İş adamının oğlunun vəsatəti təmin edilməyib

Gündəm 20 Fevral 2018 15:31 Oxunub 735
İş adamının oğlunun vəsatəti təmin edilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçilərinin təkrar avto ekspertiza keçirilməsi barədə vəsatətinə münasibət bildirilib. Vəsatətdə qeyd edilib ki, qəza zamanı hava şəraitinin nəzərə alaraq R.Rəhimovun hadisənin qarşısını almaq imkanının olub-olmamasına təkrar qiymət verilsin. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb.

Hakimin suallarını cavablandıran R.Rəhimov söyləyib ki, hadisə günü hava çox yağışlı olub: "Qadın bir anda qabağıma çıxdı, onu görmədim".

Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib. Həmin gün məhkəmə istintaqının başa çatması gözlənilir.

Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh