Sərxoş sürücülərlə bağlı reydlərdə qalmaqal - Bəzi yol polisləri qaydaları POZUR 

Yazarlar 3 Aprel 2018 16:18 Oxunub 3329
Sərxoş sürücülərlə bağlı reydlərdə qalmaqal - Bəzi yol polisləri qaydaları POZUR 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün 1 litr qanında 0,3 qram və ya daha artıq spirt olarsa, o, sərxoş sayılır

Yol polisi mütəmadi olaraq sərxoş sürücüləri müəyyən etmək üçün reydlər keçirir. Qaydalara görə, bu reydlər zamanı yol patrul xidməti əməkdaşları sürücülərin sərxoş olub-olmadığını yoxlamaq üçün alkotester cihazından istifadə etməlidirlər. Sürücü nəfəsini cihaza üfürür və spirtin miqdarı cihazın ekranında əks olunur. Amma bəzən bu proses sürücü və polis arasında mübahisələrə səbəb olur. Çünki bir çox hallarda sürücülər nəfəsini üfürmədən öncə alkotesterə yeni müştük taxılmasını tələb edirlər. Belə hallarda bir çox yol polisləri müştüyün təzə olduğunu bildirərək, onu dəyişməkdən imtina edirlər. Bəzi hallarda isə yol polisi alkotester əvəzinə öz burnunu sürücünün ağzına yaxınlaşdırıb deyir: “bir “hu” elə!”. Bu zaman onun dediyini yerinə yetirənlər də olur, həmin tələbi rədd edənlər də. Əslində proses necə olmalıdır? Polislər nəyə görə saxladıqları hər sürücünü yoxladıqda alkotesterin müştüyünü dəyişmirlər?

Məsələ ilə Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, hər bir şəxsə ayrı-ayrılıqda müştük verilməlidir, çünki bir müştükdən bir neçə nəfərin istifadəsi gigiyenik cəhətdən düzgün deyil və müəyyən infeksiyaların yaranmasına səbəb ola bilər. “Yol patrul əməkdaşı müştüyü sürücünün yanında taxmadığı üçün sürücü fikirləşə bilər ki, o müştük ondan əvvəl başqası tərəfindən istifadə olunub. Belə olanda halda sürücü yeni müştüyün onun gözünün önündə açılıb alkotestere taxılmasını tələb edə bilər. Əgər polis əməkdaşı bunu etməzsə, o zaman sürücü həmin əməkdaşdan şikayət etməlidir. Bundan başqa sürücü alkotester vasitəsi ilə müayinə olunmaqdan imtina edirsə, o halda həmin şəxs narkoloji dispanserə aparılır və həkim-narkoloq tərəfindən onun sərxoşluq vəziyyəti təyin olunur”.

Xatırladaq ki, İnzibati Xətalar Məclləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə kəsilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

Qanunvericiliyə görə, alkoqol sərxoşluğu dedikdə, qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması başa düşülür. Yəni sürücünün 1 litr qanında 0,3 qram və ya daha artıq təmiz etil spirti olarsa, o, sərxoş sayılır. 

Narkoloji sərxoşluq dedikdə isə sürücünün orqanizmində miqdarından asılı olmayaraq narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin olması başa düşülür.

 

Nazirlər Kabineti  təsdiqlədiyi "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"na əsasən, sürücünün sərxoşluğunun xüsusi cihaz vasitəsilə yoxlanılması sanitariya-gigiyena qaydalarına riayət edilməklə həyata keçirilməlidir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh