Onlar AA-dır, qanunu pozurlar, sayrışan işıqla gəzirlər – VİDEO

Yazarlar 6 Yanvar 2015 02:07 Oxunub 8462
Onlar AA-dır, qanunu pozurlar, sayrışan işıqla gəzirlər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozuntusu onların alnına yazılıb; bu avtomobillərdə sayrışan işıqlara qanun icazə vermir

Bu videokadrlarda gördüklərimiz kobud qanun pozuntularıdır. AA seriyalı avtomobillərdən biri qarşı yola çıxaraq qəza şəraiti yaradır. Hər ikisi sayrışan işıqlardan istifadə edir. Axı onlar AA-dır. AA seriyalı maşınlar bu cür vasitələrdən istifadə edə bilərmi? Avtosfer.az-ın məlumatına görə, «Yol hərəkəti haqqında» qanunun qəti və birmənalı tələbinə əsasən, sayrışan işıqlar yalnız operativ nəqliyyat vasitələrində quraşdırıla bilər. Operativ nəqliyyat vasitələri isə yalnız aşağıdakı qurumlara məxsus ola bilər:

― yanğından mühafizə xidmətinə;

― polis orqanlarına;

― təcili tibbi yardım xidmətinə;

― hərbi avtomobil müfəttişliyinə;

― pul mədaxilinin inkassasiyasını və qiymətli yüklərin daşınmasını həyata keçirmək üçün banklara, maliyyə-kredit təşkilatlarına və başqa müvafiq qurumlara;

― ali vəzifəli şəxslərin mühafizəsi vəzifəsinin icrası üçün Xüsusi Dövlət Mühafizə Xidmətinə;

― poçtun daşınması üçün milli operatora (rabitə orqanına).

Digər hər hansı qurumun və ya şəxsin operativ nəqliyyat vasitəsi ola bilməz və onların hər hansı nəqliyyat vasitəsinə sayrışan işıqlar quraşdırıla bilməz.

Nəzərə almaq lazımdır ki, operativ nəqliyyat vasitələrinə malik ola bilən xidmət və qurumların heç də bütün nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri deyildir. “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinin VI hissəsinə əsasən, xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri DYP-də xüsusi qeydiyyatdan keçməlidir. Həmin maddənin VII hissəsindən aydın olur ki, nəqliyyat vasitələrinin belə xüsusi avadanlıq və vasitələrlə, yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz edilməsinə DİN icazə verir. Deməli, xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə, habelə müvafiq rənglənmə sxemləri ilə yalnız yuxarıda sadalanan qurumlara və yalnız onlar operativ nəqliyyat vasitələri hesab oluna bilər.

Özü də xüsusi səs və işıq siqnalları, rənglənmə sxemləri bunun üçün xüsusi icazə verilmiş konkret nəqliyyat vasitəsində quraşdırılır. Deməli, belə nəqliyyat vasitəsinin mövcud olduğu təşkilatların qalan nəqliyyat vasitələri, eləcə də həmin təşkilatların əməkdaşlarının şəxsi nəqliyyat vasitələri belə səs və işıq siqnalları ilə təchiz oluna bilməz. Həmin fərqləndirici vasitələrin bunun üçün xüsusi icazə verilmiş nəqliyyat vasitəsinə yox, istənilən digər nəqliyyat vasitəsinə, o cümlədən xüsusi xidmət orqanlarının ayrı-ayrı əməkdaşlarının, yüksək vəzifə tutan şəxslərin (məsələn, nazirlərin, icra başçılarının, deputatların və s. şəxslərin) xidməti və ya fərdi nəqliyyat vasitələrinə quraşdırılması qanunsuzdur.

Ümumiyyətlə, hər bir sürücü bilməlidir ki, beynəlxalq və milli standartlara əsasən, operativ nəqliyyat vasitələri istisna olmaqla, istənilən başqa nəqliyyat vasitəsinə sayrışan (yəni müəyyən rejimdə yanıb-sönən) işıqlar quraşdırmaq qadağandır. Nəqliyyat vasitələrində yalnız dönmə siqnalları yanıb-sönən rejimdə işləyən olmalıdır. Bu işıqlardan isə hər bir sürücünün gözəl bildiyi kimi, yalnız müxtəlif manevrlər (dönmə, ötmə və s.) zamanı manevrə uyğun olmaqla, habelə qəza vəziyyətində istifadə oluna bilər. Nəqliyyat vasitələrinin istənilən digər yerində, o cümlədən, salonunda, radiator barmaqlıqlarının arxasında istənilən rəngdə (o cümlədən adi ağ rəngdə) sayrışan işıq quraşdırmaq və bundan istifadə etmək qəti qadağandır. Bu qadağanın pozulması İXM-in 155.7-ci maddəsi ilə məsuliyyətə səbəb olacaqdır. Həmin maddə qanunsuz quraşdırılan işığın müsadirə edilməsini və 500-800 manat cərimə nəzərdə tutur. Hətta bu işıqlar yerində çıxarıla bilmədikdə avtomobil mühafizə olunan duracağa (cərimə meydançasına) aparılmalıdır.

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh