyasında nəzərdə tutulmuş köndələn əl tutacaqları və ayaqaltılar olmadıqda.

13) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən son dəyişiklikdən sonra nəqliyyat vasitələrinin sahibləri yol vergisindən azad olunub. Bu qərar yanvarın 1-dən qüvvəyə minir. Bu barədə ətraflı məlumatları Avtosfer.az saytında oxuya bilərsiniz. Bizi izləməyə davam edin.

 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh