Bu da Azərbaycanın qadın polisləri - FOTOLAR

Yol polisi 7 Mart 2018 23:45 Oxunub 18866
Bu da Azərbaycanın qadın polisləri - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili işlər orqanlarında xidmət edən şəxsi heyətin təxminən 10 faizi qadın əməkdaşlardır

Bəzən peşələrdən söz düşəndə fiziki və psixoloji cəhətdən güc, dözüm, gərginlik tələb etdiyinə, ekstremal vəziyyətlərlə tez-tez üzləşdiyinə görə “polis peşəsi qadın üçün deyil” deyib, ötürük. Dünya təcrübəsi və son illər elə qadınların özlərinin polisdə xidmət üçün müraciət etməsi bu təsəvvürlərin tamamilə yanlış olduğunu göstərir. Digər tərəfdən isə daxili işlər orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi polisdə xidməti qadınlar üçün daha cəlbedici, əlçatan edir.

Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, sosial, iqtisadi, mədəniyyət, hüquq-mühafizə və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Qadınların hüquq və azadlıqlarının təminatına dair milli qanunvericilik aktlarından və beynəlxalq sənədlərdən irəli gələn tələblərin icrası Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Rəhbərlik tərəfindən gender siyasəti sahəsində məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir.

Elə qadın əməkdaşlar da onlara göstərilən etimadı, bəslənən ümidləri layiqincə doğruldurlar.

Hazırda Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət edən şəxsi heyətin təxminən 10 faizi qadın əməkdaşlardır... Xidmətdə uğur qazanan xanım əməkdaşlara daim etimad göstərilir, onlar rəhbər vəzifələrə irəli çəkilirlər. Onların böyük qismi Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında,Mətbuat Xidmətində, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərir, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri layiqincə yerinə yetirirlər. 

Bu gün qadın əməkdaşlar DİO-da tutduqları ən müxtəlif vəzifələrdə, o cümlədən idarə rəisi, idarə rəisinin köməkçisi, poliklinika rəisi, xidmət, şöbə, bölmə və hissə rəisləri kimi rəhbər vəzifələrdə də işin öhdəsindən bacarıqla və peşəkarlıqla gəlməklə cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunmasına öz layiqli töhfələrini verirlər.

Azərbaycan son illər keçirilən beynəlxalq tədbirlərlə dünyanın diqqət mərkəzindədir. Avroviziya Mahnı Müsabiqəsi, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Azərbaycan Qran-Prisi kimi çoxminli tamaşaçılar auditoriyası olan tədbirlərin təşkili və keçirilməsi həm də ciddi təhlükəsizlik tədbirlərinin görülməsini, asayişin ciddi qorunmasını tələb edir. Bizim zərif güclülər bu sahədə də onlara tapşırılan xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlir, etimadı doğruldurlar.

Qadın əməkdaşlarımız, xidmət yoldaşlarımız, idman ulduzlarımız hər zaman arxalana biləcəyimiz insanlardır. Onların uğurundan bütün cəmiyyətə pay düşür.

 

Xəyalə Məmmədova,

Zeyni Hüseynov

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh