Polis rəisi Sarayevoda Xocalı soyqırımından danışıb - FOTOLAR

Yol polisi 12 Mart 2018 15:41 Oxunub 6018
Polis rəisi Sarayevoda Xocalı soyqırımından danışıb - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xocalı soyqırımı zamanı hər iki valideynini itirən uşaqdan biri də Murad Hüseynovdur

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyasının başlanmasından 10 il ötür. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər düzənlənib. Müxtəlif ölkələrin parlamentlərinin və dövlət qurumlarının məlumatlandırılması, əsl həqiqəti üzə çıxarmaq, dünyaya izah etmək məqsədi ilə geniş etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar paylanılıb, filmlər nümayiş olunub. Bu gərəkli tədbirlərin nəticəsi olaraq Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.

Bu yaxınlarda Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən  “Böyüməyən uşaqlar”  kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıdır.

Təqdimat Sarayevo Beynəlxalq Universitetində baş tutub. Tədbirdə ayrı-ayrı ölkələrin Sarayevodakı diplomatik nümayəndəlikləri, Milli Məclisin deputatı, Azərbaycan-Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadə, kitabın müəllifi Elşad Eyvazlı, Xocalıda hər iki valideynini itirmiş gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova da iştirak ediblər.

Tədbirdə iştirak etmiş Murad Hüseynovla görüşdük. Qeyd edək ki, müsahibimiz Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantıdır. M.Hüseynov bildirdi ki, fevralın 22-də Bosniya-Herseqovinanın Sarayevo Beynəlxalq Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib. Tədbirdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatlarından, baş verdiyi şəraitdən və fəsadlarından danışılıb, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyi vurğulanıb. Son illər bu hadisənin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdirəlayiq hal adlandırılıb.

Həmsöhbətimiz qeyd etdi ki, Xocalı soyqırımı zamanı hər iki valideynini itirən uşaqdan biri də odur. Anasını 2008-ci ilə qədər əsir düşmüş bilib. Amma 2008-ci ildə xarici jurnalistlərdən birindən əldə etdiyi, Xocalı dəhşətlərini əks etdirən fotoda anası, xalası və xalası uşağının da şəhid olduğunu görüb.Ümumilikdə onların yaxın qohumlarından, əzizlərindən 49 insan bu faciənin qurbanı olub.

Qeyd edək ki, polis polkovnik-leytenantı M.Hüseynov Xocalı özünümüdafiə batalyonunun komandiri, Azərbaycan Milli Qəhrəmanı Tofiq Hüseynovun oğludur. Xocalının müdafiəsi üçün atasının mühüm xidmətləri olub. O,  Xocalıda könüllülər dəstəsindən özünümüdafiə batalyonu təşkil edib. Tez-tez Əsgəran və digər istiqamətlərdə kəşfiyyata gedib, hazırlanan bir çox basqınların qarşısını mərdliklə alıb. Xocalı qırğınında çoxlu sayda insanın xilas olması üçün əlindən gələni edib. düşmən mühasirəsində tək qalıb və  əsir düşməmək üçün qumbaranı partladıb.

Valideynlərini itirdikdən sonra M.Hüseynov iki bacısı ilə birlikdə əmisinin himayəsində yaşayıblar. 

Söhbətimizin sonunda M.Hüseynov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə və DİN rəhbərliyinə minnətdarlıq etdi. Və bildirdi ki, bütün soydaşlarımız kimi o da doğma yurda qayıdacağımız günün çox yaxında olduğuna inanır. 

 

Xəyalə Məmmədova,

Zeyni Hüseynov,

DİN Mətbuat Xidmətinin əməkdaşları

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh