Turizm üçün əhəmiyyət kəsb edən yol tikilir - FOTO + VİDEO

Yeniliklər 29 Mart 2018 14:30 Oxunub 1250
Turizm üçün əhəmiyyət kəsb edən yol tikilir - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun bu ilin yay aylarında tikilərək istifadəyə verilməsi nəzərdə tutulub

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və yüksək keyfiyyətlə işlər davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 12 metr təşkil edəcək.

Hazırda yol boyu torpaq işləri görülür, çınqıl materialı tökülərək yeni yol yatağının inşası aparılaraq yekunlaşdırılıb. Ardınca optimal-qırmadaş və qum çınqıl qarışıqlarından ibarət normativ qalınqda yeni yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri tam olaraq bitəndən sonra isə yolun asfaltlanması işlərinə başlanılacaq ki, bu işlərin də yolun hərəkət hissəsi 7 metr nəzərə alınmaqla 170 min kv.m-dən çox ərazidə aparılması nəzərdə tutulub.

Yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burda müxtəlif təyinatlı mühəndisi qurğuların inşası işləri də aparılır. Bu, suların ötürülməsi üçün küvetlərin, müxtəlif diametrli və uzunluqları 400 paqon-metr olan 15 ədəd suötürücü dəmir-beton boruların, 2 km uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisidir. Artıq bu çərçivədə xeyli iş görülüb. Layihə üzrə yol boyu uzunluqları 7, 18 və 53 metr olan 2 ədəd 1 aşırımlı, 1 ədəd isə 3 aşırımlı avtomobil körpülərinin tikintisi işləri də yekunlaşmaq üzrədir. Bundan başqa sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.

Bundan başqa tikinti işləri çərçivəsində sonuncu mərhələdə yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 254 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin 56 km uzunluğunda üfiqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.

Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsini Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yol boyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.

Dəmirçi-Lahıc avtomobil yolunun bu ilin yay aylarında tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh