Avtomobilə yorğun və yuxusuz əyləşməyin acı sonluğu - FOTOLAR

Yazarlar 18 Mart 2018 00:00 Oxunub 3881
Avtomobilə yorğun və yuxusuz əyləşməyin acı sonluğu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki nəfərin öldüyü qəzanı törədən sürücü - "Bir də onda gördüm ki, dəydi"

DİN Baş Dövlət Yol Polisi İdarəsi bu gün açıqlama verərək bəyan etdi ki, son vaxtlar baş verən ağır qəzaların əksəriyyətinin səbəbi sürücülərin sükan arxasında, xüsusən də uzaq yollara çıxarkən yorğun və yuxulu olmasıdır. Mən başa düşə bilmirəm, yol, maşın yatmaq, dincəlmək yeridir? Adam nə qədər məsuliyyətsiz olar ki, yuxulu halda yola çıxsın? "İndi çatıram, az qaldı" deyə-deyə bir də onda ayılırlar ki, həbxana qapısından içəri girdilər.

Dünən Hacıqabulda yolda təmir işləri aparan texnikya çırpılan və 2 nəfərin öldüyü, 4 nəfərin (3-ü uşaqdır) yaralandığı qəzanı törədən sürücü ilkin dindirmə zamanı, elə hadisə yerindəcə bildirib ki, "bir də onda gördüm ki, dəydi". Deməli, sükan arxasında yatıbmış. Bəxti onda gətirib ki, təhlükəsizlik kəmərini taxıbmış və sağ qalıb. Çox şükürlər olsun ki, qəzada yaralanan körpələrin durumu yaxşıdır. Dünən ağır vəziyyətdə idilər. Bu gün xeyli irəliləyiş var. Qəzada ölən iki nəfərdən biri sürücünün həyat yoldaşı, digəri isə qardaşının baldızıdır. Allah rəhmət eləsin. Günahsız, heç nədən həlak olublar.

Sürücü isə hadisə yerində dediyinin əksinə olaraq, bu gün başqa nağıllar danışırmış. Hadisə yerində isti-isti düzünü deyib, sonradan isə anlayıb ki, həbsə gedir, buna görə də nala-mıxa vurur ki, bəlkə cəzası yüngül oldu. Amma onsuz da onu 5 ildən 10-ilədək həbs cəzası gözləyir. Ancaq nə olsun? İki qadın, iki ana, iki günahsız insan həyatdan köçdü. 3 azyaşlı uşaq ömrünün sonuna qədər o stresdən çıxa bilməyəcək.

Sürücü deyirmiş ki, rayona qara bayramı qeyd etməyə gedirmiş, amma öz bayramları qara gəldi. Bu, dəhşətdir. Gedib rayona baş çəkib, dincəlmədən, yorğunluğunu çıxarmadan geri qayıdırmış. Anlamaq lazımdır ki, bütün dünyada sürücülərin iş və istirahət rejiminə böyük önəm verilir. Çünki yol qəzalarının kökündə dayanan əsas səbəblərdən birincisi elə budur. Hələ psixoloji gərginlik, xəstə halda sükan arxasına keçmək kimi hallar da təhlükəli sayılır. Amma bizdə baxırsan ki, bəzən iki dəfə infarkt keçirmiş şəxs hələ də maşın sürür.

Əziz sürücülər, yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin. Yolda dayanın, bütün DYP postlarında sürücülər üçün şərait yaradıblar, maşını saxlayın, dincəlin, lap elə maşında 10 dəqiqə yatın. İnanın ki, maşında 10 dəqiqə yatmaq bir gecənən yuxusundan daha şirin olur və ayılandan sonra daha rahat maşın sürə bilərsiniz.

4 saatdan artıq davamlı olaraq sükan arxasında əyləşmək, yəni, maşın sürmək təhlükəlıdir.

Bu qəza həm də təhlükəsizlik kəmərinin əhəmiyyətini önə çıxardı. Qəzaya düşən "Mercedes"in fotosona baxın və inanın ki, sürücü heç bir xəsarət almadan qəzadan sağ-salamat çıxıb. Göründüyü kimi, kəmər insanı həqiqətən də qoruyur. Amma məsələ burasındadır ki, sürücü özündən başqa maşındakıların da həyatına, təhlükəsizliyinə cavabdehdir. Bunları nəzərə alsaydı o zaman belə ağır qəza da baş verməzdi.

Yollarda diqqətli olmaq lazımdır. Yazılan və yazılmayan qanunlara əməl etmək lazımdır. Avtomobil yüksək təhlükə mənbəyidir. Bu təhlükə mənbəyi ilə risk etməyə dəyməz.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh