"Mikroavtobusların əksəriyyəti istismar müddətini başa vurub" - Qəzaların səbəbi

Yazarlar 13 Mart 2018 15:50 Oxunub 1356
"Mikroavtobusların əksəriyyəti istismar müddətini başa vurub" - Qəzaların səbəbi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Qazel” markalı mikroavtobusların xətdə olanlarının hər biri təhlükədir”

"Sürücülük vəsiqəsini alan şəxslər kateqoriyalara görə, imtahan verməlidirlər. Bu kateqoriyaya uyğun avtobus sürücülərinə nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verilir”. Bunu "Sherg.az”a son günlər artmaqda olan avtobus qəzalarının səbəblərini izah edərkən nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli deyib. O qeyd edib ki, sürücülük kateqoriyaları oturacaqların yerinə, nəqliyyat vasitəsinin sərnişin tutumuna və s. görə dəyişir: "Sürücülər nəqliyyat vasitəsini idarə etmək üçün uyğun kateqoriyanı əldə etməlidir. Lakin çox zaman hansısa yollara əl atılır, sürücülük kateqoriyaları mexaniki olaraq alınır. Xüsusilə mikroavtobusları və iri avtobusları idarə edənlər arasında monitorinq aparsaq, onların əksəriyyətinin həmin kateqoriyalı sürücülük vəsiqəsinin olmadığını aşkarlayarıq. Sadəcə B, C kateqoriyası olan şəxsə avtobus əmanət edirlər. Rayon yerlərindən gəlib, şəhərdə avtobus sürücüsü işləyən insanlar var. Hətta bir neçə şəxs tanıyıram ki, avtobus sürmək, iritutumlu nəqliyyat vasitəsini idarə etmək təcrübəsi olmayıb, amma işə götürülüb. Təbii ki, rayon, şəhər fərq etmədən, hər kəs nəqliyyat vasitəsi idarə edə bilər. Amma tələblərə cavab vermək lazımdır.

Sürücülər arasında maarifləndirmə işləri aparılmır. Ayrı-ayrı şirkətlər, Bakı Nəqliyyat Agentliyinin (BNA) özü də məsuliyyət daşıdığı halda böyük həcmli xətlərin sürücüləri üzərində işləmirlər. Onlara sadəcə plan lazımdır. Amma bu insanların təhlükəsizliyi üçün əhəmiyyətli məsələdir. Sərnişindaşıma ilə məşğul olan şirkətlər bilməlidirlər ki, ölkə vətəndaşlarının təhlükəsizliyində məsuliyyət daşıyırlar. Ən çox ictimai nəqliyyatda çalışan sürücülərin daim yoxlanması, təlimatlandırılması vacibdir”.

İ.Hüseynli əlavə edib ki, Azərbaycanda hazırda istismarda olan mikroavtobusların əksəriyyəti istismar müddətini başa vurub, istifadəyə yararlı deyil:

"Xüsusilə "Qazel” markalı mikroavtobuslar təhlükə saçır. Bu avtobusların xətdə olanlarının hər biri təhlükədir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Şirvan şəhəri ərazisində Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla "Şirvan oil”ə məxsus xüsusi qurğulu "KamAZ” markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh