Yeni mövsümdə velosiped bazarında qiymətlər - FOTO - VIDEO

Avtobazar 5 Aprel 2018 18:32 Oxunub 18184
Yeni mövsümdə velosiped bazarında qiymətlər - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqlar üçün olan velosipedlərin qiyməti də bir o qədər ucuz deyil


Yerli velosipedlərin qiymətləri...Bu dəfə ölkənin velosiped bazarına baş çəkməyi düşündük. Elə hafta.az-ın obyektivini də paytaxtdakı velosiped satılan mağazalardan saldıq. Qiymətlərlə maraqlandıq. Satıcılardan ölkəyə daha çox hansı ölkələrdən velosipedlərin gətirildiyini soruşduq. Hissələri xaricdən gətirilən və İsmayıllıdakı velosiped zavodunda yığılan məhsulların keyfiyyəti, rəqabətə davamlı olub-olmaması haqda məlumatlar əldə etməyə çalışdıq.

Yolumuzu ilk saldığımız məkan isə yerli veloməhsulumuz olan “İsma” velosipedlərinin satıldığı mağazası oldu. Onu da deyim ki, burada həm böyüklər və həm də azyaşlılar üçün velosipedləri görmək mümkündür. Qiymətlərlə maraqlanmaq üçün satıcıya müraciət etməyə ehtiyac yoxdur. Hər məhsulun üzərində öz qiyməti yazılıb. 180 manatdan başlayan qiymətlər bəzi hallarda 1500 manatı da keçir. Uşaqlar üçün olan velosipedlərin qiyməti də bir o qədər ucuz deyil.

Satıcıya yaxınlaşırıq. Emil adlı satıcı deyir ki, yerli istehsal olan “İsma” velosiopedlərinin satışı paytaxtda üç nöqtədə təşkil edilib. Mağazalar isə ötən ilin dekabrından fəaliyyətə başlayıb. İsmayıllı Velosiped Zavodunun ilk məhsulları isə ötən ilin yayında bazara çıxarılıb. Satıcıdan yerli istehsal olan məhsulların alıcı intensivliyini soruşuruq. Deyir ki, mövsüm hələ yeni başladığından alıcı intensivliyi ilə bağlı konkret müşahidələri yoxdur:

“Mövsüm təzə başladığından intensivlik elə də çox deyil. Hər qiymətə velosipedlərimiz var. “İsma” velosipedlərinin satıldığı mağazalar hər zövqə və yaşa uyğun məsullarla təmin olunub. Böyüklər üçün olan velosipedlər 198 manatdan başlayır. Dağ və adi gəzinti velospidləri də alıcıların ixtiyarına verilib. Gəzinti velosipedlərinin qiyməti 170 manatdan başlayır. Dağ velosipedləri isə 294 manatdan başlayan qiymətlərlə alıcılara təklif olunur”.

 

Azyaşlılar üçün vilosipedlər...

Digər yollandığımız məkan isə “Sədərək” Ticarət Mərkəzindəki velosiped satış nöqtələridir. Əvvəlcə azyaşlılar üçün velosipedlərin qiymətləri ilə maraqlandıq. Satıcılar söylədilər ki, 1,5 -4 yaş arası “minik” vasitələrinin qiyməti 40-50 manatdan başlayır. 120 manata da bu yaş körpələr üçün velosipedlər alıcılara təklif olunur. Namiq Balayev adlı satıcı isə deyir ki, azyaşlılar üçün velosipedlər əsasən xaricdən gətirilir. Çin, Almaniya, Rusiya və Ukrayna istehsalı velosipedlərə təlabat daha böyükdür:

“Ukrayna istehsalı olan “Konotok” velosipedləri konfort olduğu üçün valideynlər körpələrinin rahatlığını nəzərə alıb həmin məhsula daha çox üstünlük verirlər. Çin istehsalı olan məhsulların qiymətləri nisbətən aşağı olduğu üçün aztəminatlı ailələr daha çox “made in China” brendli velosipedləri alırlar. Yerli istehsalda bu yaş dövrü üçün velosipedlərin olub-olmaması haqqında məlumatım yoxdur. Varsa da, biz bu haqda məlumatsızıq”.

Mehman adlı digər satıcı isə ibtidai sinif şagirdləri üçün velo vasitələrin qiymətlərinin 80 manatdan başladığını bildirir. Deyir ki, 6-10 yaşlı velosipedlər zövqə və ölçüyə görə dəyişir və 10-12 ölçüdə velosipedlər indi əsas velomağazalarda alıcıların ixtiyarındadır:

“Qiymətlər 80-200 manat arasında dəyişir. Təbii ki, keyfiyyət məsələsi burada əsas önəmli faktordur. “Kamersiz” velosipedlər, üstündə verilən zəruri ehtiyat hissələrinə görə qiymətlər də müxtəlifdir”.

 

Velobazarda alıcı intensivliyi necədir?

Satıcılarla söhbətimizdən məlum oldu ki, ağır qış mövsümündən fərqli olaraq yazın ilk günlərində velosiped bazarında nisbi canlanma hökm sürür. Alıcı intensivliyi isə aprel ayının ikinci həftəsindən başlayaraq oktyabrın əvvəllərinə qədər davam edir. Burada söhbət əsasən gəzinti üçün alınan velosipedlərdən gedir. Dağ velosipedləri satan şəxslər üçün isə mövsüm susqunluğu söhbəti yoxdur. Onların əsas alıcıları velosiped idmanı növü ilə məşğul olan gənclər olduğu üçün satıcılar hər ay bir-iki velosiped satdıqlarını deyirlər. Onu da bildirirlər ki, bu cür velosipedlərdə 10-15 faiz qazanc olur. Məlumat üçün deyək ki, yerli istehsalın dağ velosipedlərinin qiyməti 400 manatdan başlayır. Hətta 1800 manata qədər velosipedlərə rast gəlmək mümkündür.

Gəzinti velosipelərinin qiymətləri isə 180 manatdan 400 manata qədərdir.

Yerli yoxsa xarici velosipedlərə təlabat böyükdür?

Velosiped dükanlarından əldə etdiyimiz məlumatları ümumiləşdirəndə məlum olur ki, uşaqlar üçün velosipedlər istisna olmaqla, dağ və adi gəzinti məhsullarda hazırda bazarda hegemonluq edir. Hətta satıcılar iddia edir ki, xaricdən böyüklər üçün gəzinti və dağ velosipedlərinin gətirilməsi dörd-beş aydır ki, məhdudlaşıb. Əvvəllər isə daha çox Ukrayna və Almaniya məhsulları bazarda əsas “söz sahibi” olub. İndi isə “İsma” velosipedlərinin hökmranlığı hiss olunur. Satıcılar yerli istehsal olan velovasitələrin qiymətləri nisbətən baha olsa da, keyfiyyətinin yaxşı olduğunu deyirlər. Hətta ehtiyat hissələrinin də keyfiyyətinin ürəkaçan olduğunu bildirirlər.

Alıcıların isə bir şikayəti var...

Velosiped satış dükanlarında müşahidə apararkən alıcıların təklif edilən qiymətlərdən şikayətçi olduğunu gördük. Onlar velosipedlərin ötən illə müqayisədə qiymətlərinin xeyli yüksəldiyini deyirlər. Ruslan adlı alıcı isə satıcıların “dollar qalxıb” bəhanəsinə münasibəti isə birmənalıdır:

“İndi ki, yerli məhsullardır. Qiymətlər yenə də bahadır. Xarici məhsullar yerli məhsullarla müqayisədə ucuz idi. Rəqabət olmalıdır ki, müştəri də seçim etsin. Mən velosiped həvəskarıyam, hər il velosipedimi dəyişirəm. İşə də tıxaclara və sağlamlığıma görə velosipedlərlə gedib-gəlirəm. Bu gün də velospedlərə baxmağa gəlmişəm. Qiymətlər isə bahadır. Adamın üstündə Allah var, ehtiyat hissələri ucuzdur. Gərək ehtiyat hissələri alam. O daha ucuz başa gəlir”.

Əsas velosiped alıcıları kimdir?

Həmsöhbət olduğum velisiped satıcılarının sözlərinə görə, son bir ildir ki, ölkədə veloməhsulların əsas alıcıları müxtəlif velosiped idman klublarının üzvləri, velosipedləri kirayəyə verən şirkətlər və nisbətən yaşlı nəslin nümayəndələri olan gəzinti həvəskarlarıdır. Mövsümün məhsuldar vaxtında mağaza sahibləri orta hesabla ayda 6-7 velosiped satdıqlarını deyirlər. Ehtiyat hissələri bazarı isə heç vaxt mövsüm tanımayıb.

 

Diqqətli olun, təzə adıyla köhnəni...

Velosiped satılan dükanları dolaşarkən satıcının Almaniya istehsalı olan bir velosipedi satışa çıxardığını gördük. Qiymətini soruşduq, 170 manat dedi. “28” ölçülü velosiped idi. Velosipedin sükan və sep qatarı hissəsində rənglərinin erroziyaya uğradığını, təkərlərinin toz-torpaq olduğunu gördük. Satıcı yeniyetmə idi. Bunun “ikinci əl” məhsul olub-olmadığını soruşduq. Satıcı israrla təzə olduğunu söylədi. Rənglərin ovxalanaraq töküldüyü hissələri göstərdik. Boynuna aldı ki, təzə adı ilə satışa çıxardığı Almaniya istehsalı olan velosipedlə işdən evə, evdən işə gedib-gəlir. Sonra isə kerosinlə velosipedin nəzərə çarpan yerlərini “parıldadır”.

Biz də öz növbəmizdə satıcılara bu məsələdə diqqətli olmağı tövsiyyə edirik.

 

Yolunuz yüngül olsun, oxucular. Tıxacdan qurtulmaq üçün minik vasitənizi dəyişmək üçün üz tutduğunuz velosiped mağazalarında ucuz qiymət, keyfiyyətli məhsulun qarşınıza çıxması diləyi ilə...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh