Avtomobil bazarındakı ucuzlaşma: idxal artıb, tələb azalıb

Yazarlar 12 Mart 2018 10:30 Oxunub 1673
Avtomobil bazarındakı ucuzlaşma: idxal artıb, tələb azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vüqar Bayramov: “Tələbin azalması fonunda ili nisbətən köhnə olan avtomobillərin qiymətlərində ucuzlaşma davam edəcək”

Avtomobil bazarında bir müddət öncə sanki köpük effekti ilə qalxan qiymətlər artıq enmək üzrədir. Ölkəyə avtomobil idxalının azalması, o cümlədən bu ilin əvvəlindən etibarən gömrük rüsumları və vergilərin artırılması “ikinci əl” avtomobillərdə sürətli bahalaşmaya səbəb olsa da, alıcılığın zəif olması bahalaşmanın uzun müddət davam etməsinə şərait yaratmadı. Tələbin azalması ilə avtomobil bazarında qiymətlər də real həddinə qayıtmağa başladı.

“Xəzərxəbər”in verdiyi məlumatda isə bildirilir ki, rayonlarda da avtomobil ucuzlaşır. Alıcılar və satıcılar son iki həftədir qiymətlərdə enmə müşahidə etdiklərini bildiriblər. Bu ucuzlaşma daha çox Rusiya istehsalı olan maşınların qiymətlərində müşahidə edilib. Bazar iştirakçılarının sözlərinə görə, Rusiya istehsalı olan maşınların qiymətlərində 300 manatdan 500 manata qədər ucuzlaşma olub. Ötən bazar günü Almaniya, Yaponiya və digər ölkələrin avtomobillərinin qiymətlərində isə 10 faizə qədər ucuzlaşma müşahidə edilib.

Qeyd edək ki, bunun bir səbəbi də son aylarda ölkəyə avtomobil idxalının artmasıdır. Belə ki, Dövlət Gömrük Komitəsi bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana gətirilən avtomobillərin sayını açıqlayıb. Ümumilikdə 2 ayda ölkəyə 2 065 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında 1062 avtomobil gətirilmişdi.

Avtomobillərin 11 ədədi motorlu nəqliyyat vasitələri, 1 867 ədədi minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

2017-ci ilin Yanvar-fevral aylarında Azərbaycana 1 003 ədəd nəqliyyat vasitəsi, o cümlədən 852 ədəd minik avtomobili, 139 ədəd yük avtomobili, 5 ədəd avtobus və 7 ədəd xüsusi təyinatlı texnika idxal olunmuşdu. “Yeni Müsavat”ın əməkdaşı olaraq, regionlarda avtomobillərin nə qədər ucuzlaşmasını araşdırmaq üçün Bərdə rayonundakı avtomobil bazarının satıcıları ilə də əlaqə saxladıq. Satıcı Vaqif Nuriyev də avtomobil bazarlarında ucuzlaşma olduğunu təsdiqlədi: “Ötən bazar gün Bərdə bazarında da avtomobillərin qiymətində də müəyyən qədər ucuzlaşma var idi. Səbəb isə o idi ki, Rusiya istehsalı olan avtomobillərin satışında durğunluq yaranmışdı. Son aylar alman istehsalı olan avtomobillərə tələbat artdığından qiymətlərin kəskin bahalaşması müşahidə olundu. Digər avtomobillərin dəyərində isə elə də artım olmadı. Rusiya istehsalı olan avtomobillər sanki bunların fonunda süni formada bahalaşdırıldı. Alıcılar bazara gətirdikləri maşını daha baha satmağa can atdılar. Ancaq bu çox çəkmədi, bir neçə həftədən sonra qiymətlər əvvəlki vəziyyətinə qayıtdı. Rusiya istehsalı olan avtomobillər ucuzlaşdı. Sonuncu bazarda 2-3 həftədə öncə ilə müqayisədə bir xeyli qiymət fərqi yarandı. Müxtəlif avtomobillərin qiymətində 500-800 manat arasında enmə oldu”.

Bakının həftəsonu təşkil olunan Avtomobil Satışı Mərkəzində də qiymətlərdə müəyyən qədər ucuzlaşma müşahidə olunur. “Yeni Müsavat”a açıqlamasında bu durumun səbəblərini izah edən iqtisadçı ekspert Vüqar Bayramov vurğuladı ki, avtomobillərin ucuzlaşacağı gözlənilən idi: “Avtomobil bazarında aparılan monitorinqlər də onu göstərir ki, tələbin azalmasına baxmayaraq, qiymətlərdə artımlar müşahidə olunurdu. Bazarda durğunluq mövcud idi, real alıcıların sayında kəskin azalma nəzərə çarpırdı. Ancaq bununla paralel olaraq qiymət artırdı. Əslində bu iqtisadi baxımdan heç də məntiqli bir proses deyildi. Doğrudur, 2018-ci il yanvar ayının 1-dən etibarən avtomobillərin idxalına. Xüsusən də mühərrikinin həcmi böyük olan avtomobillərin ölkəyə gətirilməsinə tətbiq olunan vergilər artırıldı. Bu baxımdan ciddi qiymət artımları müşahidə olundu, ancaq tələbin artmasına gətirib çıxartmadı. O zaman da biz proqnozlaşdırırdıq ki, mövcud qiymət artımları real olmadığı üçün tələbin azalması fonunda yenidən ucuzlaşma olacaq. Çünki tələb azdırsa, alıcı sayı məhduddursa, qiymət artımının real əsasları olmur. Bu baxımdan hazırda avtomobil bazarında ucuzlaşma müşahidə olunur”.

İqtisadçının sözlərinə görə, yeni avtomobillərin qiymətin azalma yoxdur, çünki onun xərci dollarla ifadə olunur: “Gömrük rüsumlarının artırıldığını da nəzərə alsaq, onların ucuzlaşması mümkün deyil. ”İkinci əl" avtomobillərin qiymətində azalma var, tələb aşağıdır. Tələbin azalması fonunda ili nisbətən köhnə olan avtomobillərin qiymətlərində ucuzlaşma davam edəcək. Bu, daha çox 2010-cu ildən əvvəl istehsal olunmuş avtomobillərdə hiss olunacaq. 2010-2016-cı il istehsal olan maşınlarda ucuzlaşma daha azdır. Bununla avtomobil bazarında yenidən real qiymətlər formalaşacaq, tarazlıq yaranacaq".

“MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov da Fins.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycanda avtomobil bazarında ilin əvvəli ilə müqayisədə artım olsa da, artıq qiymətlər sabitləşməyə başlayıb: “Avtomobil bazarında ilin əvvəli ilə müqayisədə qiymət artımı var. Yanvar ayında avtomobil bazarında 20% artım olub. Bu da xaricdən gətirilən avtomobillərə tətbiq edilən idxal gömrük rüsumunun artırılması ilə bağlı olub. Fevralın yekununa görə isə ayın əvvəlinə nisbətən 1,8% azalma qeydə alınıb. Yəni indi qiymətlərdə sabitləşmə gedir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh