Tanıyın! - O, Azərbaycan polisidir...

Yazarlar 2 Aprel 2018 16:24 Oxunub 1253
Tanıyın! - O, Azərbaycan polisidir...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sən axı polissən, sən onu xilas edə bilərsən

Hər gün olmasa da baş verəndə hamının qanı qaralır, səbəbləri axtarılır, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir. Öz ömrünə qənim kəsilənləri, özlərindən sonra doğmalarını, əzizlərini gözüyaşlı buraxanları xilas etmək heç də həmişə mümkün olmur.  Mümkün olanda isə o yaşanan sevinci dillə deməkdə, ifadə etməkdə çoxumuz çətinlik çəkirik. Könül istərdi ki, qulağımız həmişə şad xəbərlər eşidə və intihar kəlməsi dilimizdən, şüurumuzdan birdəflik silinə. 

Səbəbləri müxtəlif olsa da sonucu ölümdür. Ölüm isə həyatın qaranlıq tərəfidir və hər birimiz ondan qorxuruq. Çünki onun o üzü görünmür və bu üzü isə yaşamaqdır, işıqdır, sonsuz göylərdir, qiyamətə qədər parlayacaq günəşdir. 

Uzunçuluq eləməyim, ancaq bunları yazmalıyam. 

Bayram ərəfəsində Xətai rayonu ərazisində intihara cəhd edən 16 yaşlı gəncin həyatını qurtaranın kimliyi bəlkə də çoxunuza maraqlı deyil. Bunu heç sizdən soruşmaq istəmirəm. Deyəcəksiniz əsas odur ki, o xilas olunub. Onu xilas edən isə həm insanlıq borcunu yerinə yetirib, həm də böyük savab qazanıb. Elə həm də böyük qəhrəmanlıq göstərib...

Əslində, onlar ən böyük qəhrəmanlıqları torpaqlarımıza erməni təcavüzü başlayanda göstərdilər və Azərbaycanın döyüş tarixinə silinməz izlər qoymağı bacardılar. Bir deyil, beş deyil, onlarla, yüzlərlə, minlərlədir. Xilaskarlıq, qəhrəmanlıq ənnəsi bu gün də davam edir. “Cəbhədən-cəbhəyə” qanad açan, amalı qorumaq, xilas etmək, dada çatmaq olan polisimizin   şərəfli tarixinə öz möhürünü vuran gənclərimizi tanıyıb sonra da sizlərə tanıtmağı özümüzə borc bilirik. Vətənimizin hər bir sərvətindən daha qiymətli olan sərvətini- insanlarını qorumaq, onların gələcəyə inamlarını möhkəmləndirmək, birliyə, bütövlüyə ruhlandırmaq bu gün vətən sevdalı paqondaşlarımızın  xidmətinin də, yaşadığı ömrün də əsas qayəsidir...

“Onu necə xilas etdin” sualıma cavab verməyə tələsmədi. Sanki həmin anları bir anlıq yenidən yaşadı.

- “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı binada mühafizəyə cəlb etmək üçün obyektə baxış keçirirdim. Qışqırığa, səs-küyə özümü çölə atdım. Gördüm ki, hamı üzünü qonşuluqdakı binanın 15-ci mərtəbəsində “Yaşamaqdan bezmişəm, mən ölmək istəyirəm”,-deyən gəncə tutub canına qıymamasını xahiş edir, onu fikrindən yayındırmaq istəyir. Bir anlıq hiss etdim ki, hər kəsin nəzərləri mənə dikilib. Tez Növbətçi hissə ilə əlaqə saxladım. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən də dəstək göndərmələrini bildirdim. Yaşlı bir qadının: “Bala, sən axı polissən, sən onu xilas edə bilərsən” sözü ağzından çıxmamış  ildirim sürəti ilə pilləkənləri çıxmağa başladım. Ancaq ürəyimdə bir qorxu, bir ümidsizlik vardı. Birdən çatmasam, birdən iş-işdən keçsə. Axı insanlar mənə ümid yeri kimi baxırdılar...

On altı yaşlı gənc 15-ci mərtəbədə qışqırıb ağlayır, valideynlərini yanına buraxmırdı. Onunla söhbətə başladım. İnandırmağa çalışdım ki, etdiyi ani bir hərəkət onu bu gözəl həyatdan, doğmalarından, əzizlərindən ya birdəfəlik ayıracaq, ya da o, ömür boyu əlil, şikəst olub yerlərdə qalacaq. Çalışırdım ki, psixoloji təsir edim. Birdən onun diqqətinin aşağıdakı insanlara yönəldiyini görüb özümdə güc tapdım və onu qucaqlayıb var gücümlə dartdım, ikimiz də eyvana yıxıldıq. Sanki, öz doğmamı, əzizimi ölümün cəngindən xilas etmişdim. Onu qucaqlayıb sevincimdən ağladım. Həmin gün xilas etdiyim o gəncin valideynləri əsl bayram sevinci yaşadılar..”...

DİN Baş Mühafizə İdarəsinin Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin Ələsgər oğlu İmanlı 1984-cü ildə Neftçalada doğulub. Bakı şəhərindəki 201 nömrəli orta məktəbi bitirib. DİN Daxili Qoşunlarda xidməti başa vurduqdan sonra 2004-cü ildə daxili işlər orqanlarına qəbul olunub. 2012-2017-ci illərdə DİN-in Polis Akademiyasında təhsil alıb. Zabit kimi ilk xidmət yeri Nərimanov Rayon Mühafizə İdarəsi olub. 

Bu gün dövlətimizin və DİN rəhbərliyinin gəncliyə olan diqqət və qayğısından,  gənclərin bilik və bacarığını, həmçinin, özlərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluğunu bildirən polis leytenantı Elvin İmanlı deyir ki, bu şücaətindən sonra Baş idarə və İdarə rəhbərliyi tərəfindən mükafatlandırılıb və ona “Təşəkkür” elan olunub...

Yeri gəlmişkən, ən böyük arzusunu da məhz elə bu gün, Aprel qələbəmizin növbəti ildönümündə sizlərlə bölüşürük: “Torpaqarımız  tezliklə düşmən tapdağından xilas olunsun, yerindən, yurdundan pələsəng olan soydaşlarımız, eləcə də bu gün Azərbaycanın bir çox rayonlarda xidmət edən qaçqın və məcburi köçkün həmkarlarımız öz dədə-baba yurdlarına qayıdıb orada xidmətlərini davam etdirsinlər. 

 

Hafiz Təmirov,

polis mayoru.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh