Polis rəisi uşaqların suallarını cavablandırıb hədiyyə verdi - FOTOLAR

Yol polisi 16 Mart 2018 18:02 Oxunub 3052
Polis rəisi uşaqların suallarını cavablandırıb hədiyyə verdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xətaidə “Polis uşaqların gözü ilə” mövzusunda görüş keçirilib

Xətai rayonundakı 263 nömrəli tam orta məktəbin şagirdləri Rayon Polis İdarəsində qonaq oldular. “Polis uşaqların gözü ilə” mövzusunda keçirilən bu görüş RPİ-nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdu. İdarənin rəisi, polis polkovniki Muradəli Babayev qonaqları RPİ-nin həyətində qarşıladı. Uşaqlar qarışıq valideynlər bəlkə də bunu gözləmirdilər. Bir neçə dəqiqəlik səmimi söhbətdən sonra Polis İdarəsinin inzibati binası ilə tanışlıq başladı.

Əvvəlcə Növbətçi hissə uşaqlara təqdim olundu. Bildirildi ki, ərazi polis orqanlarında vətəndaşların ilk müraciət etdiyi ünvan bu məkandır və hər hansı problemlə, müraciətlə bağlı vətəndaşlar ilk olaraq, bura üz tuturlar.

“Müvəqqəti Saxlama Yeri” barəsində məlumat veriləndə “Orada kimi və nə üçün saxlayırlar?” sualına rəisin cavabı belə oldu:

- Cinayətdə şübhəli bilinən şəxslər, müvəqqəti olaraq...

Üzərinə “Sinif otağı” yazılmış tanıtım lövhəsi şagirdlərin təəccübünə səbəb oldu. “Elə bilirsiniz təkcə siz oxuyursunuz?” Şagirdlərə təbəssümlə müraciət edən polis rəisi: “Bildiklərimizlə, oxuduqlarımızla kifayətlənmirik. Biz də oxuyuruq, təcrübəli əməkdaşlardan öyrənirik, təcrübə mübadiləsi edirik, bilgimizi bölüşürük. Uğur əldə etmək üçün oxumağa hər kəsin ehtiyacı var”,- dedi. 

Rəisin kabineti ilə tanışlıq da maraqlı anlarla yadda qaldı. Hətta, “Kim bu gün rəis olmaq istəyir”,-deyəndə şagirdlər müəllimlərə baxdılar. Onlardan ən kiçiyi olan Murad cəsarətlənib hamıdan tez əlini qaldırdı...

Akt zalında məktəb kollektiviylə görüşü xatırladan M.Babayev səhnəciklərin çox maraqlı alındığını, hələ də xatirələrində qaldığını söylədi. Sonra, o, Azərbaycan Polisinin keçdiyi şərəfli və çətin yoldan qısaca danışdı. Dedi ki, bu gün ölkəmizdə sabitliyin, əmin-amanlığın bərqərar olunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə digər hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan Polisinin də üzərinə çox böyük və məsuliyyətli bir iş düşür. Hələ müstəqilliyimizin ilk illərində Vətənin səsinə səs verənlərin içində yüzlərlə polisimizin olduğunu, söyləyən M.Babayev döyüşlərdə daxili işlər orqanlarının sıralarında 1695 şəhidin olduğunu, 1710 əməkdaşımızın yaralandığını, 67 nəfərin “Milli Qəhrəman” adına layiq görüldüyünü bildirdi. 

Şəxsi Heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı İdris Məhərrəmov polisi daha yaxından tanıdan və onu sevdirən bu cür tədbirlərin yeniyetmələrin təlim-tərbiyəsində xüsusi əhəmiyyətini qeyd etdi, bu il 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Polisinin əsl örnək bir xidmət yolu keçdiyini diqqətə çatdırdı.. 

Məktəbin direktoru Nurqələm Bayramova DİN və RPİ rəhbərliyinə təşəkkürünü bildirdi və belə tədbirlərin tez-tez keçirilməsinin, Xətai RPİ-nin bu gözəl təşəbbüsünün bütün ölkədə yayılmasının vacibliyini vurğuladı.

Sonda şagirdlərə polislərin hədiyyəsi-müxtəlif mövzulu kitablar təqdim olundu.

 

Çingiz Şıxverdiyev,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh