Bakı yollarında minlərlə insanı narazı salan məsələ - FOTO

Yazarlar 27 Mart 2018 17:05 Oxunub 1328
Bakı yollarında minlərlə insanı narazı salan məsələ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Avtobus duracağının zəbt edilməsinə görə cərimə nəzərdə tutulub”

Bakıda nəqliyyatın hərəkətini çətinləşdirən, sıxlığa səbəb olan və sərnişindaşımanın keyfiyyətinə birbaşa mənfi təsir edən hallardan biri də avtomobillərin, xüsusi ilə də taksilərin avtobus dayanacaqlarını zəbt etməsidir. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, günün müxtəlif saatlarında şəhərin bir sıra yerlərində taksilərin avtobus dayanacaqlarını necə tutduğu, 2-3 cərgə sıralandığını görmək olar. Xüsusi ilə də metronun “20 Yanvar”, “Memar Əcəmi”, “Koroğlu”, “28 May”, “Nizami” stansiyaları ətrafında, Azadlıq, Moskva prospektində, Rəşid Behbudov, Süleyman Rüstəm, Füzuli, Asif Məhərrəmov, Cavadxan, Həsən Əliyev küçələrində bu hallar daim yaşanır. Bəzi hallarda avtomobillərin avtobus dayanacaqlarının yerini zəbt etməsi, sarı xəttin tələbini pozaraq dayanma-durma qaydalarını saymaması normal qəbul edilir. Lakin bu hallar hər gün minlərlə insanın işə gecikməsinə, avtobusların qrafikinin pozulmasına, yollarda sıxlığın daha da artmasına gətirib çıxarır ki, bu həm iqtisadi həm də şəhərin estetik görünüşü baxımından yolverilməzdir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ümumilikdə avtobus dayanacaqlarını yerləşdirərkən diqqətli olmaq vacibdir: “Avtobus dayanacaqları və bunun üçün nəzərdə tutulan xüsusi ciblər hər bir böyük şəhərdə yol infrastrukturunun bir hissəsi hesab edilir. Avtobus dayanacaqlarının yerini seçmək və quraşdırmaq da özlüyündə məsuliyyətli və ciddi işdir. Çünki bu zaman həm piyadaları, həm sərnişin axınını, həm yolun hərəkət hissəsindəki daimi intensivliyi və sair elementləri nəzərə almaq lazımdır. Eyni zamanda dayanacaqlar arasındakı məsafəni də optimal seçmək vacibdir. Bakı şəhərində ümumi istifadədə olan nəqliyyat vasitəsi kimi təkcə marşrut avtobusları fəaliyyət göstərir. Qanunda göstərir ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarında hətta taksilərin nəinki sərnişin mindirməsinə, düşürməsinə də icazə yoxdur. Eyni zamanda həmin dayanacaqdan istifadəsi nəzərdə tutulmayan digər avtobusların da orada durmasına yol verilmir. Bunu edənlər üçün isə inzibati cəza nəzərdə tutulur. Lakin əksər hallarda şəhərin müxtəlif yerlərində ümumi istifadədə olan marşrut avtobuslarının duracaqlarının taksilər və digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsinə şahid oluruq. Bu da həm avtobus sürücülərinin, həm də sərnişinlərin haqlı narazılığına səbəb olur”.

Ərşad Hüseynov Yol Hərəkəti Haqqında qanunda avtobus dayanacaqlarının yanında “saxlanma yerləri” anlayışının olduğunu da əlavə etdi. Ekspertin sözlərinə görə, bir çox hallarda marşrut avtobuslarının normal hərəkətinə bu saxlama yerləri maneə olur: “Əslində, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacağına bitişik saxlanma yerlərini təşkil etmək və bunu qanuna salmaq qanunun özünə hörmətsizlikdir. Orada bir parkomat qoyaraq avtomobil sahiblərindən pul toplamaq dayanma-durma qaydalarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Əlbəttə, şəhərdə avtomobillər üçün saxlama yerlərinin olması da vacibdir. Amma bunun üçün daha optimal, yəni boş yerlər seçmək lazımdır”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev isə bildirib ki, avtobus dayanacaqlarının taksilər və digər nəqliyyat vasitələri tərəfindən tutulması halları ictimai nəqliyyatdan istifadə edən hər bir sərnişini narahat edən məsələdir: “Bu həm də bizi narahat edən bir məsələdir və Bakı Nəqliyyat Agentliyi şəhər yollarında ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün uyğun şəraitin yaradılması, sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görməkdədir. Həmçinin tərəfimizdən müvafiq infrastruktur yaradılır. Xüsusəndə yeni salınan, əsaslı təmir edilən küçə və prospektlərdə bu işə böyük diqqət göstərilir. Yəni BNA olaraq biz müvafiq qurumlarla əməkdaşlıq edərək bu işləri görürük”.

Mais Ağayev əlavə edib ki, qeyd edilən hallara yol verən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi BNA-nın səlahiyyətlərinə aid məsələ deyil: “Buna baxmayaraq biz bu cür hallara yol verən taksi sürücülərinin maarfləndirilməsi istiqamətində müəyyən işlər görürük. Mütəmadi olaraq yollarda taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparılır”. 

Qeyd edək ki, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, kimliyindən asılı olmayaraq yol hərəkət qaydalarının pozmuş bütün sürücülər inzibati məsuliyyətə cəlb edilir: “Həmçinin avtobus duracağının zəbt edilməsinə görə cərimə nəzərdə tutulub və həmin minik avtomobillərinin sürücüləri də məsuliyyətə cəlb edilir”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh