Bu şəxs “İnstagram”da 200 nəfəri aldatdı - DİN FOTOLAR-ı yaydı

Gündəm 14 Mart 2018 15:10 Oxunub 4691
Bu şəxs “İnstagram”da 200 nəfəri aldatdı - DİN FOTOLAR-ı yaydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirdiyini etiraf edib

"İnstagram” sosial şəbəkəsində insanlara yalan vədlər verərək onları dələduzluq yolu ilə aldadan və pullarını mənimsəyən şəxs polislər tərəfindən saxlanılıb. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə "İnstagram” sosial şəbəkəsində "xaker_telefon_izle” adlı səhifənin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı və külli miqdarda pullarını mənimsədiyi barədə məlumat daxil olub.

Aparılan əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan "mobil telefonun yönləndirilməsi”, "telefonda ön kameranın açılması” və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi kimi uydurma xidmətlər təklif olunur.

Əməliyyat-axtarış tədbiri nəticəsində "xaker_telefon_izle” səhifəsinin Ağdam rayon sakini Nurlan İsmayılov adlı şəxs tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs qarşı tərəfin şəxsi məlumatlarını əldə edəndən sonra öz adına poçt vasitəsilə 600 manat pul göndərilməsini istəyib. N.İsmayılov pulu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə "qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib.

Saxlanılan şəxs bu üsulla 200 nəfərə yaxın insanı aldatdığını, həmçinin tələb etdiyi pulu verməyənləri ona göndərilən məlumatları yayacağı ilə də hədələyib. N.İsmayılov ifadəsində "İnstagram”da səhifəsinə müraciət edən insanlara yalan vədlər verdiyini və vətəndaşları dələduzluq yolu ilə aldadaraq pullarını ələ keçirdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyə edir.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh