Formula-1 simulyator yarışlarının Şirvan turunun qalibi məlum olub - FOTO

Yarışma 24 Fevral 2018 12:57 Oxunub 1620
Formula-1 simulyator yarışlarının Şirvan turunun qalibi məlum olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan G.Abdullayevə sertifikat təqdim olunub

Şirvan şəhərində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula-1 (F1) çempionatı keçirilib.

Trend-in məlumatına görə, fevralın 22-də Şirvanda ictimaiyyətə açıq Formula-1 simulyator oyunları və yarışda iştirak edəcək 200 nəfərdən çox IX-XI sinif şagirdləri üçün yol hərəkəti qaydaları ilə bağlı təlim təşkil olunub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Gülnaz Quliyeva bildirib ki, layihənin məqsədi regionlarında gənclər arasında Formula-1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır. “Çempionatin ilk mərhələsində hər regiondan bir qalib seçiləcək, həmin qaliblər Novruz bayramı ərəfəsində Bakı şəhərində təşkil olunacaq final turunda yarışacaqlar. Yarışın sonunda qaliblərlə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və qiymətli hədiyyələrin təqdim olunacaq”, - deyə o qeyd edib.

Azərbaycan Avtomobil Federasiyasının “Yol hərəkəti qaydalarını öyrənək” adlı təlimlərində məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Təlim keçmiş şagirdlər fevralın 23-də Formula-1 simulyator yarışlarına qatılıblar.

Şirvan şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin mübarizə apardığı çempionatda şəhər 18 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Gülağa Abdullayev fərqlənib. O, simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 50 saniyəyə dövrə vuraraq, iştirakçılar arasında ən yüksək nəticə göstərib.

Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanan G.Abdullayevə sertifikat təqdim olunub.

Əldə etdiyi qələbəyə sevinən G.Abdullayev deyib: “Yarışın qalibi olacağıma ümidim böyük idi. Çünki təlimlər zamanı etdiyim sınaq yürüşlərində yaxşı nəticələr göstərirdim. Yarış zamanı çox həyəcan keçirirdim. Artıq o anlar arxada qaldı. Məktəbimizə qalib kimi qayıdacağımdan qürur duyuram. Bakı şəhərində keçiriləcək final yarışından şəhərimizə də qələbə ilə qayıtmaq arzusundayam”.

 

Qeyd edək ki, martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Şirvandan sonra Füzuli, Mingəçevir, Qax və Qubanın yuxarı sinif şagirdləri iştirak edəcəklər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh