Bakı bulvarında yelkənli qayıqların paradı keçirildi - FOTO

Yarışma 5 Mart 2018 15:47 Oxunub 2147
Bakı bulvarında yelkənli qayıqların paradı keçirildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yelkənli İdman Federasiyası tərəfindən qayıqların paradı təşkil edilib

Martın 5-i Azərbaycanda “Bədən Tərbiyəsi və İdman Günü”dür. Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda “Bədən Tərbiyəsi və İdman Günü”nün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə müsbət nəticəsini göstərib. Azərbaycanda idmanın inkişafını Olimpiya, Paralimpiya Oyunlarında qazanılan medalların sayından da açıq şəkildə görmək olar.

Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına, Formula – 1 Avropa Qran-prisi və 42-ci Ümumdünya Şahmat Olimpiadasına, IV İslam Həmrəyliyi Oyunlarına, qadın voleybolçular arasında Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib.

Azərbaycanda bu gün uğurla inkişaf etməkdə olan idman növlərindən biri də Yelkənli İdman növüdür. Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) 2000-ci ildə rəsmi qeydiyyatdan keçib. Əsas məqsəd respublika əhalisi arasında yelkənli idmanı təbliğ və təşviq etmək, yüksək dərəcəli idmançıların hazırlanmasına şərait yaratmaq, respublika yarışlarını təşkil etməklə Yelkənli İdman növünə marağı artırmaq və bu idman növünün Azərbaycan Respublikasında inkişafına dəstək verməkdir. 

Respublikanın yığma komandasını hazırlayaraq, komandanın beynəlxalq yarışlarda iştirakını təmin etmək federasiyanın prioritet amallarından biridir. Beynəlxalq Yelkənli İdman Federasiyasının (ISAF) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) üzvü olan Azərbaycan Yelkənli İdman Federasiyasının “Optimist” və “Lazer” sinifləri üzrə yelkənçiləri bir çox beynəlxalq yarışlarda müvəffəqiyyyətlə çıxış ediblər.

Ölkəmizdə sevinclə qeyd edilən bir çox önəmli günlərdə olduğu kimi “Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar Yelkənli İdman Federasiyası tərəfindən Bakı Bulvarında Yelkənli qayıqların paradı təşkil edilib. Yelkənli qayıqların paradı şəhər sakinləri və qonaqlar tərəfindən maraqla izlənilib.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh